Ana Sayfa > Karusel / Cəmiyyət > “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” layihəsi start götürüb

“Sağlam ailə sağlam cəmiyyətin təməlidir” layihəsi start götürüb


29-03-2022, 07:11. Yazar: Admin

Bu gündən etibarən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyinin cənub bölgəsində “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı layihəsi start götürüb.

Qarabaginfo.azxəbər verir ki, tədbir “MAGİYA” İB-nin sədri Afiq Məlikovun iştirakçılara donor, təşkilat və tədbirin proqramı haqqında məlumat verməsi ilə başlayıb. Daha sonra çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, Lənkəran Şəhər Bələdiyyəsinin üzvü, YAP Ləmkəran Rayon Təşkilatının Gənclər Birliyinin sədri Teymur Babazadə gənclərə uğurlar arzulayaraq sağlam ailə haqqında öz fikirlərini bölüşüb. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin Baş məsləhətçisi Kənan Qasımzadə də gəncləri salamlayaraq tədbirdə iştirak haqqını qazanan iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbir Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri, ekspert Ziya İsmayılovun çıxışı ilə davam edib. Z.İsmayılov Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlər və adət-ənənələri, multikulturalizm və multietnosluq haqqında danışmış, qloballaşma və modernləşmə dövründə milli ailə dəyərləri barədə zəngin təcrübəsini gənclərlə bölüşmüşdür.

Tədbir nahar fasiləsindən sonra “Azərbaycanda klassik və müasir ailə dəyərləri, “Nikah və boşanmalar”, Vulqar ənənələr” və s. kimi önəmli mövzularda davam edəcəkdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8,900 (səkkiz min doqquz yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi respublikada ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran və qurmaq üzərə olan gənc  ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir.

Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən qarşılanır.(Azad Şuşa)


Geri dön