“Burda iki önəmli razılaşma var. Birincisi sülh müqaviləsinin hazırlanması üzrə liderlərin xarici işlər nazirlərinə tapşırıq verilməsi... bu, çox önəmlii nəticədir. İkincisi də aprel ayının sonuna qədər sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılaşma”.
Qarabaginfo.az xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli BBC News Azərbaycancana Azərbaycan və Ermənistan liderləri Prezident İlham Əliyev və Baş naziri Nikol Paşinyanın Brüssel görüşünü təhlil edərkən bildirib.
O, qeyd edib ki, hər iki razılaşma çox mühümdür və Azərbaycanla Ermənsitan arasındakı problemlərin həlli üçün önəmli zəmin yaradır.
“Bu razılaşmaları hətta tarixi əhəmiyyətli adlandırmaq olar. Əlbəttə, burda əsas məsələ razılaşmaların həyata keçirilməsi məsələsidir.
Yəni, razılaşma əldə eləmək asandır, amma onların həyata keçilməsi, məncə, elə də asan olmayacaq. Burda Rusiya amilini də nəzərə almalıyıq. Düzdür, bu razılaşmalarda və Şarl Mişelin verdiyi bəyanatda əslində Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş bundan öncəki razılaşmalara, - həm 10 noyabr 2020-ci il tarixli bəyanata, həm 26 noyabr 2021-ci il Soçi bəyanatına istinadlar var.
Burda birbaşa Rusiyanın maraqlarına qarşı yönələn hər hansı bir məqam yoxdur. Amma burda Rusiya hiss eləsə ki, təşəbbüs onun əlindən çıxır və Qərbin əlinə keçir, bu məqamda, məncə, Rusiya destruktivlik edə bilər.
Buna görə də düşünürəm ki, sülh sazişinin hazırlanması prosesi elə də asan olmayacaq. Üstəlik, Rusiyanın bu prosesə təsir imkanları hələ də qalır. Eləcə də Ermənistanın daxili proseslərini də burda qeyd etməliyik. Artıq Ermənistan müxalifəti bu görüş ərəfəsində kütləvi aksiya təşkil etməklə, məncə, Paşinyana bir xəbərdarlıq mesajı göndərib.
Bu baxımdan, Ermənistan daxili siyasətindəki proseslərin də sülh sazişi prosesinə ciddi təsiri olacaq. Əgər Ermənistanda müxalifət Paşinyana qarşı ciddi bir xalq hərəkatı təşkil edə bilərsə, sülh prosesini poza bilərlər. Məncə, belə bir imkanları var”.(Yenisabah)