Ana Sayfa > Karusel / Siyasət > VİP sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

VİP sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub


21-04-2022, 21:14. Yazar: Admin

Əli Əliyevin həbsi: ifadə azadlığına müdaxilə, yoxsa "şərəf-ləyaqət müdafiəsi?" - BBC News Azərbaycanca

Xüsusi ittiham qaydasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Qarabaginfo.az bildirir ki, bu barədə "Report"a onun vəkili Cavad Cavadov deyib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası aprelin 22-nə təyin olunub.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı yaralıların DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən öyrədilməsi, zərərçəkmişlərin helikopterdə olmamaları, zərərçəkmişləri ağır cinayətin törədilməsində ittiham etməsi, helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər.

E.Cəfərovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.


Geri dön