Ana Sayfa > Karusel / Qarabağ > Erməni silahlı dəstələri Qarabağdan çıxmasa, Azərbaycan necə hərəkət edəcək?

Erməni silahlı dəstələri Qarabağdan çıxmasa, Azərbaycan necə hərəkət edəcək?


31-03-2022, 17:31. Yazar: Admin
Erməni silahlı dəstələri Qarabağdan çıxmasa, Azərbaycan necə hərəkət edəcək?

 

 

Ermənistan baş naziri Nikol Paşinyan yenə də sayıqlamaqda davam edir. Belə ki, növbəti açıqlamasında o bildirib ki, Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasını tələb etməsi məntiqsizdir. O, həmçinin əlavə edib ki, Ermənistan qoşunlarını harda saxlayacağına, hara hərəkət edəcəyinə özü qərar verir.  
Paşinyan bir yandan Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən tanındığını bəyan edir, digər tərəfdən isə Azərbaycanın qanunsuz silahlı qruplaşmalarla bağlı haqlı tələbini məntiqsiz adlandırır. Ermənistan baş nazirinin məsələyə belə ikili yanaşması fonunda 10 Noyabr bəyannaməsindən irəli gələn müddəaların tam icrası necə həyata keçəcək? Azərbaycan qanuni istəyinə necə nail olacaq?
Qarabaginfo.az-ın xəbərinə görə, Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bu məsələni, Azərbaycan və Rusiya sülhməramlılarının həll edəcəyini deyib:
"Qarabağdakı qanunsuz silahlı birləşmələrdən danışırıqsa, onlar heç bir qanunla tənzimlənmir. Azərbaycan ərazisində Azərbaycan dövlətinin qanunları işləyir. Paşinyan özünün də qol çəkdiyi üçtərəfli bəyannamənin 4-cü bəndinə əməl etməlidir. Bu ola-ola Paşinyanın Azərbaycanın qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasını tələb etməsini məntiqsiz adlandırması onun siyasi savadsızlığından irəli gəlir.
Azərbaycan öz maraqlarına uyğun hərəkət edir. İrəvana 5 bənddən ibarət təklif irəli sürüb. Bu mənada gec-tez həmin tələblər, o cümlədən qanunsuz silahlı dəstələrin çıxarılması da, yerinə yetiriləcək. Qanunsuz silahlı birləşmələrin aqibəti məsələsinin Paşinyana heç bir aydiyyətı yoxdur. Bu məsələni, Paşinyansız da Azərbaycan və Rusiya sülhməramlıları həll edəcək. Həmin məsələ istiqamətində ciddi işlər gedir. Bu məsələ də öz həllini tapacaq”. 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də düşünür ki, belə vəziyyətdə Azərbaycan növbəti dəfə İrəvana dəmir yumruğunu göstərməli olacaq: 
"44 günlük müharibədə aldığı zərbədən özünə gəlməkdənsə, Paşinyanda daha ciddi başgicəllənməsi yaranıb. O, 10 Noyabr bəyannaməsinə imza atanda nəyi imzaladığını başa düşməli idi. Həmin bəyannaməyə görə, Rusiya sülhməramlıları Qarabağdakı erməni terrorçuları, separatçı rejimin tör-töküntüləri və Ermənistan ordusunun qalıqlarının çıxması ilə paralel yerləşməli idilər. Paşinyan dəfələrlə bildirib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Belə olan halda, Paşinyanın son açıqlaması ona Rusiya tərəfindən stimul verildiyini göstərir. Moskva növbəti gərginlik ocağı yaratmaqda maraqlıdır. Amma bu gərginlik Ermənistana əl verməyəcək. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, Azərbaycan dərhal onun həyata keçməsi üçün sülhə məcburetmə əməliyyatına başlaya bilər və başlamalıdır”. 

Geri dön