Ana Sayfa > Karusel / Gündəm > Göstəricilər Azərbaycanın uğurla inkişaf etdiyini təsdiqləyir
Göstəricilər Azərbaycanın uğurla inkişaf etdiyini təsdiqləyir15-04-2022, 16:10. Yazar: Admin |
Prezident cənab İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yanvar-mart ayları ərzində Azərbaycanın iqtisadi göstəricilərinin çox müsbət olduğunu, ümumi daxili məhsulun 6,8 faiz, qeyri-neft iqtisadiyyatının 10 faizdən çox artdığını bildirdi. Ölkə rəhbəri, eyni zamanda, sənaye istehsalı sahəsində artımın təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çox olduğunu vurğuladı. Dövlətimizin başçısı belə bir müsbət tendensiyanın əsasən iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması nəticəsində baş verdiyini qeyd edib.
Şübhəsiz ki, belə yüksək göstəricilər daxilolmalar üzrə proqnozlara da öz müsbət təsirini göstərir. Müşavirədə diqqətə çatdırıldığı kimi, birinci rüb ərzində proqnozların Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8 faiz üstələməklə icra edilməsi bunun bariz ifadəsidir. Bu, son illər ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi önəm verilməsi ilə bağlıdır.
Müşavirədə toxunulan bir məqama da münasibət bildirmək istərdim. Belə ki, bu gün respublikada sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməs diqqət mərkəzində saxlanılır, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur.
Hökumət sahibkarlıq subyektlərinin fəaliyyətində səmərəliliyə xüsusi önəm verir. Dövlət başçısının tapşırığı ilə bu sahəyə aidiyyəti təşviq mexanizmlərinin tətbiqi davamlı xarakter daşıyır. Xüsusilə bir müddət bundan əvvəl Nazirlər Kabineti tərəfindən 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi yönləndirilməsi və pandemiya dövründə bir sıra özəl bölmə obyektlərinin kredit borclarının, faizlərinin ödənilməsin məqsədilə dövlət subsidiyalarının ayrılması istiqamətində atılan addımlar bu sahəyə göstərilən qayğı və diqqətin bariz ifadəsidir.
Hazırda özəl sektorda fəallıq dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunur. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən sahibkarlara hər zaman həm mənəvi cəhətdən, həm də yaradılan infrastruktur, güzəştli şərtlərlə verilən kreditlər və digər addımlarla dəstək göstərilir.
Dövlətimizin başçısı özəl bölmənin inkişafına hər zaman önəm verir, çıxışlarında yerlərdə iş adamlarına onların həvəslə investisiya qoymaları, iş yerləri açmaları məqsədilə əlverişli şərait yaradılmasının zəruriliyini, sahibkarlara qarşı nəzərə çarpan maneələrin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırır: “Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam, həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır”.
Sahibkarlar tərəfindən böyük töhfə verilən iqtisadiyyatın, eləcə də qeyri-neft sektorunun inkişaf üçün dövlət və hökumət də öz üzərinə düşən vəzifələri, islahatları uğurla gerçəkləşdirir, bununla bağlı qanunvericilik orqanımız - Milli Məclis tərəfindən müvafiq qanunlar qəbul edilir. Şübhəsiz ki, bu məsələdə dövlətimizin başçısın imzaladığı sərəncamlar, dövlət proqramları da önəmli rol oynayır. Bir sözlə, bütün bu lazımi tədbirlər maliyyə resurslarımızın güclənməsini, heç kimdən, heç bir dövlətdən iqtisadi cəhətdən asılı olmamağımızı şərtləndirir.
Son 18 ildə respublikamızda yüzlərlə kiçik, orta və iri sənaye müəssisələri yaradılıb. Həmin istehsal sahələrində buraxılan məhsulun ölkənin daxili tələbatını ödəməklə yanaşı, xarici bazarlara göndərilməsi uğurla həyata keçirilib. Dövlətin dəstəyi ilə yaradılan sənaye parkları və məhəllələrinin bu sahədə fəaliyyəti daha çox diqqət çəkib. Həmin sənaye zonaları qeyri-neft sektorunun davamlı inkişafına, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına əsaslı təsir göstərib. Ötən il sənaye parkları və məhəllələrində istehsal olunan məhsulların dünyanın 35-dən çox ölkəsinə ixrac edilməsi də sənaye zonalarının ixracın genişlənməsində əlverişli mexanizm rolunu oynadığını sübuta yetirib.
Ölkədə həyata keçirilən islahatların nəticəsidir ki, hazırda respublikada sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişafı həm beynəlxalq maliyyə qurumları, həm də böyük şirkətlər, investorlar tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhranı şəraitində belə Prezident cənab İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.
Azərbaycanın iqtisadi qüdrətinin davamı olaraq ölkənin hərbi büdcəsi də artmışdır. Azərbaycan Ordusunun müasir silahlarla təchiz olunması, şəxsi heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması, təhsilinə xüsusi diqqət yetirilməsi, xaricdə təhsil alan zabit heyətinin formalaşdırılması, birgə təlimlərin keçirilməsi Silahlı Qüvvələrimizin güclənməsinə səbəb olmuşdur. Nəticədə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb.
Digər səbəb uğurlu xarici siyasət amilidir. Azərbaycanın xarici siyasəti güclü iqtisadiyyat və qüdrətli Ordunun formalaşmasından sonra qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün çox mühüm əhəmiyyət daşıyırdı. Onu da qeyd edim ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri də daim möhkəmlənməkdədi. Eyni zamanda dövlət başçısı Avropa İttifaqı ilə güclü ticari əlaqələrimizin qurulmasında, xüsusilə Avropanın Şərq ölkələri ilə münasibətlərinin daha möhkəm olmasına böyük töhfələr vermiş, nəticədə Qərbin enerji təhlükəsizliyində Azərbaycan müstəsna yer tutub.
Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığını dünyaya sübut etdi. Ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı təmin edildi, ümumiyyətlə, Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyulub.
Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət proqramlarının icrası ölkənin iqtisadi inkişafının sürətləndirilməsini uğurla təmin edir, bu prosesdə özəl sektorun payını və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan verir.
Mən də bir sahibkar kimi bildirmək istəyirəm ki, dövlətimizin diqqət və qayğısından, yaratdığı şəraitdən respublikamızın çiçəklənməsi və daha da inkişafı naminə öz töhfəmizi verməyə var gücümüzlə çalışacağıq Geri dön |