Müasir, olduqca mürəkkəb siyasi, ictimai və beynəlxalq münasibətlər zəncirində dövlətin simvoluna çevrilən prezidentlərin ən böyük uğuru kimi ölkənin varlığının qorunub saxlanılması, xalqın fasiləsiz olaraq qida ehtiyaclarını təmin etmək hesab olunur. Ölkəni iri güclərin plastarmına çevrilməyə imkan verməmək indi uğurun əsası sayılır. Xalqın ərzaq ehtiyaclarından sonra onun amansız rəqabət sistemində ayaq üstə qalmasını təmin etmək üçün yaxşı təhsil verilməsi də zərurətə çevrilmişdir, çünki müasir istilalar yönünü dəyişdirmiş və informasiya sferasına keçmişdir. Bu aspektdən yanaşsaq, xalqın ən azı informasiya savadlılığına malik olmaq bacarığına yiyələnməyinin alternativi görünmür. Görkəmli fikir sahiblərindən Dante Aligyeri də deyirdi ki, çörək və sudan sonra xalqın əsas zəruri ehtiyacı təhsildir. İndi biz bütün dövrlərimizin təhsil işçilərini bu mənada dərin minnətdarlıq hissi ilə yad edə bilərik.
Onların içərisində strateji düşüncə sahibləri də az deyil və yalnız təhsil verilməsi ilə fəaliyyətlərini məhdudlaşdırmayıblar, eyni zamanda bu sahənin təşkilatçıları kimi çıxış ediblər. Mən bu mənada H.Z.Tağıyevdən üzü bəri ölkəmizdə məktəblər açan, universitetlər yaradan şəxslərin əməyini qeyd etmək istəyirəm. Onlar Aligyerinin dediyi kimi, 3-cü sırada dayanan və xalqın ehtiyaclarını qarşılayan təhsilin təşkili ilə məşğul olmuşlar və bu sferanın əhəmiyyətini uzaqgörənliklə dərk etmişlər. Konfutsinin dediyi kimi, eşidəndə unuduram, oxuyanda yadda saxlayıram, özüm yaradanda dərk edirəm.
Bunların sırasında bu günlərdə yaranışının 30 illiyini qeyd edən, müstəqilliyimizin ilk ali təhsil müəssisələrindən biri olan Bakı Avrasiya Universitetini (BAAU) qeyd edə bilərik. Yarandığı zamanın şərtləri göstərir ki, bu universitet ölkəmizin dərin dəyişikliklər dövrünə özünün imzasını atmaq iddiası ilə fəaliyyətə başlayıb. Nelson Mandelanın dediyi kimi, dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir. Fəaliyyətinin təhlili sübut edir ki, BAAU dünyanı dəyişdirmək iddiasında deyil, məhz bu missiyanı yerinə yetirir.
BAAU verdiyi təhsilin məzmunu və formasına görə cəmiyyətin inkişafında baş verən dəyişikliklərin fövqündə dayanır. Çünki Universitetin başlıca məqsədi tələbəyə faydalı bilik verməkdir. Müasir gənclik isə getdikcə firavan həyat və ləyaqətli qocalıq haqqında düşünür və o bu tələbatını ödəyən kompetensiyalara yiyələnməlidir, nəinki sabun köpüyünə bənzəyən və praktikada heç nəyə yaramayan çeynənmiş fikirləri əzbərləməlidir. Mark Tven demişkən, təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.
İnsanlar ona görə universitetə qəbul olurlar ki, savad alsınlar və müxtəlif həyat situasiyalarında obyektiv qərar qəbul edə bilsinlər. Con Hibbenin sözü ilə desək, təhsil hər hansı bir həyat situasiyasında düzgün hərəkət etmək bacarığıdır. Digər tərəfdən, təhsil hər kəs üçün maarifçilik rolunu oynayır, həqiqəti qəbul edilmiş rəydən ayırd edə bilmək üçün bilik verir. Savadlı insan gördüklərini və eşitdiklərini daim təhlil edərək, baş verənlərin reallığı haqqında yeganə düzgün qərar formalaşdırdığından məzhəbçiliyin, reklam hiylələrinin təsirinə düşmür. Təhsilin köməyi ilə fərd öz məqsədlərinə çatır, özünü təkmilləşdirir, özünü ifadə edir. Ümumiyyətlə, yüksək keyfiyyətli təhsil həm ümumi mədəni baxımdan, həm də peşəkar baxımdan ahəngdar şəxsiyyət formalaşdırır.
Bəs universitetdə verilən təhsilin, həqiqətən də, əhəmiyyəti nədən ibarətdir və o hansı zəngin məzmunu ehtiva edir?! Düşünürəm ki, biz bu məsələyə aydınlıq gətirsək, aprelin 30-da 30 illiyini qeyd edən BAAU-nun ötən dövrdəki fəaliyyətini və missiyasını da əhatəli şəkildə təsvir etmiş olarıq.
Əslində təhsil çoxmənalı anlayışdır və onun adında çox şey ifadə olunur: təhsil mədəniyyətdir, inkişafdır, bütün tərəqqinin əsasıdır və s. Dövlət sənədlərində, pedaqogika kitablarında, xüsusi tədqiqatlarda təhsilə çoxlu təriflər verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilə “sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi kimi” tərif verilərək xarakterizə edilmişdir.
Alman fiziki Maks Fon Laue qeyd edirdi ki, təhsil – öyrənilənlərin hamısı unudulduqdan sonra yadda qalanlardır. Qədim Çin mütəfəkkiri Konfutsi isə təhsili təlimlə təfəkkürün vahidliyi və əlaqəsində görürdü. O deyirdi: “öyrənmək və fikirləşməmək – bu, bihudə məşğələdir. Fikirləşmək, lakin öyrənməmək – bu, zərərlidir”. Təhsil dərketmə və dünyagörüşünün əsas yolu, onun açarıdır. Təhsil kəmiyyət və keyfiyyətcə artdıqca dərketmə və anlamanın səviyyəsi də yüksəlir. Bu proses insanın özünün axtarışı, fəaliyyəti ilə baş verdikdə isə dərketmənin, anlamanın səviyyəsi də artır və məhz bu zaman təhsil nəticə kimi özünü göstərir.
Təhsilin məqsəd deyil, məqsədə çatmaq üçün bir vasitə olduğunu birmənalı şəkildə demək və qəbul etmək lazımdır. Çünki təhsil – insanı dünya haqqında biliklərə, dəyərlərə, əvvəlki nəsillər tərəfindən toplanmış təcrübəyə tanıtmaq prosesi və nəticəsi kimi çıxış edir. Təhsil vasitəsilə mədəniyyət bir nəsildən digərinə ötürülür.
Digər tərəfdən, təhsil cəmiyyətin bütün sahələrinə təsir göstərə bilən sosial həyatın nisbətən müstəqil alt sistemidir. Beləliklə, ölkədə təhsilin müasirləşdirilməsi əmək ehtiyatlarının keyfiyyətinin daha da yüksəldilməsinə imkan yaradır və nəticədə iqtisadiyyatın inkişafına töhfə verir.
Təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Amma o, insana təkcə fərdi azadlıqlar gətirmir. Fərdlərin aid olduqları mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərində bərqərar olan ictimai azadlıqlar qazandırır. Konfutsi deyirdi: “təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar”.
Biliyin dəyərlərindən biri odur ki, o, insanın dünyagörüşünü artırır və ya onun əqli inkişafını təmin edir. Əlavə olaraq, biliyin yeganə faydası onun gətirəcəyi maddi qazanc deyil. Çünki müəyyən bir məsələdə biliyə yiyələnən insan axtardığı sualın cavabını tapandan sonra daxili rahatlıq, dinclik tapa bilər. Deməli, bilik həm də həzz verməsi, yaxud da gərginliyin aradan qaldırılması baxımından faydalıdır.
Şübhəsiz ki, universitetlər insаnlаrın еhtiyаclаrını ödəmək məqsədilə yaradılmışdır və o yaxşı idarəetməyə möhtacdır. Çünki keyfiyyətli mütəxəssislər zəif idarə edilən təhsil sistemi altında yetişdirilə bilməz. Bəs effektiv idarəetmə necə və kim tərəfindən təşkil edilə bilər? – sualı qarşısında qaldıqda, Plаtоnun "idеаl dövlət" hаqqındа təlimi yada düşür. Platon "idеаl dövlət"in əmələ gəldiyi sosial qruplar haqqında danışdıqdan sonra deyirdi ki, bu dövlət mütləq filosoflar tərəfindən idarə olunmalıdır. Düşünürəm ki, BAAU-nun filosof Nazim Hüseynli tərəfindən idarə edilməsi Platonun fəlsəfi düşüncələrinin həqiqiliyini sübut edib: uğurlu universitetə filosof rəhbərlik etsə yaxşıdır!