Ana Sayfa > Karusel / Gündəm > FIDE-nin vitse-prezidenti Rauf Məmmədovun fikirlərinə münasibət bildirib

FIDE-nin vitse-prezidenti Rauf Məmmədovun fikirlərinə münasibət bildirib


7-04-2022, 18:53. Yazar: Admin

Mahir Məmmədov: "Dünya şahmat təqvimində özümüzü yenidən tanıtdıracağıq" - Ən son idman xəbərləri

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov milli komandanın üzvü Rauf Məmmədovun FIDE bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirib.

Qarabaginfo.az-ın məlumatına görə, o, AŞF-nin Mətbuat xidmətinə açıqlamasında bu barədə əlavə şərhə ehtiyac olmadığını söyləyib.

Məmmədov 34 yaşlı qrossmeysterin yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdiyini vurğulayıb.

FIDE prezidenti Arkadi Dvorkoviçin Ukraynadakı hadisələrlə bağlı mövqeyinə də toxunan Məmmədov onun müharibəyə münasibətini aydın şəkildə göstərdiyini bildirib: "Dvorkoviç tamamilə sülh tərəfdarı olduğunu söyləyib. O, fikirlərinin böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib. FIDE idmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakini tənqid edib və sanksiyaya məruz qoyub. Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb. FİDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır".

Federasiya rəhbəri Azərbaycan şahmatçılarının Sloveniyadakı şəxsi Avropa çempionatındakı çıxışını da dəyərləndirib: "İlk növbədə şahmatçılarımızın ötən gün rəsmiləşdirdiyi uğuru qeyd etmək istərdim. Təmsilçilərimiz yarışda yüksək nəticəyə nail olmaqla bizi sevindirdilər. Vasif Durarbəyli 8 xal toplamaqla yekunda 3-8-ci yerləri bölüşdürdü. Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə qərarlaşdı. İlk dəfə olaraq qitə birinciliyinin nəticələrinə əsasən, 4 təmsilçimiz 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı"

O, üç şahmatçının isə fərdi normativləri yerinə yetirdiyini qeyd edib: "Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. Qədimbəyli karyerasında ən yaxşı turnirlərdən birini keçirdi və çempionatda uzun müddət liderlər qrupunda mübarizə apardı. Bununla yanaşı, Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qrossmeyster üzrə son normasını yerinə yetirib".


Geri dön