Ana Sayfa > Karusel / Gündəm > Lavrov, Hitler və Zelenski – İsrailə atılan “erməni bombası” Rusiyaya “dəydi” - TƏHLİL

Lavrov, Hitler və Zelenski – İsrailə atılan “erməni bombası” Rusiyaya “dəydi” - TƏHLİL


5-05-2022, 10:25. Yazar: Admin

Rusiyanın xarici işlər naziri, ermənipərəst Sergey Lavrovun İtaliyanın "Mediaset" telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər İsraildə bomba effekti yaradıb. Müsahibə zamanı Lavrova sual verilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski milliyyətcə yəhudi olduğu halda Moskva niyə Kiyevi nasistlikdə ittiham edir.

Rusiya XİN başçısı cavabında belə deyib: "Səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı olub. Bunun məsələyə qətiyyən heç bir dəxli yoxdur. Müdrik yəhudi xalqı deyir ki, ən qatı antisemitlər bir qayda olaraq yəhudilərdir".

Ertəsi gün Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. İsrail siyasətçiləri və ictimai xadimləri də sərt bəyanatlar səsləndirib. Ölkənin Baş naziri Naftali Bennet bildirib ki, holokost mövzusundan siyasi mübarizə və qarşılıqlı hücum vasitəsi kimi istifadəni dərhal dayandırmaq lazımdır: "Onun (Lavrovun - red.) sözləri həqiqətə uyğun deyil və mahiyyət etibarilə qəbuledilməzdir".

İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarının bəyanatlarını təkcə “bağışlanmaz” deyil, həm də “tarixi səhv” adlandırıb: “Yəhudilər Holokost zamanı özlərini öldürməyib. Yəhudilərin özlərini antisemitizmdə ittiham etmək yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsidir”.

İsrailin keçmiş müdafiə, hazırki maliyyə naziri, rus dilini yaxşı bilməsi ilə tanınan Aviqador Liberman Lavrova üzr istəməyi təklif edib. Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatlara cavab olaraq yaydığı məlumat vəziyyəti daha da qəlizləşdirib.

Rusiya XİN-in məlumatında İkinci Dünya Müharibəsi zamanı yəhudilərin nasistlərlə əməkdaşlığına iki misal gətirilir. Bu məlumatlardan belə bir nəticəyə gəlinir ki, Volodimir Zelenskinin neonasist ölkənin prezidenti olması mümkündür.

Bundan başqa Rusiya XİN yəhudi kökənli Latviya prezindeti Egils Levitsi də neonasizmdə ittiham edir. Nazirlik deyir ki, İsrail Xarici İşlər Nazirliyi neçə dəfə Polşa, Bolqarıstan, Baltikyanı ölkələr və Ukrayna səfirlərini bu münasibətlə kəskin etirazlara çağırıb?

Xatırladaq ki, İsrail dəfələrlə Varşavanı tarixi təhrif etdiyinə görə kəskin tənqid edib.

“Biz İsrailin xarici işlər naziri Yair Lapidin indiki İsrail hökumətinin Kiyevdəki neonasist rejimini dəstəkləmək kursunu izah edən anti-tarixi bəyanatlarına diqqət yetirdik. Nədənsə, Qərb mətbuatı və bizim bəzi liberallarımız hələ də Ukraynada neonasistlərin olub-olmaması ilə bağlı mübahisə edir. “Dəmir-beton” arqumentlərdən biri kimi Vladimir Zelenskinin yəhudi mənşəli olması göstərilir. Bu arqument nəinki əsaslandırılmır, həm də məkrlidir”, - deyə Rusiya XİN bildirib.

Məlumat üçün qeyd edək ki, Volodimir Zelenski Ukrayna-yəhudi ailəsində doğulub və öz köklərinin yəhudilərə bağlılığını bəyan edib. Hitlerin əcdadlarının arasında yəhudilərin olması fərziyyəsinə gəlincə, bu iddianı ilk dəfə Nürnberq məhkəməsinin qərarı ilə asılmış Hans Frank irəli sürüb. Bu fərziyyə elmi-tarixi baxımdan sübut edilməyib.

İsrail siyasətçiləri daim yəhudi xalqını xilas edən sovet əsgərlərinin qəhrəmanlığından danışırlar. Yair Lapid sovet əsgərlərinin atasını ölümdən xilas etdiyini xatırladır. “İsrail və Rusiya bu gün antisemitizmə və Holokost tarixini yenidən yazmaq cəhdinə qarşı birlikdə fəaliyyət göstərir. Bu, bütün dünyaya verilən ən vacib mesajdır”, - deyə Lapid ötən ilin oktyabrında İsrailin “Yediot Ahronot” qəzetində yazmışdı.

Son illərdə Rusiya və İsrail bir çox məsələlərdə, o cümlədən regional təhlükəsizliklə bağlı məsələlərdə, ilk növbədə İran və onun Suriyadakı rolu barədə sıx əməkdaşlıq edir. Bu məsələlərdə Rusiya və İsrailin mövqeləri üst-üstə düşmür, lakin tərəflər həmişə bir-birinin təhlükəsizlik maraqlarına hörmətlə yanaşıblar. Moskva İsrailin Suriyadakı İran hədəflərinə zərbələrini tənqid etsə də, heç vaxt onların qarşısını almağa çalışmayıb.

Ötən ilin oktyabr ayında İsrailin yeni Baş naziri Naftali Bennet Soçiyə səfər edərək burada Putinlə görüşüb. Görüşün mətbuata açıq hissəsində Bennett Putini “yəhudi xalqının əsl dostu” adlandırıb. İsrail baş naziri regional siyasətdə xüsusi statusuna və İsrailin 1 milyon rusdilli əhalisinə görə Rusiya ilə münasibətlərə çox böyük önəm verdiklərini bildirib.

Putin isə görüşdə müzakirə olunacaq xeyli problemli məsələlərin oduğunu qeyd edərək, Suriyada terrorizmlə mübarizədə əməkdaşlıqdan danışıb. Putin həm də deyib ki, İsraildəki daxili siyasi münaqişənin Rusiya ilə münasibətlərə təsir etməyəcəyinə ümid edir.

Xatırladaq ki, İsrailin sabiq baş naziri Netanyahu Putinlə yaxşı münasibətlər qurmuşdu və Rusiya-İsrail münasibətlərinin dərinləşməsində bu dostluğun xüsusi rol oynadığı ilə bağlı şərhlər səsləndirilirdi. Bennett dövründə İsrail qırıcılarının Suriyadakı İran əlaqəli hədəfləri bombalamasının Tel-Əviv-Moskva arasında gərginlik yaratması bu iddiaları dəstəkləyir.

Ukraynadakı müharibə İsrail və Rusiya arasındakı münasibətlərə də təsir edib. Müharibənin başlanğıcında İsrail tərəflər arasında vasitəçilik etmək istəyirdi. Fevralın sonundan martın sonuna kimi Naftali Bennet və Rusiya prezidenti Vladimir Putin arasında 6 telefon danışığı olub. Martın əvvəlində Bennet Moskva və Kiyevə səfər edib, lakin onun vasitəçilik səyləri nəticəsiz qalıb. Aprel ayında tərəflər arasında heç bir telefon danışığı olmayıb.

Ukraynada hərbi əməliyyatlar başlayanda İsrail BMT Baş Assambleyasında Rusiyanın əleyhinə səs verdi. Bu səsvermə nəticəsində Moskvanın hərəkətlərini pisləyən qətnamələr qəbul edilib. Buçada törədilən qırğınlardan sonra İsrail Rusiya tərəfini sərt tənqid edib və Yair Lapid bu hadisələri “müharibə cinayəti” adlandırıb.

Yair Lapidin Buça ilə bağlı açıqlamaları, eləcə də “Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmaq olmaz” sözlərinə Rusiya Xarici İşlər Nazirliyi cavab verib. Bəyanatda İsrailə Fələstin ərazilərinin işğalı, xüsusilə də Qəzza zolağının “açıq səma altında həbsxanaya” çevrilməsi xatırladılıb. Mesajın tonu həmişəkindən daha kəskin olub. 

İsrail anti-Rusiya sanksiyalarına hələ ki qoşulmayıb. Lakin Təl-Əviv iqtisadi institutlar vasitəsilə Rusiyanın sankskiyalardan yan keçməyə imkan verməyəcəyini bəyan edib. İsrail indiyədək Ukraynaya təkcə silah deyil, həm də hərbi texnika verməkdən çəkinirdi. Aprelin 20-də İsrailin müdafiə naziri Benni Qantz xilasetmə xidmətləri və mülki təşkilatlar üçün dəbilqə və zirehli gödəkçələrin Kiyevə göndərilməsini təsdiqləyib.

Lavrovun bəyanatından sonra İsrailin “Haaretz” qəzeti yazıb ki, İsrail rəsmiləri Ukraynaya daha hansı silahların verilə biləcəyini aktiv şəkildə müzakirə edir. Qəzetin yazdığına görə, müzakirə Avropa və Amerikanın təzyiqi ilə bağlıdır.

Qərbin təzyiqi ilə yanaşı, İsrail daxilində də Ukraynaya silah ötürülməsi ilə bağlı təzyiqlər göstərilir. Ukraynada münaqişə kəskinləşdikcə, İsrail və Rusiya arasında münasibətlər daha da pisləşə bilər.

Maraqlıdır ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İsraillə bağlı daha bir fikir səsləndirib. O deyib ki, İsraildən olan muzdlular Ukraynada “Azov” alayının döyüşçüləri ilə birlikdə vuruşur: “Ukraynada hazırda faktiki olaraq israilli muzdlular əslində “Azov” döyüşçüləri ilə çiyin-çiyinədir. İsraildə bundan xəbərsiz ola bilməzlər”.(Report)


Geri dön