Ana Sayfa > Karusel / Gündəm > İlkin Süleymanov: "Adım qaçmağa meylli dustaqların siyahısına salınıb"

İlkin Süleymanov: "Adım qaçmağa meylli dustaqların siyahısına salınıb"


11-04-2022, 19:25. Yazar: Admin

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb - Xural qəzeti

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Qarabaginfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda İlkin Süleymanovun vəkili Əlibaba Rzayev son günlər sosial mediada İlkinə sui-qəsd hazırlanması ilə bağlı yayılmış məlumatlardan danışıb.

Vəkil deyib ki, İlkin Süleymanova sui-qəsd təşkil edib, adını da intihar qoymaq istəyirlər.

“Mən müvəkkilimlə dəfələrlə söhbət etmişəm, onun intihar etmək fikri yoxdur. Hər hansı hadisə baş verərsə, bu, İlkin Süleymanova qarşı təxribat hesab olunacaq”, - vəkil əlavə edib.

İlkin Süleymanov da sözügedən məsələyə münasibət bildirib. O deyib ki, hələ bundan əvvəl onun adını qaçmağa meylli dustaqların siyahısına yazıblar: “Bu barədə mənə vəkilim bir müddət əvvəl məlumat vermişdi. Dedi ki, sənin adın qaçmağa meylli dustaqların siyahısına salınıb və həbsxanada şəklini vurublar. Mən bilmək istəyirəm ki, niyə belə edirlər? Mənim qaçmaq fikrim yoxdur, mən ümumiyyətlə elə adam deyiləm. Xahiş edirəm bu məsələ araşdırılsın”.

Prosesin davamında İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadə verməyə davam edib. Şahid müxtəlif epizodlar üzrə dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


Geri dön