Ana Sayfa > Karusel / Gündəm > Ziyafət Əsgərov: “Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir”
Ziyafət Əsgərov: “Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir”1-05-2022, 18:16. Yazar: Admin |
“Prezident İlham Əliyev aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında Azərbaycanın Qafqazda sülh gündəliyindən geniş danışdı, mühüm mesajlar verdi”. Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Z. Əsgərov deyib ki, Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib: “Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdi. Bu isə beynəlxalq konvensiyaların kobud pozulması idi”. Parlamentin komitə sədri qeyd edib ki, Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir: “Dövlət başçısı konfransda bir daha diqqət çatdırdı ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”. Z. Əsgərov nəzərə çatdırıb ki, Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir: “Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Qarabağda yaşayan ermənilər də vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər”. Parlamentin komitə sədri hesab edir ki, təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz: “Regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir. Bu aspektdə Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi və Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə xüsusi qeyd edilməlidir. Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə bir format tarixdə ilk dəfə mümkün olub. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Hazırkı regional konfiqurasiya Azərbaycanı qane edir. Ölkəmizin təkcə Rusiya və Türkiyə ilə deyil, digər qonşu ölkələr – Gürcüstan və İranla da yaxşı münasibətləri var. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir”. Geri dön |