Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Ermənistan üzrə xüsusi nümayəndə KİMDİR…

Azərbaycan və Ermənistan üzrə xüsusi nümayəndə KİMDİR…


15-04-2022, 10:56. Yazar: Admin

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub. Məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirilən brifinqdə açıqlayıb.

 

XİN rəsmisi deyib: "Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir. Bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni vəzifədə - Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək. Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas rolunu oynamağa hesablanıb”.

 

 

Zaxarovanın sözlərinə görə, Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır:


"Bu mövzu aprelin 9-da Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında, eləcə də bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Mirzoyan arasında Moskvada müzakirə olunub".

 

 

Xatırladıb ki, fevralın 24-də Ukraynaya hücumun başlamasına görə Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün əlaqələri məhdudlaşdırıb. Bunu Rusiya XİN rəsmən təsdiqləyib və Minsk Qrupunun artıq fəaliyyətsiz olduğunu bəyan edib.

 

Rusiyanın Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması üçün təyin etdiyi xüsusi nümayəndə kimdir?

 

Məlumat üçün bildirək ki, İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

 

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

 

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. Həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib. Nəhayət, Rusiyanın 11 ildən sonra dəyişdirilən ATƏT-in Minsk qrupundakı həmsədri postuna gətirilib.

 

1992-ci il ildə yaranan və son 28 il ərzində Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını həyata keçirməli olan Minsk Qrupunda son dəyişilik də heç bir fayda verməyib, bu mənada İqor Xovayevun fəaliyyəti əvvəlkilərdən fərqlənməyib.

 

Qeyd etdiyimiz kimi, bundan sonra İqor Xovayev Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün xüsusi nümayəndə missiyasını yerinə yetirəcək. Onun yeni işində uğurlu olub-olmayacağını zaman göstərəcək, lakin siyasi ekspertlər gözləntilərin bir o qədər müsbət olmadığını bildirirlər.

 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev ötən ilin avqust ayında Azərbaycana, sentyabrda isə Ermənistana səfər edib. Ondan sonra İqor Xovayev digər həmkarları kimi gözdən itib.


Geri dön