Ana Sayfa > Karusel / Gündəm > Paytaxtdakı monitorinqlərdə aşkarlanan nöqsanlar aradan qaldırılır
Paytaxtdakı monitorinqlərdə aşkarlanan nöqsanlar aradan qaldırılır8-04-2022, 15:57. Yazar: Admin |
Bakıda monitorinqlərdə aşkarlanan nöqsanlar aradan qaldırılır. Bu barədə Qarabaginfo.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, BŞİH və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və mədəni inkişafına dəstək olaraq həyata keçirilən tədbirlərin icrası davam etdirilir. Qeyd olunub ki, təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən paytaxtın bir sıra rayonlarında monitorinqlər keçirilərək yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınmasına ehtiyac olan məkanlar və şəhərdə sakinlər üçün narahatçılıq yaradan digər amillər müəyyən edilib. Məlumatda vurğulanıb ki, vətəndaşların qarşılaşdıqları problemlərlə bağlı bu qurumlara edilən müraciətləri də araşdırılır. İlkin olaraq paytaxtın Səbail və Nərimanov rayonlarının ərazisindəki küçə və prospektlərdə, parklarda, məhəllələrdə monitorinqlər aparılıb, nəticələri araşdırılıb və bu zaman aşkarlanan çatışmazlıqların böyük hissəsi aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb, digər məsələlərlə bağlı işlər davam etdirilir. Böyük həcmli işlərin görülməsi istiqamətində tədbirlər planı hazırlanıb. Belə ki, monitorinqlər zamanı Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində səkilərin vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edildiyi üçün burada təmir-bərpa işləri aparılıb və hazırda yekunlaşmaq üzrədir. Küçənin digər hissəsində səkilərə daş döşənməsinə hazırlıq görülür, qazon ortüyü yenilənir, yeni güllər əkilir. Səbail rayonunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısı təmir edilərək yerə tamet daş döşənib. İçərişəhərdə küçə təmir edilib. Digər bir neçə ünvanda da işlər aparılır. Qeyd edək ki, paytaxt rayonlarında birgə monitorinqlərin keçirilməsi davam etdirilir. Geri dön |