Ana Sayfa > Karusel / Gündəm > Deputat: “Şəhid ailələri və müharibə əlilləri hər zaman Prezidentin diqqət mərkəzində olub”
Deputat: “Şəhid ailələri və müharibə əlilləri hər zaman Prezidentin diqqət mərkəzində olub”2-05-2022, 18:53. Yazar: Admin |
“Şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub və bununla bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu gün Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı, dövlət başçısı və birinci xanımın Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olması da bunun növbəti təzahürüdür”. Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.Cavid Osmanov deyib ki, dövlət başçısı şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib: “Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi də təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir. Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub”. Deputat nəzərə çatdırıb ki, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Deputat şəhidlərin adının da əbədiləşdirilməsinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb: “ Prezident İlham Əliyev Zəfər muzeyi yaradılacağını da bildirib. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. Çünki Zəfrə sevincini onlar bizə bəxş ediblər”. Geri dön |