Ana Sayfa > Karusel / Dünya > Ərdoğan-Putin anlaşması -

Ərdoğan-Putin anlaşması -


6-03-2020, 16:11. Yazar: Admin

 

 

Suriyanın əsl dostu kimdir?

Bəşşar Əsədin oyuncaq rejim başçısı olduğu bir daha təsdiqləndi. O, “dövlət və milli maraqlar” adı altında Suriyadan və bölgədənxaric qüvvələrin marağını təmsil edir. Əsəd Suriyada atəşkəsə görə məsuliyyət daşımır, yaxud bu rejimi tətbiq etmək iqtidarında belə deyil. Onun yerinə düşünürlər, seçkilər keçirirlər, ölkə neftini bölüşürlər, satırlar, qaçqın vətəndaşlarının, o cümlədən körpə, yaşlı və qadınların qayğısına qalırlar, torpağında atəşkəs elan edirlər. Ölkə ərazisinin bir hissəsinə terrorçu PKK/YPG-PYD qruplaşması nəzarət edir. Qalan hissəsi də müxtəlif maraqların nəzarəti altındadır. Bəşşar Əsədin adına bağlı olan “Suriya ordusu”nun uğurları barədə mənasız məlumatlar yayılır. Əslində isə onun adına bütün işləri İran və Rusiya görür. Bəzən PKK da Əsədin işinə yarıyır.

Martın 5-də Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Suriyada, xüsusilə İdlibdəki vəziyyətlə bağlı keçirilən görüş yuxarıda qeyd etdiklərimizi təsdiqlədi. Görüşdən əvvəl prezidentlərin açıqlamalarında müzakirə ediləcək mövzuların konturları və tərəflərin razılığa gəlməkdən başqa yolunun görünmədiyi qənaətinə gəlmək olardı.

 

 

Vladimir Putin görüşün əhəmiyyətindən danışarkən bildirib: “Hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələrə zərər verməmək üçün görüşməyimizə ehtiyac var”. 

Rəcəb Tayyib Ərdoğan isə cavabında deyib: “Bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyyətinizə görə görüşü burada gerçəkləşdiririk. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəmini yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”.

Qeyd edək ki, son zamanlar Türkiyə ilə Rusiya arasında İdlibdəki vəziyyətlə bağlı üç mərhələdə keçirilən danışıqlar uğursuz başa çatmışdı. Bu baxımdan, dövlət başçılarının görüşü daha böyük maraq kəsb edirdi.

Türkiyə və Rusiyanın bir-biri üçün əhəmiyyətli olduğunu iqtisadi əlaqələrlə də göstərmək olar. Məlum olduğu kimi, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksi alıb. Tərəflər bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını da gizlətmirlər. Akkuyu Atom Elektrik Stansiyasınının tikilməsi ilə bağlı 12 milyard dollarlıq müqavilə indiki şəraitdə Rusiya üçün çox əhəmiyyətlidir. “Cənub axını” təbii qaz layihəsi, turizm, kənd təsərrüfatı məhsullarının ixracı və idxalı sahələrində əməkdaşlıqlar iki ölkənin bir-biri üçün Bəşşar Əsəddən daha çox əhəmiyyətli olduğunu ehtimal etməyə əsas verir.

Xatırladaq ki, 2019-cu ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 2,5 faiz artaraq 21,7 milyard ABŞ dolları hər iki ölkə ərazisində sərmayə layihələrinin həcmi 10 milyard ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Rusiya ilə Suriya arasında ticarət dövriyyəsi 401 milyon 465 min 290 ABŞ dolları olub. Rusiyanın idxalat payında Suriya 130-cu yerdədir. Bu baxımdan, Ərdoğan və Putin açıqlamalarında qarşılıqlı iqtisadi, hərbi əməkdaşlıqla bağlı maraqlara işarə etdilər.

 

 

Rəsmi Kreml Bəşşar Əsədin və indiki Suriyanın iqtisadi maraqlarının təmini baxımından Türkiyədən az əhəmiyyətli olduğunu yaxşı bilir. Ancaq geosiyasi maraqları da unutmur. Bəşşar Əsəd Moskvanın nəyinə lazımdır? Rusiya ilk növbədə Suriyada qalmaq üçün onun adından istifadə edir. Əks halda təbii sual doğur: Suriya ilə heç bir sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var? Ötən illərdə rəsmi Moskva müxtəlif hərbi birləşmələrini bu ölkənin ərazisindən çıxardığını bildirmişdi.

Rusiya qoşunları Suriyanın Hmeymim və Tartus şəhərlərində daimi dislokasiya edib. Moskva Suriyanın şimalındakı əl-Kamışlı şəhərində də helikopter bazası yaratmaq istəyir. Bu üçüncü daimi baza olacaq. Bundan başqa Rusiya aviasiyası Şayrat və Tiyasdakı aerodromlardan da istifadə edir. TASS-ın məlumatına əsasən, 2016-cı ilin avqustunda Hmeymimdə Rusiyanın 20-dən artıq hərbi təyyarəsi (“Su-24M”, “Su-25”, “Su-30SM” ), 10-a yaxın helikopteri (“Mi-24”, “Mi-8”), “İl-20M1” kəşfiyyat təyyarəsi, pilotsuz uçan aparat kompleksi, “S-400” zenit raket kompleksi yerləşdirilib. Bundan başqa, “Vaqner” adlı muzdlular da Rusiyaya aiddir. Son zamanlar Rusiyanın Suriyadakı hərbi kontingenti barədə məlumat yayılmır. Əslində Türkiyə Rusiyanın Suriyada hərbi baza yerləşdirməsinə etiraz etmir. Rəsmi Ankara Kremlin Bəşşar Əsədi müdafiəsindən geri çəkilməsini istəyir.

Görüşdən əvvəl liderlərin müzakirə edəcəyi məsələlər barədə məlumat yayılmışdı. Türkiyə Bəşşar Əsəd rejiminin İdlib əyalətində Soçi razılaşması sərhədlərinə geri çəkməsini, İdlibə hücumların dayandırılmasını, mülki şəxslərin Türkiyəyə köç etməsinin qarşısının alınması üçün davamlı atəşkəsin tətbiqini istəyirdi. Rəsmi Ankara bildirirdi ki, əks halda “Bahar qalxanı” əməliyyatı Əsəd qüvvələri Türkiyənin İdlibdəki müşahidə məntəqələrinin gerisinə çəkilincəyədək davam etdiriləcək. Bundan başqa, rəsmi Ankaranın təyyarə uçuşlarına qadağa qoyulan bölgə və hava sahəsindən istifadəni də danışıqlar masasına çıxardığına dair məlumat yayılmışdı. Rusiya tərəfi isə Soçi razılaşmasının yenilənmiş hissəsini təqdim edib. Rəsmi Moskva Suriyanın Serakib bölgəsindən keçən M-4 və M-5 avtomobil yollarının Əsəd rejiminin ixtiyarına verilməsini istəyib. Rusiya rejimə aid qüvvələrin nəzarətinə keçən bölgələrdəki Türkiyə Silahlı Qüvvələrinə məxsus müşahidə məntəqələrinin daha şimala və Türkiyə sərhədlərinə çəkilərək qaçqın axınının qarşısının alınması üçün xidmətini təklif edib. Rəsmi Moskva Suriya Milli Ordusu (Azad Suriya Ordusu), Ahrar-üş-Şam, İhvan Feylak-əl-Şam, Türkmən-çeçen-özbək-dağıstanlı Nureddin Zeng Tuğayının tərksilah edilməsini istəyib.

 

 

Hər halda tərəflərin qəbul etdiyi üç maddəlik razılaşmadan və dövlət başçıları arasında danışıqların üç saatdan artıq davam etməsindən bu təkliflərin müzakirə olunduğu qənaətinə gəlmək olar. Beləliklə martın 5-də aşağıdakı razılıq əldə edilib:

- martın 6-da saat 00.01-dən etibarən İdlibdə bütün hərbi fəaliyyət dayandırılır;

-Türkiyə və Rusiya Suriyada M-4 avtomobil yolunun şimal və cənubunda 6 km-lik təhlükəsizlik dəhlizi yaradacaq;

- martın 15-dən Rusiya və Türkiyə M-4 avtomobil yolu boyunca birgə patrul xidməti həyata keçirəcək.

Təhlükəsizlik dəhlizini hər iki ölkənin müdafiə nazirləri 7 gün ərzində müəyyənləşdirəcək.

 

 

M-4 Suriyanın Latakiya və Hələb şəhərlərini birləşdirdiyindən Rusiya üçün böyük əhəmiyyət daşıyır. Çünki Hələb və Latakiyaya Rusiya nəzarət edir. Bu şəhərlər arasında quru yolunun təhlükəsizliyi Moskva üçün strateji əhəmiyyət daşıyır. Deməli, Ərdoğan-Putin görüşündən İdlibdə atəşkəs rejiminin tətbiqi razılaşması əldə olundu.

BMT-nin baş katibi Antonio Quttereş atəşkəsin davamlı olacağına ümid etdiyini bildirib. ABŞ Rusiya ilə Türkiyə arasında əldə edilən atəşkəsi alqışladığını və bu prosesin gərginliyin azalmasına xidmət edəcəyinə ümidvar olduğunu bəyan edib. Dövlət Departamentinin yaydığı açıqlamada daha sonra bildirilib: “ABŞ NATO-dakı müttəfiqi Türkiyə ilə davamlı atəşkəsin əldə edilməsinə dair məsələnin detallarının müzakirəsini səbirsizliklə gözləyir. Bəşşar Əsəd və onu dəstəkləyənlərin hərbi əməliyyatlar bölgəsində atacağı addım çox vacibdir. Bu, atəşkəsin davamlılığının göstəricisi olacaq”.

Yeri gəlmişkən, hadisələr vaxtı ABŞ və Yunanıstan istisna olmaqla Türkiyənin NATO-dakı müttəfiqləri rəsmi Ankaranın İdlibdəki hadisələrlə bağlı mövqeyini dəstəklədi. Hətta ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri bildirmişdi ki, Türkiyə və Suriya Milli Ordusu İdlibdə humanitar fəlakətin qarşısını almağa çalışır: “Türk hərbçisi sülhsevər yol axtarır. Türkiyə NATO və ABŞ-dan yardım istədi. Donald Tramp buna dəstək vermişdi”. O, İdliblə bağlı “Türkiyəyə silah-sursat və humanitar yardım etməyə hazır” olduqlarını bildirmişdi. Vaşinqtonun Ankaradakı səfiri David Satterfild isə Türkiyəyə “Patriot” verilməsi məsələsini araşdırdıqlarını vurğulamışdı.

 

 

Beləliklə, Türkiyə Silahlı Qüvvələri Suriyada “Fərat qalxanı”,“Zeytun budağı” antiterror əməliyyatlarını keçirib, “Bahar qalxanı”nı isə reallaşdırır. Birinci iki əməliyyat zamanı Türkiyənin qarşısında ABŞ və Qərb bloku dururdu. Ankara NATO-dakı müttəfiqlərinin dəstəklədiyi terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı antiterror əməliyyatı keçirirdi. “Bahar qalxanı” isə Rusiya və İranın İdlibdə dəstəklədiyi Bəşşar Əsəd silahlıları ilə mübarizə edir. Türkiyənin bu istiqamətdə əsas hədəfi Suriya ərazisində 32 km-lik dərinliyində təhlükəsizlik dəhlizini təmin etmək, ölkə ərazisinə sığınmış 2 milyon suriyalı qaçqını həmin ərazidə yerləşdirməkdir. Bununla da rəsmi Ankara Suriyaya xoş məramını nümayiş etdirir. Türkiyə bu ərəb respubikasının ərazisini ən çox istəyən və bu istiqamətdə fəaliyyət göstərən bəlkə də yeganə dövlətdir.

Bütün bunların fonunda təbii sual yaranır: Suriyanın əsl dostu kimdir - oyuncaq rejim və onu dəstəkləyənlər, yoxsa terrorçu PKK/YPG-PYD-ni silahlandırıb təlimatlandıranlar, yaxud Suriyanın ərazi bütövlüyünü müdafiə edib 3,6 milyon vətəndaşına sığınacaq verib onların öz ölkəsinə qayıtmasına çalışan Türkiyə? Atəşkəsin davamlılığı bu suallara qısmən də olsa, aydınlıq gətirəcək. Hələlik atəşkəsə əməl edilir.


Geri dön