Ana Sayfa > Karusel / Sosial > Rüşvəti gəliri yüksək olan həkimlər alırdı – Maaş artsa da, “şirinlik” qalacaq 

Rüşvəti gəliri yüksək olan həkimlər alırdı – Maaş artsa da, “şirinlik” qalacaq 


6-05-2022, 10:05. Yazar: Admin

Azərbaycanda həkimlərin maaşı artırılır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.

 

İllərdir ölkəmizdə tibbi xidmət sahəsində neqativ halların müşahidə edilməsi həkimlərin, tibb işçilərinin əmək haqlarının az olması ilə əlaqələndirilir. Bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiq eidlməsinə baxmayaraq, hələ də bu kimi xoşagəlməz hallar yaşanmaqdadır. Müayinədən sonra hələ də "bəs məni görmürsən?" deyən həkimlərimiz var.

 

Maaş artımından sonra bu kimi hallar aradan qalxacaqmı? Yoxsa, bu "vərdiş"i tərgitmək çox zaman alacaq?

 

Qarabaginfo.az xəbər verir ki, həkimlərin, tibb işçilərinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlər haqqında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a danışıb.

 

Komitə sədri bilidirib ki, icbari tibbi sığorta ölkəmizdə oturuşduqca istər tibbi xidmətin keyfiyyəti, istərsə də vətəndaşların tibbi xidmətə əlçatanlığı yaxşılaşacaq.

 

 

M.Quliyevin sözlərinə görə, tibb sahəsində olan bəzi neqativ hallar aradan qalxacaq:

 

"Tibbi işçilərinin də əməyinin stimullaşdırılması üçün atılan addımlar imkan verəcək ki, onlar bilik və bacarıqlarını artıraraq sağlam rəqabət aparıb, öz layiqli əməyinin haqqını, qiymətini alsınlar. Düzdür, icbari tibbi sığorta fəaliyyətə başlayan zaman koronavirus pandemiyası ilə üst-üstə düşdü. İl yarım ərzində tibb işçilərimiz ağır stress altında işlədilər. Koronavirus pandemiyası sona yetməkdədir. İcbari tibbi sığorta da ölkə ərazisində tam tətbiq olunur və getdikcə də xidmət paketləri artır, xidmət haqlarının da məbləği artır. Həkimlərin də əmək haqları vahid cədvəl üzrə və gördükləri işə görə bonuslarla artırılır. Bunlar stimul verəcək ki, həkimlərimiz daha keyfiyyətlə işləsinlər. Əmək haqlarının artırılması ilə yanaşı, onların bilik və bacarıqlarının da artırılması üçün lazimi tədbirlər görülməlidir. Onların sertifikasiya imtahanlarından öncə mütləq kurslar təşkil olunmalıdır. Həm ölkə daxilində, həm də ölkə xaricindəki konfranslara dəvət olunmalıdırlar. Azərbaycan səhiyyəsinin yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür potensialı var, maddi-texniki bazamız var, kadr potensialı kifayət qədərdir. İcbari tibbi sığortanın büdcəsi getdikcə daha da zənginləşir. Düşünürəm ki, yaxın gələcəkdə çox güclü səhiyyəmiz olacaq".

 

Komitə sədri bildirib ki, dövlət sektorunda çalışan tibb işçilərinə güzəştli şərtlərlə ipoteka ilə evlərin verilməsi məsələsinə baxılır:

 

“Düşünürəm ki, dövlət sektorunda deyil, həm də özəl sektorda çalışan tibb işçilərinə bu imkanlar yaradılmalıdır. Bu da onların həm əməyinə göstərilən diqqətdir, həm də sosial yüklərinin azalmasına gətirib çıxaracaq. Bütövlükdə tibb işçilərinin əmək haqqının artırılmasını müsbət addım kimi qiymətləndirirəm və hesab edirəm ki, bu, dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısının növbəti ifadəsidir".

 

 

Parlamentarinin fikrincə, maaşların artırılması illərdir Azərbaycanda həkimlərlə bağlı olan neqativ halların-rüşvət, şirinlik məsələsinin aradan qalxmasına zəmin yaradacaq:

 

“Ancaq bu, məsələnin tam həllinin tapılması demək deyil. Sovet dönəmində də, sonrakı müstəqillik illərində də çox qazanan həkimlərin hamısı çox daha rüşvət alırdı. Kompleks mexanizmlər işləməlidir. İcbari tibbi sığortanın üstünlüyündən biri də odur ki, insanlar əməyinə görə bonuslar alacaq. O pul rüşvət şəklində deyil, xidmətə göstərilən əlavə ödəniş olacaq. İctimai nəzarət də güclü olmalıdır. Bizim vətəndaşların da psixologiyasında dəyişiklik aparılmalıdır ki, ödənişi əvvəlcədən əmək haqqınızdan sığorta şəklində ödəmisiz, təzədən ikinci dəfə ödəniş verməyin mənası yoxdu. Korrupsiya əməlləri qeyri-qanuni xidmətlərdən ötrü görülürdü, saxta bülleten verilirdi, saxta əlillik düzəldilirdi və ya hansısa diaqnoz şişirdilirdi. Bu neqativ hallar da gün keçdikcə aradan qalxır, elektron hökümət çərçivəsində nəzarət mexanizmləri artır. Sağlam münasibətləri qurmağa doğru getməliyik".


Geri dön