Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin tətbiqi zəruridir, bu tədbirlərin məzmunu yaxın günlərdə Avropa İttifaqı tərəfindən müəyyən ediləcək.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Le Drian səfərdə olduğu Tallinndə keçirdiyi mətbuat konfransında bildirib:
"Biz hesab edirik ki, Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etmək lazımdır. Bu, Versal sammitində, eləcə də Aİ ölkələrinin son iclasında qərara alınıb. Sankiyaların məzmunu yaxın günlərdə müəyyənləşəcək”.
Qərb ölkələri Ukraynadakı müharibəyə görə Rusiya Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edib. Martın əvvəlində Avropa İttifaqı Rusiyanın yeddi bankını SWIFT sistemindən ayırmaq qərarına gəlib: bunlar VTB, Rossiya və Otkritie bankları, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF dövlət korporasiyasıdır.
Maliyyə naziri Anton Siluanov deyib ki, Qərb ölkələri Ukrayna ilə bağlı sanksiyaların bir hissəsi olaraq Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısını, yəni 300 milyard dollarını dondurub.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, “kollektiv Qərb” Rusiya aktivlərini dondurmaqla əslində öz valyutalarının etimadının üstündən xətt çəkib.