Ana Sayfa > Karusel / Qarabağ / Yazar > Təbiəti sevərək təbiətə qarışan şəhid - Rəna İbrahimova yazır
Təbiəti sevərək təbiətə qarışan şəhid - Rəna İbrahimova yazır1-05-2022, 01:38. Yazar: Admin |
Xosrovzadə İlkin Azay oğlu 1997-ci il 1 dekabrda anadan olub. Ağcəbədidə doğulan İlkinin valideyinləri əslən Laçın rayonunun Bülövlük kəndindəndir. Qışda doğulan İlkin bahar ruhlu bir oğlan idi. Təbiəti çox sevər, sanki onunla bir vəhdətdə idi. Ağacların hansının nə vaxt çiçəklədiyini, köçəri quşların nə zaman gəldiyini İlkindən tez görən olmazdı. Hətta o, hərbdə olan zaman evləri ilə telefonla danışarkən “Bilirsən, ana,bu gün mən qaranquşları gördüm. Uçub gəliblər” -deyə yazın ilk müjdəsinin sevincini bölərdi. Bu xüsusiyyət ona anasından keçmişdi. Təbiətə aşiqlik,ona vurğunluq elə vətəni sevmək, ona bağlanaraq aşiq olmaq deyilmi? Ağcəbədidə doğulan İlkin körpəlikdən elinin-obasının sorağını nənəsi Dünyadan eşidərdi. Onun dizləri üstə böyüyən balaca oğlan laylalarla bərabər əlçatmaz ata-baba yurdunun xatirələrini şirin bir nağıl kimi eşidər,yaddaşına həkk edərdi. Böyüyəndə bəlkə də eşitdikləri onun xarakterinin formalaşmasına səbəb oldu. Səbrlə dinləyən amma danışmağı sevməyən, susaraq hər şeyi beynində analiz edib kimsə ilə bölüşməyən bir gənc kimi böyüyürdü. Onun səsi, gülüşü heç eşidilməzdi. Yerişi, hərəkəti o qədər iti, ehtiyyatlı, cəld idi hiss olunub gözə görünməzdi. Hərəkətləri ilə davranışları həmişə üst-üstə düşürdü. İlkinin xasiyyətindəki dəqiqlik, dürüstlük, sədaqət onun fərqli cəhətlərindən idi. Dostluqda, yoldaşlıqda əvəzsiz münasibət göstərirdi. Dostları ona inanar,sevər, güvənər, ən pünhan sirlərini onunla bölər, o da saxlayar, söz, sirr əmanətlərinə sahiblik edərdi əməli saleh bir dost olaraq. Orta məktəbi bitirən İlkin ali məktəbə qəbul olur. Lakin təhsilini yarımçıq qoyub hərbi xidmətə gedir. Valideyinləri təkid etsələr belə bu peşəyə sevgi onu yolundan döndərə bilmir. Möhkəm xarakter, iradə öz ünvanını tapmışdı. Xidmət zamanı həm komandirlərinin həm də əsgər yoldaşlarının hörmətini qazanır. Gizirlik kursuna yazılır. Özünün bütün bacarıqlarını, səylərini təlimlərdə lazımınca göstərir. Ona verilən tapşırıqların öhdəsindən layiqincə gəldiyindən özünə inamı artır, onu daha da həvəsləndirir. Əsgərliyi kiçik gizir rütbəsilə başa vurur. Əsgərliyi başa vuraraq evə qayıdır lakin təhsilini davam etdirmək əvəzinə yenidən hərbə qayıdır. Bu sevgi onun bütün hisslərindən daha güclü idi. Vətən çağırırdı! İlkin DSX-nin Yevlax şəhərindəki hərbi hissəsində kəşfiyyatçı kimi xidmətə başlayır. Tovuz döyüşlərində qorxmadan iştirak eləyir. Ayağından yaralanmasına, qəlpə yarası almasına baxmayaraq müalicə almaq üçün hospitala getməkdən boyun qaçırır. Yarasını səngərdəcə sağaldır. Onun yaralanmağından ailəsinin xəbəri olmur. Bütün hərbçilər kimi İlkin də işi ilə bağlı heç nə deməz,danışmazdı. Ümumiyyətlə danışmağı sevməz, işini əməldə göstərən bir gənc idi. Elə günlər var ki, onlar tarixi dəyişir, taleyi, həyatı, zamanın özünü belə dəyişir. O gün tarixiləşərək salnaməyə dönür. Bəzən bu salnamə ağ, bəzən qara yazılır. Nadir hallarda isə qızıl hərflərlə yazılır. 27 sentyabr 2020-ci il sabaha açılmamışdan adi,sıravi bir gün olaraq qarşılayacaqdıq. Amma...Bu səhər bizə dünyanı qorxudub titrədən, onu lərzəyə gətirərək tükürpədən “müharibə” sözüylə açıldı. Damarlarda qan donduran bu söz bizim Azərbaycan oğullarının qanında adrenalin oldu. Qanları çoşdu. 30 ildən çox ədalətsiz bir münaqişənin, müharibənin qurbanı olan xalqın qeyrətli oğullarının gözlədiyi həsrət, nisgil dolu günün sonu gəlib çatmışdı. Silaha sarılmaq,bu savaşda Xocalının intiqamını almaq, 20 % torpaqları yaramaz düşməndən xilas etmək məqamı gəlmişdi. Bu savaş haqq, ədalət savaşı idi. Bunu hamı dərk eləyirdi. 1 milyona yaxın köçkünün tapdalanmış qürurunun, əsir, girov götürülmüş soydaşlarımızın heysiyyatının, itirilmiş mənliyinin bərqərar olması hər bir oğul üçün alovlanan ocağın qığılcımı olmaq demək idi. Türk eli ayağa qalxarsa ,kin-kidurəti aşıb-daşarsa, nərəsi dağları yararsa kim dayana bilər qarşısında? Doğulandan xalqın göz yaşlarını görən, az qala hər gün şəhid sözünü eşidən, torpaq həsrətilə yaşayan, doğma yurdlarına əli çatmayan ,düşmənlərin pak torpaqlarımızı mənimsəyərək hər gün orada bayram edən video və fotoşəkillərini sosial şəbəkələrdə ürəyi qanla dolu,göz yaşlarıyla izləyən köçkünlərin intiqamını almaq vaxtı idi. İlkin kimi laçınlı,qarabağlı olub Laçında ,Qarabağda doğulmayan və yaxud kiçik yaşlarında oranı tərk edən gənclərin yangısı bir başqa idi. İlkin də müharibə başlayandan Laçınadək gedib Laçın uğurunda döyüşərək oraya ilk ayaq basanlardan, üçrəngli bayrağımızı ilk olaraq sancanlardan biri olmaq istəyirdi. Öz ailəsinin,həyatda olmayan nənə və babalarının ruhuna and içmişdi. Dünya nənənin, Xosrov babanın yurd yerlərini öz gözləri ilə görəcək, Laçın torpağını öpüb qoxlayacaq, ataanasına ovcunda ərmağan aparacaqdı. İki əlin arasında, bir ovucda bir dünya aparacaqdı. Bir dünya bir ovuca sığarmı? Şir ürəkli bir igidin köksünə sığmayan ürəyi də bir ovuc, bir yumruq boyda olsa da ona sığmayan arzular, sevgi, həyat eşqi, Vətən həsrəti, ona məhəbbət də elə bir dünya idi. Elə bir dünya ki, yalnız özünə, öz daxili aləminə məxsus idi. Axı İlkin danışmağı heç sevməzdi. Sevgisi də elə dünya boyda dünyasında yaşayırdı. Bütün vücuduyla sevər amma sakitcəsinə, səssizcə sevərdi. Bir bədəndə nə qədər ülvilik varmış? Necə sığırmış kösünə o ürək? İradəli,əzmli,cəsarətli,qorxmaz, əsl hərbçi idi İlkin. İkinci Qarabağ Müharibəsi başlayandan İlkin ön sıralarda döyüşürdü. Döyüşlərin ən qaynar nöqtələrində- Ağdam uğurunda döyüşlərdə xüsusi fəallığı, cəsarəti ilə seçilən İlkin öz ailəsindən qaynar nöqtənin tam mərkəzində olduğunu gizlədirdi. Tamamilə hərbçi xarakteri! Ağdam, Füzuli, Zəngilan, Xudafərin uğurunda gedən döyüşlərdə iştirak edirdi. Xudafərin uğurunda ağır döyüşlər gedən zaman komandirinin və döyüş yoldaşlarının “Aşağı əyil”, “Özünü qoru!” əmrlərinə məhəl qoymadan minomyotunu susdurmadan düşmənin üzərinə yeriyirdi. Ağbənd uğurunda gedən döyüşlər zamanı boynundan qəlpə yarası alan İlkin çoxlu qan itirir. Döyüş yoldaşları onu xəstəxanaya çatdırmağa macal tapmırlar. Son nəfəsində “Vətən sağ olsun!” deyərək gözlərini əbədi yumur. Döyüşə gedən bütün cəsur igidlərimiz kimi İlkin də bilirdi ki, odun-alovun içinə göz qırpmadan girərkən onu nə gözləyir. Hərb meydanında haqq- ədalət, ərazi bütölüyü, tapdaq altında olan torpaqların uğurunda can verməksədə qarşıya qoyulan məqsəd üçün qalibiyyətə doğru məsləkdə İlkin Xosrovzadə imzası da oldu. Vətən naminə ən uca zirvəyə-Şəhidlik zirvəsinə yüksəldi. Laçında sancmaq istədiyi bayrağı dalğalandıraraq qəriblikdə qalan həsrət qoxulu torpağından ata-anasına salam göndərəcəkdi. Tale elə gətirdi ki, üçrəngli bayrağa onun nəşi bükülüb gəldi. O bayrağı müqəddəsləşdirərkən bayraq onu müqəddəsləşdirib tənini sardı. Atası Azayın qapısına şəhid karvanı yollandı. Günlərlə nigaran, gözü yolda qalan atanın həsrətinin sonu da bu karvanla gəldi. Ən böyük itgisi-oğul itgisi əzablı, keşməkeşli həyatının növbəti səhifəsinə yazıldı. Unudulmayacaq,ürəyini qovurub sinəsinə dağ çəkən səhifəsinə. Bu səhifə nə qədər acı,yanıqlı, əzabverici, göynədici olsa da qürurverici, baş ucaldan bir səhifə idi. Oğlunun adı tarixə düşmüş, onun bir parçası olmuş, vətənin daşına,torpağına, təbiətinə çevrilmişdi. Qanı pak,təmiz torpaqla yoğrularaq şəhid qanıyla suvarılmışdı. Ürəklərinin yağı,gözlərinin nuru əriyər, əyilməz Atalar! Dərd yorar, yorar, tükənər, əzilməz atalar! Kürəkləri məşhər əzabıyla dəyər bir-birinə, qovuşar, sütununu dik tutar, sınmaz Atalar! İlkinin atası Azay da titrədisə də dayandı, durdu, yıxılmadı! Şəhid atası şəhid qədər ağır taleyinin şahidi olaraq qürurunu yaşamalıdı. Ömrünün, nəfəsinin sonuna qədər oğlunun xatirəsini yaşatmalıdı. Yaşdır da! Anasını dünyalar qədər sevirdi İlkin. Nə bahar təravətli, gül nəfəsli anasından nə də Vətənindən doydu. Məzarını gülüstana döndərdi təbiət aşiqinin anası, təsəllisini bununla tapdı. Dilinə gətirib söyləmədiyi yarımçıq qalan arzularının qanadlarında cənnətə əbədi sakin oldu İlkin! Bizdən fərqli olaraq onun azad ruhu Qarabağımızın, Laçınımızın üzərində süzərək Bülövlükdə yenə də Dünya nənənin dizlərinə baş qoyaraq rahatlıq tapır, Xosrov babanın əl qabarıyla tikdiyi mülkündə dolaşır. Cənnətin əbədi olsun,igidim! Bu cənnət sənin haqqındır,haqq məkanındır! Məkanın nurlu olsun! Azərbaycan Silahlı Qüvvələri Sərhəd Qoşunlarının kiçik giziri İlkin Xosrovzadə Azay oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğurunda” medalı ilə 15.12.2020-ci il tarixli Sərıncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə Xidmətinə görə” ordeni Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğurunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Rəna İbrahimova Geri dön |