Ana Sayfa > Karusel / Gündəm > QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib
QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib29-03-2022, 15:41. Yazar: Admin |
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlaması ilə əlaqədar fətva verib. Qarabaginfo.az xəbər verir ki, fətvada bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan və orucluq ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir: “Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2 aprel 2022-ci il tarixinə təsadüf edəcək. Artıq ikinci ildir ki, Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son qoymuş millət kimi qədəm qoyuruq. Qarabağa zəfər yürüşünün əzmlə sona çatması Rəhman və Rəhim Allahın lütfü və tarixi ədalətin bərpası oldu. Biz dindarlar Qarabağ zəfərini ərəfəsində olduğumuz Ramazani-şərifin fəzilətlərindən olan ədalətin zülm üzərində qələbəsi kimi dəyərləndirərək qazilərimizin qəhrəmanlıqlarını təqdir edir, amalı Peyğəmbər (s) və Əhli-Beyt (ə) sevgisi olan şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, bizə bu səadəti yaşatdığına görə ordu-dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə və Ali Baş Komandan İlham Əliyevə sonsuz dualar edirik. On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə dövlət başçımız, Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Fətvada qeyd edilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib: “Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Biz xalqımıza təqvimin internet versiyasından istifadəni tövsiyə edirik. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur. Fətvada deyilib ki, Eydül-Fitr – Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf etməsi gözlənilir. Geri dön |