Ana Sayfa > Karusel / Gündəm > Pandemiyaya görə Bakıya qaranquş və şanapipik gəlmir
Pandemiyaya görə Bakıya qaranquş və şanapipik gəlmir12-05-2022, 14:17. Yazar: Admin |
Son iki ildə Bakıya baharın müjdəçisi olan qaranquşlar gəlmir. Qarabaginfo.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Tahir Kərimov bildirib. Tahir Kərimov deyib ki, son iki ildə qaranquşların Bakı şəhərinə gəlməməsinin əsas səbəbi pandemiya zamanı aparılan dərmanlamalardır. Məsələ ondadır ki, qaranquşlar əsasən ağcaqanadlarla qidalanan quşlardır, son illərdə isə paytaxtda demək olar ağcaqanadlar tamamilə yoxa çıxıb: “Son iki ildə koronavirus pandemiyası ilə bağlı Bakıda mütəmadi olaraq dərmanlama işləri aparılıb. Buna görə də Bakıda demək olar ki, ağcaqanadların kökü kəsilib. Quşların yaşayışı üçün əsas faktorlar yem mənbəyidir, pandemiya dövrünə də dərmanlama işlərinin aparılması bu quşların dar qida arsenalını məhv etdi. Bu quşların qidalandığı ağcaqanadlar yoxdursa, deməli, o yerdə qaranquşlar da yoxdur”. Bioloq qaranquşların Bakıya gəlməməsinin digər səbəbinin isə iqlim dəyişikliyi ilə əlaqədar ola biləcəyini deyib: “Hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox quş növlərinin yaşayış arealı şimala çəkilib. Güclü istiləşmə səbəbindən Azərbaycanda da bir neçə quş növü itirilmək üzrədir”. Tahir Kərimov qeyd edib ki, pandemiya ilə bağlı aparılan dərmanlamaya görə qaranquşlarla yanaşı, şanapipiklər də Bakıya gəlmir. AMEA üzvü onu da əlavə edib ki, Azərbaycanın digər şəhər və rayonlarında da qaranquşların sayı azalsa da, bu il hansı ərazilərə gəlib-gəlmədikləri ilə bağlı hələ ki, monitorinq aparılmayıb. Geri dön |