Ana Sayfa > Karusel / Müsahibə > Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə19-05-2022, 15:54. Yazar: Admin |
Bu gün Azərbaycan və Türkiyə ictimai xadimi,siyasətçisi, jurnalist, pedaqoq,yazıçı, türkoloq və liberal kamalizmin banisi Əhməd bəy Ağaoğlunun ölümündən 83 il keçir. Onu nahaq yerə tarixçi Aydın Balayev öz əsərində "türkçülüyün patriarxı" adlandırmayıb. Ağaoğlu bütün vücudu ilə türkçü, türk mədəniyyəti və ideyalarının daşıyıcısı idi. Ağaoğlu Şuşada anadan olub. Orada yaşayıb, daha sonra Fransaya oxumağa gedib, yenə Azərbaycana qayıdıb, ömrünün son günlərini isə Türkiyədə keçirib. Böyük Atatürkün ideoloqu və silahdaşı olan Əhməd bəy Ağaoğlu İstanbulda dəfn olunub. Şuşaya son səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bütün türk aləminin əslən şuşalı olan Əhməd bəy Ağaoğlu ilə qürur duyduğunu demişdi. Bu gün, Ağaoğlunun vəfatının 83-cü ildönümündə əslən Şuşadan olan ziyalı, şair-publisist Kərim Kərimli ilə söhbətə məhz Əhməd bəyi yad edərək başladıq:
- Bu gün məşhur şuşalı , ictimai siyasi xadim Əhməd bəy Ağaoğlunun ölüm günüdür. Bir şuşalı kimi necə düşünürsüz müasir dövrümüzdə Əhməd bəy Ağaoğluya layiqincə qiymət verilibmi?
- Bəzi tədqiqatları və nəşrləri çıxmaq şərtilə Əhməd bəy Ağaoğlu nə lazım olan səviyyədə tədqiq edilib, nə də layiq olduğu qiyməti alıb. 1988-ci il Azərbaycana qarşı erməni təcavüzü başlayana qədər onun həyatını bizdən gizli saxlayırdılar. Haqqında məqalələr dərc olunmurdu, verlişlər hazırlanmırdı. Azərbaycan xalqının böyük əksəriyyətinə onun taleyi barəsində heç nə məlum deyildi. Azərbaycan müstəqillik yoluna qədəm qoyandan sonra müstəqilliyin əsgərləri, generalları olmuş adamların həyatı və fəaliyyəti haqqında məlumatlar öyrənilməyə başladı. O zamanlar mən Şuşada idim. 1988-ci ilin əvvəllərində Ağaoğlunun məqalələri çıxmış müxtəlif jurnallar Türkiyədə dərc olunurdu. Surətini çıxarıb bizə gətirirdilər. - Ağaoğlu Atatürkün silahdaşı olub və tarixçilərin təbirincə desək Türkiyədə respublika üsul idarəsininn yaradılması, Türkiyəni Avropaya inteqrasiya etməsi ideyasının da daşıyıcısı elə o imiş. Sizcə nədən bu mütəfəkkirin Şuşada ev muzeyi yaradılmayıb? - Ağaoğlu hər iki dövlətin çox görkəmli nümayəndəsi hesab olunur. Həm Azərbaycan, həm də Türkiyənin yaradılmasında müstəsna xidmətləri var. Sovet höküməti dövründə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış şəxsiyyətlərin haqqında bütün həqiqətlər gizlədilirdi və millətə onlar mənfi personajlar kimi göstərilirdi. Hətta Rəsulzadənin özü belə filmlərdə, bədii əsərlərdə Azərbaycan xalqına Azərbaycana qarşı qəsd etmiş adam kimi təqdim olunur. Azərbaycan müstəqillik qazanandan az sonra Şuşa işğal olunduğuna görə Əhməd bəyin ev muzeyinin yaradılması mümkün ola bilməzdi. Bu gün Şuşa işğaldan azad olunub. Bu istiqamətdə Şuşada çoxsaylı addımlar atılır. Şuşada evləri olan dahi şəxsiyyətlərin muzeylərinin yaradılması istiqamətində işlər görülür. Misal üçün Mehmandorovların malikanəsi, Üzeyir Hacıbəyovun, Xan Şuşinskinin muzeylərinin bərpa olunması barəsində söhbət gedir. Ümid edirəm ki, Ağaoğlunun da ev muzeyinin yaradılması mümkün olacaq. Ağaoğlu oxumağa gedənə qədər Şuşada yaşayıb. Yəqin ki, bu istiqamətdə addımlar atılacaq.
- Amma indi də Ağaoğlunun ev muzeyinin yaradılması məsələsi gündəmdə deyil. Bir şuşalı kimi bu Sizi narahat edirmi?
- Siz hardan bilirsiniz ki, gündəmdə deyil? - Bizdə olan məlumata görə, Şuşada bir ümumi muzey açıb içində Ağaoğlunun bir pavilyonunu düzəltmək planlaşdırılır.
- Prinsip etibarilə o da mümkün ola bilər. Yadımdadır ki, Şuşadakı Gövhər Ağa Məscidi Tarix Diyarşünaslıq kimi fəaliyyət göstərib.Ümumi bir muzey idi. Həmin muzeydə Şuşanın keçmişinə aid bütün eksponatlar nümayiş etdirilirdi. Amma mən inanmıram ki, Xurşidbanu Natəvanla Ağaoğlunun ev muzeyi eyni olsun. Ona görə ki, tamamilə fərqli adamlardır. Fərqli dövrlərdə yaşamış, həyat qayələri tamamilə ayrı-ayrı olan insanlardır. İkincisi ona görə inanmıram ki, Şuşada o qədər cahan-şumur şəxsiyyətlər doğulub. Onların hamısını bir muzeyə sığışdırmaq mümkün deyil. Ağaoğlu, Hacıbəyov, Natəvan, Şuşinski, Molla Pənah Vaqif, Qasım bəy Zakir və digərləri kimi şəxsiyyətləri bir muzeyə necə yerləşdirmək olar? Şuşada Əhməd bəyin adına layiq muzey yaradılmalıdır. - Şuşa ilə bağlı yadınızda qalan ən maraqlı hadisəni necə xatırlayırsız? - 1989-cu illərin sonlarında ermənilər bizdən 4 polis işçisini girov götürmüşdü. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovun qardaşı idi. Polislərin azad olunması üçün uzun müddət mübarizə aparmışıq. Dağlıq Qarabağ Muxtar vilayətinin hərbi komendantı general mayor Kasalapov adlı bir rus zabiti var idi. O bizə sifariş göndərmişdi ki, həmin 4 polisin azad olunması üçün Şuşadakı ictimai-siyasi fəallardan, rəhbərlərdən biri gəlsin və biz onu 4 polisə dəyişə bilək. O zaman təxminən 20-30 nəfər icranın binasında toplaşdıq. Üç nəfər könüllü getməyə razılıq verdi.Birincisi mən, ikinci polis baş leytenantı Şünasi Babayev, digər isə Nazim Quliyev idi. Maşına minəndə bildirdilər ki, bir nəfər düşməlidir. Biz təkidlə Şünasini maşından düşürdük. Maşınımız Xankəndinə kimi getdi və məni orada ermənilərə təhvil verdilər. Hətta mənə gülürdülər ki, siz doğurdan bizimlə gedəcəksiniz?! Yolda bir də baxdım ki, məni təhvil verdikləri maşın Xankəndindən Şuşaya doğru qayıdır. Sonra məlum oldu ki, erməni general şərtləri dəyişib. Məni geri qaytarıb buraxdılar. Həmin polislər indi sağdılar. Arabir onlarla görüşürük.
- Şuşada dərs demək təklifi alsanız gedərsinizmi? Ümumiyyətlə bir şuşalı kimi ora köçməklə bağlı nə kimi planlarınız var? - Şuşada yaşadığım dövrdə və Şuşanın işğalından sonrakı müxtəlif dövrlərdə rəsmi dövlət vəzifələrində, həm də öz fəaliyyətim olub. Şuşanın "Qarabağ" qəzetinin xüsusi müxbiri işləmişəm. İki il fasiləsiz cəbhənin ən qaynar nöqtələrindən təmənnasız olaraq Bakıda fəaliyyət göstərən televiziyalara xəbərlər ötürmüşəm. Şuşada olarakən son günlərə qədər mətbəəmiz fəaliyyət göstərib.Ölkədə yeganə mətbəə olub ki, göydən bomba düşə-düşə işləyib. Daha sonra Bakıda "Şuşa" qəzetinin üç il baş redaktoru olmuşam. Şuşa icra başçısının müavini vəzifəsində çalışmışam. Həm də bir müddət Gənclər İdarəsinin rəisi olmuşam. Düşünürəm Şuşaya qayıtdıqdan sonra bu fəaliyyət sahələrinin hər hansı biri ilə məşğul ola bilərəm. Bir sözlə Şuşa üçün hər şey edə bilərəm. - Bülbülün ev muzeyi bərpa olunub. Natəvanın, Üzeyir Hacıbəyovun ev muzeyi hələ də dağılmış durumdadır. Sizcə buna səbəb nədir? - Belə düşünmək olar ki, Bülbülün Polad Bülbüloğlu kimi oğlu var atasının muzeyini bərpa edib, amma o dövrlərdə Bülbülün evində keçirilən yubileyləri, tədbirləri Azərbaycan höküməti edirdi. Hacıbəyovun Polad kimi övladı yoxdur amma əvəzində milyonlarla Polad Bülbüloğlu kimi övladı var. Natəvana da eyni sözləri aid etmək olar. O böyük bir xeyriyyəçi qadın olub. Şuşada saysız xeyriyyə işləri ilə məşğul olub. Polad Bülbüloğlu maliyyə xərcini çəkib bir az qabağa düşüb. Bir az gec bir az tez digər şəxslərin də muzeyləri açılacaq. - Siz həm də yazıçısınız. Bu yaxınlarda Mirşahin efirlərinin birində yazıçılara ,yaradıcı adamlara müraciət edərək bildirdi ki, Qarabağ azad olunandan sonra ortaya bir əsər qoya bilməyiblər. Bunudamı prezident yazmalıdır. Bu fikirlərə münasibətiniz maraqlı olar? Məsələn siz Şuşa azad olunandan sonra hansısa bir əsər yazmısınızmı? - Qarabağa həsr olunan 50-yə yaxın şeirim var. 44 günlük müharibəyə həsr olunan "44 fəsil” adlı kitabım da dərc olunub. Mirşahinlə müəyyən qədər razılaşmaq olar. Qarabağ mövzusu işğal dövründə və kino sahəsində axsayıb. Kitablarımız isə ancaq Azərbaycan dilində çap olunur. Dünyaya tanıtmaq üçün əsərlərimizi başqa dillərdə çap etməliyik. Ermənilər həmişə Qarabağın işğalı dövründə film şəkmək məsələsində bizi qabaqlayıb. Heç kim yazmayıb demək doğru olmaz. Son zamanlar Azərbaycan ədəbiyyatında bu sahədə irəliləyişlər hiss olunur. - Azad olunmasına baxmayaraq biz hələ də Şuşaya evini görməyən adamların etirazları ilə qarşılaşırıq. Narazılıq ifadə edirlər ki, başqaları dəfələrlə gedir amma onlar bir dəfə də olsun gedə bilmir. Sizcə bu necə sistemləşdirilməlidir ki, bu cür narazılıqlar olmasın. - Bu mövzuda bir neçə dəfə təklif vermişəm. Bu təkliflərdən hansınısa reallaşdırıblar və heç adımı çəkməyiblər. Halal xoşları olsun. Etirazım yoxdur. Məqsədimiz məsələnin baş tutmasıdır. Səfərlərə gəlincə mənim fikrimcə "Yolumuz Qarabaga" saytından bilet alaraq Şuşaya getmək çox yaxşı haldır. Amma şuşalılara ayrı yer verilməlidir. Çünki Azərbaycan əhalisi çoxdur. İndi Şuşaya getmək istəyənlərin sayı hesabı yoxdur. O vaxt yalvarırdıq gəlmirdilər. Dəfələrlə müraciətlər yazmışdıq. Mənim direktor olduğum mətbəədə "Şuşa" qəzetinin qanundankənar tirajlarını çap edirdik. 2 min əvəzinə 5 min tiraj çap edirdik. Düşüb rayon-rayon paylayırdıq ki, gəlin bizə kömək edin. Az qism könüllülərdən başqa heç kim gəlmirdi. Başda Zeynəb Xanlarova olmaqla bütün sənət adamlarına "Qarabağ" və "Şuşa" qəzetində açıq müraciət etmişəm ki, gəlib Şuşada konsert versinlər. Muğam ustası Zahid Quliyev və Mələkxanm Eyyubovadan başqa heç kim gəlmədi. Ermənilərə isə dəstək olmaq üçün dünyanın başqa yerlərindən konsert verməyə gəlirdilər. İndi Şuşa azaddır deyə ora maraq da çoxdur. Bunu nəzərə alıb yerli vətəndaşlarla gəzməyə gedənlərin durumunu diqqətdə saxlamalıdırlar. Ümumiyyətlə isə Şuşa camaatını ən tez zamanda evinə qaytarmaq lazımdır. Oranın bərpasında, qurucululuğunda da şuşalıların potensialından istifadə etmək ən doğru addım olar. - Siz Şuşadan ən son çıxan ziyalı olmusuz. Bu barədə danışa bilərsinizmi? Düşmən hücumuna məruz qalan Şuşa necə görünürdü? - Həmin gün şəhərdə idim. Şuşanın icra başçısı Nizami Bəhmənov bir həftədən çox idi ki şəhəri tərk etmişdi. Harasa getmişdi. Mayın 7-si qayıtdı. Camaat xəbər gözləyirdi. Şuşanın işğalı gözlənilirdi. Başçı bir saat söhbət etdi və otağına getdi. Mən də işimi görmək üçün mətbəəyə qayıtdım. Gecə 01.20-də Şuşaya hücum başladı. Səhər 6-da isə canlı hücumların şahidi olduq. Şəhər od-alov içində idi. Azərbaycan höküməti tərəfindən şəhərin müdafiə olunmadığını biləndən sonra şəhəri tərk etməyə başladıq. Şuşadan çıxanda ən sonuncu rəsmi bayrağı mən çıxartdım. Bir gün Şuşaya qayıdanda o bayrağı yenidən özümlə Şuşaya qaytaracağam.
- Məcburi köçkünlərin qayıdış proqramı hazırlanır. Sizcə bu necə tənzimlənməlidir. Məsələn 30 ildən artıq Bakıda yaşamış, burada həyatını, işini quran insanların taleyi necə olacaq? - Biz həyatda illərlə yaratdığını bir gündə itirən insanlar gördük. 30 il nə zamandır ki, indi də qayıtmamaq üçün əsas göstərək. Hesab edirəm ki, kim haradan çıxıbsa ora da qaytarılsın. Hətta təklif edirəm ki, ən azı 36 ay onların olduğu yerdən çıxmasına icazə verilməsin. Evlə işlə təmin olunsunlar və getmək üçün əsas qalmasın. Əhalinin möhkəmlənməsi üçün bu çox vacib addım olar. Hazırda bizə təqdim olunan konsepsiya könüllülük əsasındadır. Kim istəsə o qayıda bilər. İnsanlar özləri qayıtmağı borc bilməldir. Məcburi köçkün əhalini yaradıcılıq, quruculuq, bərpa işlərinə cəlb etmək lazımdır. - Qarabağ zonasından olan bir neçə gəncdən qayıdacaqsızmı sualını verəndə yox cavabı eşitmişəm. Səbəb kimi orada istədikləri işi tapa bilməyəcəklərini əsas gətiriblər. Sizcə gənclərin ora cəlb olunması üçün nə etmək lazımdır? - Bəzən 100 səbəbin 101 bəhanəsi olur. Qarabağda yaşamamaq üçün səbəb gətirənlər əslində bəhanə irəli sürür. Əgər əhalini ora hökümət köçürürsə deməli lazım olan hər şeylə təmin olunacaqlar. Orada xəstəxanalar, məktəblər, bağçalar və digər xidmət sahələri açılacaq. Bir sözlə Bakıda hansı işlə məşğul olurlarsa eyni işlə Qarabağda da məşğul olmaq mümkün olacaq. Stimullaşdırıcı addımlar olaraq isə əhali vergidən azad oluna bilər, faizsiz və ya uzunmüddətli kreditlər verilə bilər. - Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olacaq. Sizcə bu nə qədər real görünür. Vətəndaş olacaqsa deməli gələcəkdə oğlan əhalisi həm də Azərbaycan Ordusunda xidmət etməlidir. Bu nə qədər real görünür? - Əgər Qarabağda ermənilər yaşayacaqsa deməli onlar Azərbayan vətəndaşlığını qəbul edəcəklər. Dünyanın bir çox yerindən gələn vətəndaşlar bizim vətəndaşlığı qəbul edir, ordumuzda xidmət edir. Nəticədə dövlətin vətəndaş qarşısında hüquqlarını qorumaq üçün öhdəliyi yaranır. Eləcə də ermənilər bu qaydada yaşamağa məcbur olacaqlar. Birdə cinayətkarla adi vətəndaşın fərqi var. Cinayətkara qarşı hər zaman hüquq çərçivəsində tədbir görülməlidir. Artıq sülh barəsində danışıb o istiqamətdə işlər görmək lazımdır. İki qonşu kimi dinc yaşamağı seçməliyik.(anews.az) Geri dön |