Ana Sayfa > Karusel / Gündəm > “Bununla da Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində olacaq”

“Bununla da Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində olacaq”


27-03-2022, 16:31. Yazar: Admin

“Bununla da Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində olacaq”

Fərrux yüksəkliyi Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hələlik rəsmi təsdiqlənməsə də, həmin yüksəklik Azərbaycan Ordusunun nəzarətindədir.

Qarabaginfo.az bildirir ki, yüksəkliyin strateji əhəmiyyəti ilə bağlı “Qafqazinfo”ya danışan Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, əgər Fərrux dağına Azərbaycan Ordusu nəzarət edirsə, bu strateji baxımdan çox əhəmiyyətli bir işdir:

“Bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda Ağdamın Xaçın çayı yatağı boyunca olan kəndlərində düşmənin heç bir təhlükəsi olmayacaq deməkdir. 

Fərrux yüksəkliyi Azərbaycan ordusunun nəzarətindədirsə, deməli, Əsgəran, Xanabad, Xocalı tam bizim ovcumuzun içində olmuş kimi olacaq. Çox ciddi strateji bir məqamdır. Həm də oradan Xankəndini də müşahidə etmək olur.

Digər bir vacib məsələni qeyd edim ki, Fərrux yüksəkliyinə nəzarət ediriksə bu o deməkdir ki, Xankəndi, Ağdərə yolu da bizim nəzarətimizdə olacaq.

Xüsusi bir məlumat verim ki, 1991-ci ilin yanvar ayının 31-də Ağdam Polis Alayının rəhbəri və Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərlik etdiyi batalyonun iştirakı ilə orada döyüş əməliyyatları olub. 1992-ci ilin yanvar ayının 31-də Fərrux kəndi erməni işğalından tam azad edilib. Amma yüksəklik ermənilərdə olub.

Ermənilər Fərrux kəndindən Ağdam rayonunun Cinli və digər kəndlər üçün təhlükə törədirdi. O ərazi tam bizim nəzarətimizdə olacaqsa həmin kəndlərdə heç bir təhlükə, heç bir münaqişə ocağı olmayacaq.

1992-ci ildən Fərrux kəndi azad olunandan sonra kəndin üzündəki yüksəklik – Daşbaşı yüksəkliyini azad etmək üçün dəfələrlə hücum əməliyyatı olub. Alınsa da biz oranı saxlaya bilməmişik. O mənada bu yüksəkliyin azad olunması çox ciddi bir uğurdur”.

R.Kərimoğlu qeyd edib ki, 1918-20-ci illərdə Azərbaycan Cümhuriyyəti Əsgəran, Qarabağ istiqamətində əməliyyat keçirəndə də Fərrux yüksəkliyi strateji baxımdan çox böyük əhəmiyyət daşıyıb.

Qarabağ qazisi həmçinin əlavə edib ki, Azərbaycan tanınmış şairi Xəlil Rza Ulutürkün oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli Fərrux dağının ətəyində, Xanabad kəndində şəhid olub:

“Həmin ərazidə Azərbaycanın çox sayda döyüşçülərimiz şəhid olub. Oranın hər qarışı qanla suvanıb. Fərrux yüksəkliyinə Azərbaycan Ordusunun nəzarət etməsi çox ciddi bir uğurdur.

Füzuli rayonundakı Ərgünəş dağı necə əhəmiyyətlidirsə, Fərrux dağı da Ağdam üçün elə bir əhəmiyyətli yerdir”.


Geri dön