Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb16-05-2022, 18:23. Yazar: Admin |
16 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb. XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov, Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək, təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd edib. Xüsusilə də “İƏT Baxışı – 2025” sənədinin və burada müəyyən edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də yüksək önəm kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Cari 2022-ci ilin İƏT-də “nəqliyyat - bağlantı ili” kimi qeyd edildiyi və bu xüsusda, Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib. Baş katib Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Baş katib, həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək, bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm də tranzit mərkəzi kimi rolunu xüsusilə vurğulayıb. Görüşdə tərəflər, İƏT ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə fikir mübadiləsi aparıblar, o cümlədən Azərbaycanın ev sahibliyi edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar. Yaxın günlərdə, İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi qeyd edilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Geri dön |