Ana Sayfa > Karusel / Gündəm > GGFR: "Azərbaycan daha cəlbedici enerji mənbəyinə çevrilir"

GGFR: "Azərbaycan daha cəlbedici enerji mənbəyinə çevrilir"


27-03-2022, 17:31. Yazar: Admin

“Səmt qazının yandırılmasını və emissiyalarını fəal şəkildə azaldan ölkələr, məsələn, Azərbaycan, daha cəlbedici enerji mənbələri olacaqlar, ona görə də SOCAR-ın davamlı olaraq qazın məşəldə yandırılmasını azaltmaq öhdəliyini yerinə yetirdiyini görmək sevindiricidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Dünya Bankının “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq” (GGFR) proqramının rəhbəri Zubin Bamci deyib.

“Qlobal miqyasda səmt qazının məşəldə yandırılması hər il CO2 ekvivalentində təxminən 400 milyon ton emissiya ilə nəticələnir. Bu, çirkləndirici təcrübədir və buna son qoyulmalıdır, neft idxal edən ölkələr də bunu dərk etməyə başlayırlar. Onlar aldıqları neftin ən yüksək ekoloji standartlara cavab verən istehsalçılardan olmasını təmin etmək imkanına malikdirlər. Onlar energetika sektorunun karbonsuzlaşdırılmasında mühüm rol oynaya bilərlər”, - Z.Bamci bildirib.

GGFR-in peyk əsasında apardığı qiymətləndirilmələrə görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildəki 333 milyon kubmetrdən 2020-ci ildə 135 milyon kubmetrə qədər davamlı olaraq azaldıb. “Bununla yanaşı, səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb. Bu irəliləyiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2030-cu ilə qədər məşəldə yandırmanın sıfıra endirilməsi üzrə beynəlxalq məqsədə sadiqliyini və səmt qazına neft hasilatının faydasız məhsulu yox, qorunmalı resurs və ekoloji problem kimi yanaşdığını əks etdirir”, - sənəddə deyilir.

SOCAR-ın ilkin “qaz tullantılarının azaldılması planı” səmt qazının toplanması və utilizasiyası üzrə layihələr həyata keçirilməklə 2022-ci ilə qədər uzadılıb. GGFR-in köməyi ilə SOCAR həmçinin qazın və atmosferə atılan zərərli maddələrin sərfiyyatının hesablanmasının yeni metodikasını işləyib hazırlayıb.

SOCAR-ın səmt qazı emissiyalarının azaldılması planının ilkin mərhələsində - 2011-ci ildən 2016-cı ilə qədər olan dövrdə Dövlət Neft Şirkəti BP ilə birlikdə “Azneft” İstehsalat Birliyinin “Günəşli” və “Neft Daşları” yataqlarında, o cümlədən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda səmt qazının toplanması üzrə irimiqyaslı ekoloji layihələr həyata keçirib. Ötən il üç əsas neft yatağında emissiyalar sıfıra endirilib.

Hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda səmt qazının məşəldə yandırılmasının azaldılması layihəsinin icrası nəticəsində enerji məqsədləri üçün hasil edilən qazın həcmi təxminən 25 % artaraq 2011-ci ildəki sutkada 1,5-1,6 milyon kubmetrdən 2016-cı ildə sutkalıq 1,9-2 milyon kubmetr səviyyəyə çatıb. SOCAR və BP arasındakı ekoloji əməkdaşlıq nəticəsində hazırda hər il təxminən 265 000 ton CO2 emissiyası azaldılır.

SOCAR bu təbii qazdan Azərbaycanda enerjiyə çıxış imkanlarını genişləndirmək üçün istifadə edir. SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi çərçivəsində Dövlət Neft Şirkəti 2018-ci ildə “Siyəzənneft” NQÇİ-də “Zağlı-Zeyvə” yatağını pilot sahə kimi müəyyənləşdirərək burada səmt qazının toplanması üzrə layihə həyata keçirib.

GGFR-in hesabatında bildirilir ki, birbaşa atmosferə atılan emissiyaları azaltmaq üçün SOCAR öz infrastrukturuna sərmayə qoyaraq ərazidə üç qaztoplama məntəqəsində yeni kompressorlar, separatorlar, o cümlədən onlayn idarəetmə sistemi quraşdırıb, bu da ildə 6,8 milyon kubmetr səmt qazının tutulması, saxlanması və nəqlinə imkan verib. NAMA layihəsi çərçivəsində SOCAR hazırda səmt qazını toplayır və ucqar kənd yerlərində yaşayan yerli icmaların istifadəsi üçün nəql edir.

“Əlbəttə, 15 kənddə mindən çox insanın təbii qazdan aldığı faydası ondan ibarətdir ki,  evlərə verilən elektrik enerjisi bu qaz hesabına istehsal olunur. NAMA layihəsi həm də son istehlak sektorlarının, yəni binaların və nəqliyyatın enerji səmərəliliyinin artırılmasındakı mövcud problemləri həll edir”, - sənəddə deyilir.

“SOCAR 2020-ci ildə təqribən 1,4 milyard kubmetr (təxminən 900 min ton metan) səmt qazı toplayıb ki, bu da hasilat emissiyalarının 2020-ci ildə hasil edilən qazın %-nə qədər azalmasına səbəb olub”, - “Azneft” İB-nin 2020-ci il üzrə illik hesabatında qeyd olunub. Bundan əlavə, bəzi neft yataqlarının işlənməsi üsullarında edilən dəyişikliklər də səmt qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasında mühüm rol oynayıb. Qazın atmosferə sızması riskini azaltmaq üçün indi neft quyularında hasilatı saxlamaq üçün qazlift əvəzinə sualtı nasoslardan istifadə edilir.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sözlərinə görə, hazırda şirkət davamlı olaraq atmosferə atılan qazların miqdarını azaltmaq üçün ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını tətbiq edir: “SOCAR artıq səmt qazı emissiyalarını 2 %-ə endirməyə nail olub və 2022-ci ildə bu göstəricini sıfıra endirməyi hədəfləyib. Bu işlər nəticəsində SOCAR dünyada bu nailiyyətə çatan ilk neft-qaz şirkətlərindən biri olacaq. Artıq SOCAR xalis-sıfır tullantılar istiqamətində bir sıra ciddi addımlar atıb. Bu işlərin davamı olaraq, SOCAR gələcəkdə “yaşıl enerji”yə keçid və hidrogen enerjisindən istifadəyə üstünlük vermək istiqamətində addımlayır”.


Geri dön