Ana Sayfa > Karusel / Siyasət > Bolqarıstan parlamentinin sədr müavini Azərbaycanda səfərdədir
Bolqarıstan parlamentinin sədr müavini Azərbaycanda səfərdədir30-03-2022, 17:37. Yazar: Admin |
Martın 30-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin sədr müavini Mukaddes Nalbant ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, Əli Hüseynli Azərbaycanla Bolqarıstan arasında əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Azərbaycanla Avropa arasında həyata keçirilən enerji layihələrində Bolqarıstanın da mühüm rol oynadığını deyən Əli Hüseynli 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyə və Bolqarıstan parlamentində Xocalı soyqırımına dair sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib. Birinci vitse-spiker qonağa məlumat verib ki, 2020-ci ildə Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməklə BMT-nin 4 qətnaməsinin icrasını öz gücü ilə təmin etməklə yanaşı, həm də ərazi bütövlüyünü bərpa edib. Bolqarıstan parlamentinin sədr müavini ölkələrimiz və xalqlarımız arasındakı səmimi münasibətlərdən danışıb. O, iki ölkə arasındakı dost münasibətlərin bundan sonra da davam edəcəyinə inamını ifadə edib. Söhbət zamanı parlamentlərarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolu, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Mukaddes Nalbant Azərbaycan xalqına, dövlətinə və parlamentinə bundan sonra da tərəqqi və inkişaf arzularını çatdırıb. Görüşdə Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov iştirak ediblər. Geri dön |