Ana Sayfa > Karusel / Yazar > Rena Ibrahimova: Bir qış yuxusuna getmək istərdim...

Rena Ibrahimova: Bir qış yuxusuna getmək istərdim...


20-04-2022, 08:04. Yazar: Admin

Büdcə ilə Yeni il tətillərini harada keçirmək olar. Rusiyada və dünyada Yeni il tətilində hara getmək olar? Rusiyada qış tətilində harada istirahət etmək olar

Bir qış yuxusuna getmək istərdim...o yuxunun gecələrində səksəkə olmasın. Rahat, rəvan bütün qayğı, problem və dərdlərdən uzaq...Elə bir yuxu ki, ayılanda bütün ailəmiz tam tərkibdə soyuq qış səhərində yataqdan qalxmağa, barmağınının ucunu belə yorğandan çıxartmağa cəsarət etməyə. Ta ki, atam hamıdan əvvəl qalxıb odun sobasını yandırmayana qədər...Yandırandan sonra "Durun,günortadı! Qar da yağıb! Belə gündə yatmaq olar?"-deyə. İlk qarın yağmasını bütün uşaqlıq yaddaşımda atamın konkret hava məlumatında eşitmişəm. Qar da çox yağanda təsəlli verərək" Ay balam, yağmalıdı da qar. Yağanda yerinə, yurduna yağır. Biz kimik ki?"-deyə yenə. Yenə səhər açılmış süfrə ətrafında yığışıb səhərin isti ocağında isti sac çörəyinin bihuşedici ətrini dadıb qaymaqla, çiyə ilə, südlə, dəyşmiş pendirlə sübhü açıb stəkanlardan böyük bir ailənin qaşıq cingiltisinə oyanam!- Hansı ki, o günlər üçün qulağım cingildəyir, ürəyim çırpır indi. Oyanıb da ayağıma qar dola-dola həyətə çıxam. Gəlin kimi ağappaq bəzənmiş ətrafı seyr edəm...Bəzən qış almalarının dərilməmiş meyvələrinin yağan qarın ağlrlığına tab gətirmədən budaqlarının sanki acıyaraq göynərtili şaqqıltısını, qoz ağacının ən son qozalarının ağzı açıq qalmış mənzərəsini görərək meyvə ağaclarının "köməyinə" çatlb qəsdən ağac altında budaqları dartıb pudla toplanmış qarı bədənimizə doldurmaq istərəm. Qardaşlarımla qartopu oynayıb qıpqırmızı donmuş əllərimi gözüm yaşla dolaraq anamın qoynunda isidib yenidən "şaxta baba"-qar adamı düzəltməyə qaçmaq,ən kiçicik qartopundan böyük kütlə yaradaraq dikin başından ayağına qədər onunla bərabər yumalanmaq üz-gözü şaxtadan çat-çat olmaq istərəm. Görəsən, bir vaxtlar bizə əyləncə kimi gələn adi şeylər indi niyə bizə bu qədər əlçatmaz gəlir? Necə qədir bilməz, necə qiymət verməyən oluruq axı? Hətta bir il əvvəl yaşadığımız anı xatırlayıb heyfsilənirik...o günün həsrətini çəkirik. Axı o an üçün də yetərincə qayğımız olmamış deyildi. Deyildisə də o anda daha kimlərsə vardı həyatımızda...indi yoxdu...dolu idi onun yeri indi boşdu...birgə idik indi tək! Deməli yaşadığımız hər an qiymətlidir, hər günümüz dəyərlidir. O əlçatmaz uşaqlığımda da qayğısız desək də qayğılarımız vardı biz bilməsək də. Fərq ondadır ki, o vaxt bizim qayğımızı çəkirdilər, indi isə biz çəkirik. Ona görə hər şey bizə yüngül olsa belə ağır gəlir. Axı böyümüşük...ailə, övlad sahibi olmuşuq. Qayğılarımız böyüyüb problem olub.

Kaş ki, bunlar yuxu olaydı... yenə qayğısız həmin uşaq olaydım... heç bir kimsənin ayıra bilməyəcəyi bir tərkibdə... heç kimsənin poza bilməyəcəyi vəhdətdə!
Bir qış yuxusuna getmək istərdim... ayılanda yenə Sarı babayla üzbəüz dayanar arzuların qanadında uçar zirvələrdə bərqərar olaydım. Həsrətlə gözlədiyim yazın günlərini sayardım. Qışda yatıb da yazda oyanardım... ömrümün yazında... doğmalarımın yazında... həsrətində olduqlarımın yazında...həbsdə olan Laçınımın məhbəs kəndimin yazında.
Yuxuma rəng qatan, mane olan səbəb üzəri buz donmuş bulağın şaqqıltısı, pəncərəmdən boylanıb məhvərini pozaraq daha da çox dayanaraq qaranlıq otağımı nuruna qərq etmək istəyən bədrlənmiş Aydan, mışıltıyla yatmış ailəmin isti nəfəsindən başqa bir səbəb olmadan...
Qoy, dayansın əsən külək, qopan tufan, çovğun, yağan qar, şirin sevdalı yuxuma xələl gətirib, sakit axınını pozmağa cürət etmədən!
Bir qış yuxusuna getmək istərdim... sabahları nura, işığa, xeyir-bərəkətə, sağlığa-sağlamlığa, sevgiyə, vüsala, hörmətə, sayğıya, birliyə, arxa-dayağa, qayğıya, istəyə, xeyirxahlığa , mərhəmətə, dostluğa, sirdaşlığa əzmə, halala, halal zəhmətə, əminamanlığa, sülhə, inama, imana gözəlliyə açılsın! Orada ayrılq olmasın! Hər ayrılıq uzun amma vüsalla dolu olsun! Orada kədərə, qəmə, niskilə, həsrətə qapılar bağlı olsun! Gözlərdə sevincdən yaşlar görünsün, həsrətləri görüş birləşdirsin bir daha ayırmadan!
Bir qış yuxusuna getmək istərdim... 

Geri dön