- Son zamanlar istər Rusiya siyasi elitasında, istərsə də birbaşa prezident Vladimir Putinin çıxışlarında hiss olunur ki, Rusiyanın siyasi ritorikası zəifləyib və əvvəlki yüksək pafoslu çıxışlar daha görünmür. Sizcə, buna səbəb nədir?
- Əvvəla, bir çıxışdan belə nəticə çıxarmaq hesab edirəm ki, düzgün olmaz. Yəni hələlik bəzi məsələlərdə biz görürük ki, Ukrayna tərəfinə təzyiq davam etdirilir. Mariupol artıq tam şəkildə Rusiyanın nəzarətinə keçir, istisna olunmur ki, hücumlar davam edəcək.
“Ritorika nəyə görə artıq daha yumuşaq şəkildədir” sualına gəldikdə isə bunun cavabı çox sadədir. Ona görə ki, bu prosesi dayandırmaq mümkün deyil. Həm Finlandiyanın, həm də İsveçin NATO yönümlü çıxışları da buna bir səbəbdir. Ümumiyyətlə, İsveçin hər zaman üzdə olmasa da, NATO ilə ciddi şəkildə koordinasiyası var. Ona nisbətən bir az zəif olsa da, Finlandiya da çalışırdı ki, bu məsələlərdə balans saxlasın. Çünki onun geniş şəkildə həm Rusiya ilə hərbi-müdafiə sahəsində əlaqələri var, həm də Qərblə. Yəni balanslaşdırılmış siyasət aparır.
İndi bu tendensiya göstərir ki, Rusiya zəifləyərkən Qərb yönümlü meyllər bu ölkələrdə daha da üstünlük təşkil edir. Bu prosesin qarşısını almaq mümkün deyil. Bu baxımdan, formal üzvlük bəlkə də bir müddət mümkün olmayacaq. Amma sonra qeyri-formal əlaqələr, de-fakto üzvlülük prosesi daha da güclənəcək.
- Belə bir bir ehtimal var ki, Ukrayna indiki məqamda bir az yumuşaq davransa, Rusiya geri çəkilə bilər. Burada əsas kompromis nə ola bilər ki, tərəflər mühairbədən sonra məğlubiyyət sindromunda olmasın və nəyisə öz xalqına qələbə kimi təqdim edə bilsin?
- Məncə, tərəflərin bu və ya digər şəkildə psixoloji durumları müzakirə obyekti olmamalıdır. Daha doğrusu, psixoloji durumları yox. Burada bir sual yaranır ki, Rusiya və Ukrayna rəhbərliyi öz əhalilərinə baş verən hadisələri hansı şəkildə təqdim edəcək? Təbii ki, hər ikisi istəyəcək ki, bunu hər hansı bir qələbə kimi təqdim etsin. Amma biz reallığı görməliyik. Reallıq da ondan ibarətdir ki, mən inanmıram ki, Ukrayna ordusu Qərbin köməyi ilə Rusiya üzərində hərbi üstünlüyü əldə etsin.
O biri tərəfdən də, hərbi əməliyyatlar onu göstərir ki, Rusiya da tam şəkildə ilk günlərdə bəyan etdiyi məqsədlərə nail olmaqda çətinlik çəkir. Yəni yavaş-yavaş həmin hərbi nisbət yaranır. Hərbi nisbət də onu göstərir ki, nə Ukraynanın, nə də Rusiyanın öz məqsələrinə çatması üçün hərbi imkanları yoxdur. Deməli, hansısa mərhələdə atəşkəs rejimi, ya da formal olaraq hansısa kağıza qol çəkmə prosesi olacaq, eləcə də hərbi əməliyyatların və qüvvələrin öz mövqelərində dayanması prosesi uzanacaq. Mən belə variantı istisna etmirəm.
Misal üçün, düşünürəm ki, atəşkəs rejiminin əldə olunması sadəcə texniki bir saziş olacaq. Yəni onun içərisində heç bir siyasi mövzular qeyd olunmayacaq. Burada Krımın gələcəyi, ya da Donbassdakı separatçı qurumların gələcək perspektivdəki statusu və s. inanmıram olsun. Bəlkə beynəlxalq vasitəçilərin cəlb olunmasıyla danışıqlara çağırış olacaq, amma bundan artıq hər hansı bir siyasi məsələnin qeyd olunacağını düşünmürəm.