Ana Sayfa > Karusel / İqtisadiyyat > Dövlət bu sahibkarlara dəstək verəcək -
Dövlət bu sahibkarlara dəstək verəcək -25-03-2020, 13:29. Yazar: Admin |
Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əməkhaqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək. Qarabaginfo.az xəbərinə görə, bu, koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupunun videokonfrans formatında keçirilən iclasında bildirilib.
Qeyd edilib ki, ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.
İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək.
Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir. Pravda.az Geri dön |