Ana Sayfa > Karusel / Qarabağ > Şuşa adından istifadə ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə edilib

Şuşa adından istifadə ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə edilib


22-04-2022, 15:34. Yazar: Admin

Milli Meclis

Aprelin 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Mədəniyyət komitələrinin video-konfrans formatında birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, iclasın gündəliyinə birinci oxunuşda iki məsələ - “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi və bundan irəli gələrək bir sıra qanunlara uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi ilə əlaqədar qanun layihələri təqdim olunub.

Komitə sədri bildirib ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə bu qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılması təklif edilir. Eyni zamanda, “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.

Onlayn iclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qanun layihəsi barədə fikirlərini açıqlayaraq deyib ki, Şuşa bizim mədəniyyət paytaxtımızdır, Şuşa şəhəri Dövlət Qoruğu elan edilib və Şuşa ilə bağlı bütün məsələlər xüsusi qanunla tənzimləndir. O, mövzunun vacibliyi və aktuallığı nəzərə alınaraq, komitə tərəfindən bu layihənin dəstəkləndiyini qeyd edib.

Milli Məclis sədrini müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxış edərək “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif olunan dəyişiklikdən bəhs edib. Bildirib ki, qanuna yeni 40.1-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, Şuşa şəhərinin ərazisində idman yarışlarının “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla keçirilməsi təklif olunur. Qeyd olunub ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Komitə sədri diqqətə çatdırıb ki, hal-hazırda ölkə Prezidenti Şuşa şəhərində keçirilən Dünya azərbaycanlılarının beşinci qurultayında iştirak edir. Bu, bir daha onu göstərir ki, müxtəlif kütləvi tədbirlərə ev sahibliyi edən mədəniyyət paytaxtımız Şuşa şəhərində bu tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklikdən danışıb. Bildirib ki, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunda bəzi sahibkarlıq fəaliyyəti növlərinin Şuşada qadağan olunmasını nəzərdə tutan maddə var. “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda isə bu, öz əksini tapmayıb. Burada 5-ci maddə yalnız qanunla müəyyən edilmiş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına imkan verir. Qanuna “və ya onun ayrı-ayrı növlərinin qadağan olunması” sözlərinin əlavə edilməsi təklif olunur. Dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunun maddələrinin icrasına şərait yaradır.

Təqdim olunan layihəyə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda da uyğunlaşdırma xarakterli bir sıra əlavə və dəyişikliklər nəzərdə tutulub.

Qanun layihələri ətrafında aparılan geniş müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Fəzail Ağamalı, Fazil Mustafa, Cavid Osmanov, Etibar Əliyev, Elşən Musayev, Vahid Əhmədov, Razi Nurullayev, Mahir Abbaszadə fikirlərini, qeyd və təkliflərini açıqlayıblar. Çıxışlarda sənədlərin vacibliyi, dəyişikliklərin məqsədəmüvafiq olduğu qeyd edilib. Millət vəkilləri Şuşa şəhərinin tarixi-mədəni əhəmiyyəti, onun Azərbaycan xalqı üçün xüsusi mənəvi dəyərindən bəhs ediblər, Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasının önəmini vurğulayıblar.

Onlayn iclasda parlamentin birinci vitse-spikeri Əli Hüseynli müzakirələrdə səslənən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.

Sonra gündəlikdəki hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şuşa adından istifadə ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə edilib 


Geri dön