Ana Sayfa > Karusel / Region > Ukrayna müharibəsinin 40 günü - döyüşü kim udur?
Ukrayna müharibəsinin 40 günü - döyüşü kim udur?4-04-2022, 14:50. Yazar: Admin |
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından 40 gün keçir. Bu müddət ərzində hansı tərəf irəlidədir? Müharibə, yoxsa hərbi əməliyyat? Bu qarşıdurmada kim udur? Buça qətliamı Xocalı soyqırımına niyə oxşayır? Müharibə hara qədər davam edəcək? Rusiyanı bu yükdən kim xilas edə bilər? Deməli, bu qarşıdurmanın yaşı çox uzaqlardan başlayır. Tarixin dərinliyinə çox getmədən, demək olar ki, Ukrayna əhalisinin, ziyalılarının keçmiş Sovet İttifaqına münasibət birmənalı deyildi. SSRİ-nin ən yaxşı dövrü 1965-1985-ci illər sayılır. Həmin dövrdə Ukraynada dissidentlərin sayının mindən çox olduğu bildirilir. Əslində, bu müttəfiq respublikada dissident hərəkatı var idi. Odur ki, bu hadisələri Ukraynanın NATO-ya və ya Avropa İttifaqına üzv olmaq istəyi ilə məhdudlaşdırmaq sadəlövhlükdür. Ukraynanın o vaxtkı prezidenti Leonid Kravçuk da elə bu proses nəticəsində SSRİ-nin dağılması ilə bağlı sənədi imzaladı. Sonrakı dövrdə bu respublika Moskvanın təsirindən qaçamağa çalışıb. Hər dəfə proses müxtəlif səbəblərdən ləngiyib. Ümumiyyətlə, rəsmi Kreml bir sıra səbəblərdən Ukraynanı təsir dairəsində saxlamaq üçün bütün variantlardan istifadə edib. Ölkə ərazisində separatçılığı dəstəkləməkdən Krımın ilhaqınadək ölkə üçün ciddi problemlər yaradıb. Son zamanlar separatçıların “respublikaları”nı tanıyaraq elə həmin gün onlarla əməkdaşlığa dair müqaviləni imzalayıb Ukrayna ərazisinə açıq müdaxilə etdi. Düzdür, Rusiya bunu “nasistləri” hakimiyyətdən salmaq, Ukraynanı “tərksilah” etmək üçün “xüsusi hərbi əməliyyat” adlandırır, ancaq bu, bütün göstəriciləri ilə müharibədir. Ukraynaya 1500-ə yaxın raket atılması, dinc sakinlərin qətlə yetirilməsi, infrastrukturun dağıdılması, 160-a yaxın uşağın qətli, yaşayış binaları, məktəb, xəstəxana, uşaq bağçası, mədəniyyət obyektləri və tarixi abidələrin bombardman edilməsi, 10 milyondan çox dinc sakinin öz ev-eşiyindən qaçqın düşməsi, 4 milyondan çox ukraynalının xarici ölkədə sığınacaq tapması, Rusiya qırıcı təyyarələrinin Ukrayna ərazisini bombalaması, şəhər və kəndlərdən dinc sakinlərə məxsus avtomobillərin Rusiya tankları ilə əzilməsi və s. hadisələr bunun müharibə olduğunu deməyə əsas verir. Bu baxımdan, belə iri miqyaslı hərbi əməliyyatın mahiyyətini kiçiltməyə cəhd məntiqli görünmür. Rusiya Donbasda Luqansk və Donetskdə elan olunan “respublikaları” müdafiə etmək üçün Ukraynaya qoşun yeritdiyini bildirirdi. O zaman təbii olaraq belə bir sual yaranır: Rusiya Kiyev yaxınlığına qoşunlarını niyə yeridib? Qeyd edək ki, Luqanskdan Kiyev şəhərinə məsafə 800 km-dir. Rusiya əsgərinin bu uzaqlıqda yolu qət etməsini “xüsusi hərbi əməliyyat” adlandırmaq tarixin yaddaşında pərdələnməyə daha çox oxşayır. Yeri gəlmişkən, 40 gün ərzində Rusiya 18 300-ə yaxın hərbçi itirib. “Xüsusi əməliyyat” aparanların 647 ədəd tankı, 1 844 ədəd zirehli döyüş maşını, 330 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 147 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1273 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 92 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib. Hadisələrə əsasən belə ehtimal etmək olar ki, Rusiya müharibəni daha tez başa çatdırmaq niyyətində olub. Ona görə də ona “xüsusi hərbi əməliyyat” adı verib. Bəlkə də o, 2008-ci ilin avqustunda Gürcüstanda baş verənlərə arxayın olub. Ancaq Ukrayna və Qərb bu dəfə Gürcüstandakı hadisələrin təkrarlanmasına imkan vermədi. Mahiyyətcə Rusiyanı hibrid müharibəsinə cəlb edə bildi. Keçmiş SSRİ-dəki münaqişələrdə Rusiya, demək olar ki, özünü açıq-aşkar göstəmir, separatçıların əli ilə müstəqil dövlətləri silahlı münaqişələrə cəlb edirdi. Ancaq bu dəfə elə olmadı. Rusiya müharibədə özünü aşkar göstərdi. Bununla da Ukraynadakı hadisələrin zərbəsi həm də Federasiyaya da ciddi və sərt şəkildə dəyməkdədir. Sanksiyaların yaxın günlərdə daha da sərtləşəcəyi və genişlənəcəyi istisna edilmir. Bu, xüsusilə havalar istiləşdikcə Rusiyanın Avropaya nəql etdiyi təbii qazdan imtinada da özünü daha qabarıq göstərəcək. Rusiya nefti, təbii qazı və silah satışına sanksiyaların tətbiqi ölkə iqtisadiyyatına ağır zərbə vuracaq və s. Rusiya Ukrayna ərazisinin bir hissəsini ələ keçirməklə irəlidə olmuş sayılır. Ancaq son zamanlar Ukrayna Silahlı Qüvvələrinin əks hücumları nəticəsində onları tutduqları mövqelərdən çıxardıqlarına dair məlumatlar yayılır. Həm Rusiya, həm də Ukrayanın daha çox Donbas istiqamətində qüvvə cəmləşdirdikləri bildirilir. Göründüyü kimi, hərbi əməliyyatlar Rusiyanın planlaşdırdığı kimi getmir. Ukraynalılar müqavimət göstərməklə daha çox qalib görünürlər. Çünki Rusiya hərbi gücünə görə Ukraynadan dəfələrlə qüdrətlidir. Bu ordu vaxtilə ABŞ və NATO-ya qarşı müharibədə iştirak edib. Ancaq 40 gündür ki, Ukraynanın müqavimətini sındıra bilmir. Bu halı ilə Rusiya daha çox məğlub durumda görünür. Rəsmi Moskva Ukraynada nə tələb edir: NATO-ya qoşulma, Qərblə eyni blokda olma. Niyə? Çünki o, bunu təhlükəsizliyi üçün hədə sayır. NATO və Avropa İttifaqının üzvləri Litva və Estoniya Rusiya, eyni statusda olan Latviya isə Rusiyanın ən yaxın müttəfiqi Belarusla həmsərhəddir. Rusiyanın məntiqi ilə onda gərək bu respublikalarda da “xüsusi hərbi əməliyyatlar” keçirilməlidir. Çünki Rusiya Qərb istiqamətində hara dönsə, hansı ərazidə əməliyyat keçirsə, yenə də qonşuluqdan qaça bilmir. Bu baxımdan, Ukrayna ilə bu genişlikdə qarşıdurma yaratmaq daha çox ziyan və itki ilə davam edir. Üstəlik, Rusiyanın beynəlxalq miqyasda nüfuzuna ciddi xələl dəyir. Rusiya hakimiyyətinin müharibə cinyatlərində ittiham olunacağı ilə bağlı istintaq materialları toplanır, araşdırma aparılır. Bu məsələyə daha biri də əlavə olunacaq - Buça qətliamı. Bu şəhərin 1898-ci ildə salındığı bildirilib. 2019-cu ilin məlumatına görə, Buçanın 35 162 nəfər əhalisi var. Şəhər Ukraynanın Kiyev vilayətinin tabeliyindədir. Əvvəllər o, şəhərtipli qəsəbə kimi İrpen Şəhər Şurasına tabe idi. Buçada çox şiddətli döyüşlər gedib. Şəhərin müqavimətini qıra bilməyənlər dinc sakinləri qətl edib qətliam törədiblər. Aprelin 4-nə olan məlumata görə, azı 350 dinc sakin qətlə yetirilib... Azərbaycan işğalı və soyqırımı yaşamış dövlətdir. Buçada törədilən qətliam Azərbaycanda 20 Yanvar, Xocalı, Qaradağlı, Ağdaban və s. cinayətlər nəticəsində azərbaycanlıların ürəyində, yaddaşında əmələ gəlmiş yaranı göynətdi. Çünki Buça faciəsini o yaraları yaşadanlar daha yaxşı hiss edirlər. Rusiyanın 366-cı motoatıcı alayının Azərbaycanda törətdiyi soyqırım tarixə qanlı hadisə və dünya insanlığının üz qarası olaraq düşüb. Buçada törədilən cinayət Xocalı, Qaradağlı və başqalarının eynisidir. Sadəcə, yer adları fərqlidir. Bir zamanlar Buça qətliamını və Xocalı soyqırımını törədənlər mühakimə olunacaq. Müasir dünyada bu kimi hadisələri törədənlər mühakimə olunub cəzalanmazsa, cinayətin miqyası, coğrafiyası genişlənə bilər. Rəsmi Moskva və Kiyev öz şərtlərindən geri çəkilmir. Ukrayna ərazi bütövlüyünün təmin olunmasında qətiyyətli görünür. Rusiya arzularını reallaşdırmaqda israr edir. Bu halda ehtimal etmək olar ki, Ukrayna ərazi bütövlüyünü təmin edənədək müharibə sürəcək. Krımın taleyi danışıqlar mərhələsinə qala bilər. Ancaq indiki mərhələdəki danışıqlar prosesi hələ ki tərəflərin bir-birinə tələblərini təqdim etməklə davam edir. Bunun da yaxın günlərdə nəticə verəcəyi ehtimalı çox azdır. İndi səslənən təkliflərin bir çoxu “Normand formatında” irəli sürülmüşdü. Əgər yenidən “Normand”a qayıdılacaqdılarsa, onda bu sayda itkilərə, qaçqınlara, belə həcmdə iqtisadi ziyana nə ehtiyac var idi? Atəşkəslə bağlı razılıq əldə olunsa belə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qalxacağı gözlənilmir. Çünki 2014-cü ildə Qərb Rusiyadan Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını istəyir. Buna görə də Krımın ilhaqı və Donbasda separatçılığı dəstəklədiyi üçün RF-yə sanksiya tətbiq etmişdi. İndi isə Qərb blokunun bu sanksiyaları qüvvədə saxlayıb daha genişləndirmək üçün əlində daha çox əsas var. Bu baxımdan da Rusiya “xüsusi hərbi əməliyyatlar" nəticəsində uzun müddətə sanksiyalar əldə edəcək. Bəzən dövləti hərb maşını, diktatura və s. mürtəce əlamətləri ilə güclü sayırlar. Ancaq müasir dünyada dövlət iqtisadiyyatı, texnologiyası vətəndaş cəmiyyəti, demokratik dəyərlərin inkişafı, azad, ədalətli və şəffaf seçkilər keçirməsi, başqa xüsusiyyətləri ilə güclü bilinir. Bu baxımdan, Rusiyanı baş verənlərdən yalnız güclü olmaq cəhdləri xilas edə bilər. Nəhayət, 40 gün əvvəl beynəlxalq hüquq, beynəlxalq hüquq normaları, BMT və başqa beynəlxalq təşkilatların nizamnamələri pozuldu. Rusiya Ukrayna ərazisinə müdaxilə etdi, müharibə başladı. Bu müharibə beynəlxalq münasibətlərlə bağlı hüquqi aktlara hörmətsizlik, onları heçə saymaq idi. Təəssüf ki, bu sayğısızlıq hələ də davam edir. Müharibə dünyaya Ukrayna xalqının potensialını göstərdi. Uzun illər SSRİ və Rusiyaya bəstələnən münasibət bu savaşda özünü göstərdi. Qaçqın ukraynalılar daha çox Avropaya üz tutmaqla Rusiyadan birdəfəlik üz döndərdiklərini sübut etdilər. Xalq sevgisinin güc yolu ilə əldə edilmədiyi təsdiqlənir. Bu savaş iki qardaş etnos arasında düşmənçilik münasibətlərini dərinləşdirdi. Ukraynanın uduşu gələcəkdə özünü göstərəcək. Ukraynalılar qanları bahasına əldə etdikləri azadlığı kimsəyə güzəştə getməyəcək. O, Avropa ailəsinin daha layiqli və güclü bir üzvü olacaq... Son olaraq, Rusiya bu savaşı aparmaqda haqlıdırmı? Onun davranışını dünyada neçə dövlət dəstəkləyir? Moskvanın “xüsusi hərbi əməliyyatlar"a başlamasında haqlı olmasını dəstəkləyənlərin sayı bu suallara cavabdır.(Report) Geri dön |