Ana Sayfa > Karusel / Dünya > Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının məlumat verməməsinə görə cinayət məsuliyyəti ləğv edilir
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının məlumat verməməsinə görə cinayət məsuliyyəti ləğv edilir14-04-2020, 14:53. Yazar: Admin |
“Vaxtilə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları bu barədə aidiyyəti qurumlara məlumat vermirdilər və bu zərurətdən Cinayət Məcəlləsinə 318-2-ci maddə daxil edilmişdi”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib. K. Cəfərov deyib ki, həmin vaxt məqsəd vətəndaşları daha məsuliyyətli etmək idi: “Hazırda müvafiq müraciət formaları var və cari təcrübə göstərir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bu barədə vaxtında Miqrasiya Xidmətinə və Xarici İşlər Nazirliyinə məlumat təqdim edirlər. Bununla əlaqədar olaraq, qeyd edilən məsələ ilə bağlı sərt tədbirlərin görülməsinə ehtiyac qalmamışdır”. Qeyd edək ki, Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılıb. Aprelin 17-də Milli Məclisdə müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan 318-2-ci maddəsinin dekriminallaşdırılması, bu maddənin Cinayət Məcəlləsindən çıxarılması nəzərdə tutulur. Bununla əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə də xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməməsinə görə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımasına dair cümlənin çıxarılması nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanı ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə bir sıra məsələlər əksini tapıb. Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanması tapşırılıb. APA
Geri dön |