Ana Sayfa > Karusel / Region > Avropa Bankı "Qaradağ" GES-in inşası üçün 51 mln. dollarlıq krediti təsdiqləyib

Avropa Bankı "Qaradağ" GES-in inşası üçün 51 mln. dollarlıq krediti təsdiqləyib


12-05-2022, 10:05. Yazar: Admin

Avropa Bankı "Qaradağ" GES-in inşası üçün 51 mln. dollarlıq krediti təsdiqləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 mln. ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayrılmasını təsdiq edib.

Qarabaginfo.az AYİB-ə istinadən verdiyi məlumata görə, ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edir. BƏƏ-nin "Masdar" şirkəti isə layihənin sponsoru olacaq.Qeyd edək ki, bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.

Xatırladaq ki, ümumi dəyəri 240 mln. dollar göstərilən "Qaradağ" GES-də istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısı alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.

Bu ilin aprelin sonuna AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 33 layihə üzrə 823 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu günədək isə bank Azərbaycana 181 layihə üzrə 3,390 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,1%-i (2,917 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.


Geri dön