Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda koronavirusla bağlı məlumat bazası yaradılır

Azərbaycanda koronavirusla bağlı məlumat bazası yaradılır


5-03-2020, 18:24. Yazar: Admin

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı növbəti toplantı keçirilib. Toplantıda ölkəmizdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışılıb. Koronavirus, o cümlədən digər qrip infeksiyaları barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Bu barədə "Qarabaginfo"ya İSİM-in Səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev işçi heyətə virus haqqında insanları doğru məlumatlandırmaq, əhalinin hər bir təbəqəsinin informasiyalara əlçatanlığını təmin etmək üçün xüsusi tapşırıqlar verib. O qeyd edib ki, görüləcək işlər sürətlə həyata keçirilməli və beynəlxalq standartlara cavab verməlidir. Eyni zamanda vurğulanıb ki, koronavirus xəstəliyinin qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafiq məlumatlandırıcı materiallar Dünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. Maarifləndirici materialların təhsil müəssisələrində, idarə və təşkilatlarda paylanılması, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Materiallara əlçatanlığın təmin edilməsi məqsədilə, İSİM-in sağlamlıq portalında (http://www.saglamliq.isim.az/) koronavirus barədə ayrıca məlumat bazasının yaradılması və maarifləndirici materialların burada yerləşdirilməsi qərara alınıb.


Geri dön