Ana Sayfa > Karusel / Siyasət > Aİ səfiri: "Azərbaycanla ticarət dövriyyəsinin həcmi artır"
Aİ səfiri: "Azərbaycanla ticarət dövriyyəsinin həcmi artır"17-05-2022, 10:55. Yazar: Admin |
2021-ci ildə Aİ-Azərbaycan arasında ticarət dövriyyəsi 15.4 milyard dollar olub ki, bu da Azərbaycanın xarici ticarətində 44 faiz yer tutur. Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Aİ-Azərbaycan Biznes Forumunda çıxışında deyib. Aİ diplomatı bildirib ki, bu, yeddinci Aİ-Azərbaycan Biznes Forumdur və bu forum çərçivəsində hesabat təqdim olunacaq. Səfir deyib ki, Azərbaycan regionda COVID 19-la mübarizədə ən uğurlu ölkədir və bu, həm yerli səviyyədə, həm qlobal səviyyədə təqdir olunub: “Bizim əməkdaşlığımız iqtisadi səviyyədə inkişaf etməkdədir. Ticarət dövriyyəsi pandemiyadan əvvəlki vəziyyətinə dönür və hətta daha da artır. 2021-ci ildə ticarət dövriyyəsi 15.4 milyard dollar səviyyəsinə qalxıb. Bu, Azərbaycanın xarici ticarətində 44 faiz yeri tutur. Çox sayda Avropa şirkətləri Azərbaycana maraq ifadə ediblər”. Diplomat deyib ki, Aİ Cənubi Qafqazda sülh prosesinə töhfə verməklə regionda dayanıqlı sülh istəyir və bu sahədə səylər göstərir: “Azərbaycanda minatəmizləmə, yenidənqurma layihələrində iştirak üçün Avropa təşkilatları maraqlarını ifadə edirlər, tenderlər vasitəsilə burada iştirak etmək istəyirlər”. Səfir qeyd edib ki, Aİ-nin İqtisadi İnkişaf və İnvestisiya Planı əməkdaşlıq üçün əla imkanlar vəd edir: “Aİ Azərbaycandakı layihələrə 2 milyard dollar ayırıb və flaqman layihələr elan edib. Avropa İttifaqı və üzv ölkələr Azərbaycanla əməkdaşlıqda prioritet sahələr müəyyənləşdirir. Bura ictimai səhiyyə, insan kapitalının artırılması, yaşıl iqtisadiyyat və s. daxildir Aİ həm də Azərbaycana iqtisadiyyatını diversifikasiya etməyə kömək edir. Tvinninq kimi layihələrlə Azərbaycana kömək etməyə, kənd yerlərinin inkişafı, ağıllı kənd və şəhər layihələrində dəstəyə hazırıq”. Enerji sektorunda əməkdaşlığa toxunan Mixalko Aİ-nin Azərbaycanda biznes mühitinin inkişafında hər zaman maraqlı olduğunu vurğulayıb.(Apa) Geri dön |