Ana Sayfa > Karusel / Region > Ukraynada azərbaycanlılara dəyən ziyanı KİM ÖDƏYƏCƏK?
Ukraynada azərbaycanlılara dəyən ziyanı KİM ÖDƏYƏCƏK?6-04-2022, 11:47. Yazar: Admin |
Rusiyanın fevralın 24-dən başlatdığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği hər ötən gün artır. Ukraynanın Baş naziri Denis Şmıqal ötən günlərdə mediaya verdiyi açıqlamada bildirib ki, ölkəyə dəyən maddi ziyanın məbləği 1 trilyon dollardan çoxdur. Baş nazirin dediyinə görə, təkcə ölkə infrastrukturuna 120 milyard dollar ziyan dəyib. Hərbi infrastruktur da nəzərə alınsa, ziyan 270 milyard dollardan artıqdır. Bundan əlavə, müharibə səbəbindən Ükraynada ÜDM-in illik 35 faiz azaldığı diqqətə çatdırılıb. Rəsmi məlumata əsasən, Ukraynada ÜDM 2020-ci ildə 3,8 faiz azaldıqdan sonra 2021-ci ildə 3,4 faiz artaraq 200 milyard dollara yaxın olub. Ukraynadakı müharibənin acı nəticələri bu ölkədə yaşayan azərbaycanlılardan da yan keçməyib. Ukraynada yaşayan və fəaliyyət göstərən xeyli sayda soydaşımız müharibə səbəbindən daimi işini və yaşayış yerlərini itirib. Onların arasında biznes fəaliyyəti ilə məşğul olanların sayı da az deyil. Ümumilikdə Rusiya-Ukrayna müharibəsinin azərbaycanlılara vurduğu ziyanın dəqiq məbləği hələlik məlum olmasa da, kifatət qədər böyük rəqəmlərdən söhbət getdiyi heç kimə sirr deyil. Bəs soydaşlarımıza dəyən ziyanı kim ödəyəcək? Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, soydaşlarımıza dəyən ziyanla bağlı Ukrayna hökuməti dəqiqləşdirmə işləri aparır. “Təbii ki hər kəsə, eyni zamanda, bizim soydaşlarımıza da ziyan dəyib. Bununla bağlı dövlət tərəfindən dəqiq mexanizm işlənilir. Gərək, hamı dəyən ziyanı bir şəkildə sənədləşdirsin. Düzü, bizim soydaşlarımıza dəyən ziyanın miqdarı barədə hələ dəqiq məlumat yoxdur. Amma bunun üzərində işlər gedir”, - deyə C.Məmmədov vurğulayıb. Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar indiyədək 10 mindən çox azərbaycanlı ölkəmizə təxliyə olunub. Geri dön |