Ana Sayfa > Karusel / Gündəm > Bu qaz sayğacları çox yazır? - AÇIQLAMA

Bu qaz sayğacları çox yazır? - AÇIQLAMA


14-04-2022, 23:10. Yazar: Admin

 Bu qaz sayğacları çox yazır? - AÇIQLAMA

Yayılan məlumatlara görə “Elster G-4” markalı qaz sayğaclarının istismar müddəti bitdikdən sonra avtomatik olaraq həmin sayğaclar 1 m3 əvəzinə, 2 m3 qaz sərfi qeyd edir. Bildirilir ki, “Azəriqaz” İstehsalat Birliyi bu halla bağlı vətəndaşları məlumatlandırmayıb.
Sözü gedən iddialarla bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışdıq.
Qurumun İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Publika.az-a bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir.
“Mayın 18-də “Azəriqaz” İstehsalat Birliyinin İctimai Şurası vəsatət qaldırdı ki, onlara sonradan ödənişli sayğacların guya sərfiyyatının çox olması ilə bağlı xeyli sayda müraciət daxil olub. Şura üzvləri bizə müraciət etdilər ki, mütəxəssislər, QHT və media nümayəndələrinin iştirakı ilə bu məsələni araşdıraq. Birlik rəhbərləri isə buna icazə verərək prosesin yaxından izlənilməsi üçün şərait yaratdı. Daha sonra isə qəza xidməti vasitəsi ilə elan verildi ki, mexaniki sayğacların çox yazması ilə bağlı şikayəti olan vətəndaşlar 104 ilə əlaqə yaratsın və qeydiyyatdan keçsinlər. Bunda sonra isə adıçəkilən mövzu ilə bağlı martın 18-də aidiyyəti departamentdə yoxlama keçirildi. 1 həftə ərzində vətəndaşlarımız qeydiyyatdan keçdi, daha sonra isə bəzi əməkdaşlarımız martın 18-də mənzillərə getdilər. Orada olan sayğaclar çıxarıldı, vətəndaşların gözləri önündə qutuya qoyulub plomlandı. Daha sonra isə Metrologiya departamentinə gətirilib, vətəndaşların gözü önündə həmin plom açıldı. Boruya bənzər xüsusi kameralar vasitəsi ilə sayğacın içinə baxılıb oraya stend qoyulub. İnsan müdaxiləsi olmadan 2 saat davam edən yoxlanış zamanı vətəndaşlar prosesləri kənardan izlədilər. Kompüter işi tamamladıqdan sonra sayğacların bütün detalları üzə çıxdı və əməkdaşlarımız norma ilə sayğacda olan detalları uzlaşdırdı”.
E.Vəliyev vurğulayıb ki, proseslərlə bağlı vətəndaşlarımızın gözləri önündə heç bir neqativ hal aşkarlanmayıb: “36 sayğac yoxlanıldı və heç bir problem üzə çıxmadı. Bu prosesdən sonra isə vətəndaşlarımız öz iddialarından əl çəkdiklərini vurğuladı. Yəni mexaniki sayğacların çox yazması iddiası həqiqəti əks etdirmir. Sadəcə bəzi proseslər var ki, abunəçiləri çaşdıra bilər. Əvvəl limit yuxarı idi, ancaq indi belə deyil. Yəni öncədən 1kub metrə görə 10 qəpik ödənilirdisə, artıq bu məbləğ 12 qəpik olub. Vətəndaş yaranmış fərqi hiss etdiyi üçün bu məsələ ilə bağlı yanlış anlaşılma olur. Smart kart tipli sayğaclarda abonentlər ödədikləri məbləğ qədər istifadə etdikləri üçün heç bir problem yaranmır. Ancaq mexaniki sayğaclarda ayın sonunda bir az yüksək məbləğ gəldikdə çox yazıldığını düşünür. Halbuki, hər ikisindədə aylıq olaraq təxmini eyni məbləğ ödəyir. Yəni smart kartda ödənişi az-az etdiyi üçün gözə görünmür və mexaniki sayğacda bunu görmədikdə problem olduğunu zənn edirlər. Hər iki sayğacın işləmə mexanizmi, sərfiyyat yazma qabiliyyəti eynidir. Aralarındaki tək fərq smart kartda əvvəlcə, mexaniki sayğaclarda isə ayın sonunda ümumi olaraq ödəniş edilir. “Azəriqaz” İstehsalat Birliyinin axşam qərar verib, sabah Avropanın hansısa şirkətindən sayğacları alıb, buraya gətirib, tətbiq etməsi mümkün olan hadisə deyil. Onlar ilk öncə anbarlarayığılır, xüsusi qurumlar onlara nəzarət edir və standartları yoxlanılandan sonra onun tətbiqinə icazə verilir. Yəni bir neçə dövlət qurumunun razılığından sonra cihazların tətbiq edilməsinə başlanılır. Vətəndaşlarımızdan xahiş edirik ki, bu tipli şayiələrə inanmasınlar”.


Geri dön