Ana Sayfa > Karusel / Gündəm > Ukraynada müharibə: Putin dünyanı dəyişdi, amma istədiyi kimi yox
Ukraynada müharibə: Putin dünyanı dəyişdi, amma istədiyi kimi yox27-03-2022, 12:04. Yazar: Admin |
Vladimir Putinin Ukraynaya hücumu dünyanı dəyişdi. İndi biz yeni və daha təhlükəli dövrdə yaşayırıq - Berlin divarının sökülməsiylə bitmiş post-soyuq müharibə dövrü başa çatıb. Böyük tarixi nəticələri olacaq dövrdə yaşamaq və baş verənləri real zamanda anlamaq nadir bir şeydir. 1989-cu ilin noyabr ayında mən Çexoslovakiyanın paytaxtı Praqada - "Wenceslas" meydanında yeni bir dünyanın doğulmasını izləmişdim. Kommunist rejimli Şərqi Avropada xalqlar diktaturalara qarşı üsyan qaldırmışdılar. Berlin divarı sökülmüşdü. Bölünmüş Avropa yenidən bütövləşirdi. Praqada dissident dramaturq Vatslav Havel ikinci mərtəbənin eyvanından 400 min insana müraciət etdi. Çox həyəcanlı anıydı, başgicəlləndirici bir tempi vardı. Həmin axşam kommunist rejimi süqut etdi və bir neçə həftə sonra Havel yeni demokratik dövlətin başçısı oldu. Mən elə o vaxt da özümü mühüm bir hadisənin - gözümün qabağında dünyanın özünü yenidən yaratdığı nadir anlardan birinin şahidi kimi hiss etmişdim. Fransa inqilabından sonra Avropa tarixində neçə belə an yaşanmışdı? "Yəqin ki, beş", deyə düşündüm. 1989-cu ildə baş verənlər altıncısıydı. Amma Putinin Rusiya qoşunlarına Ukraynaya hücum əmr verməsilə o dramatik xalq inqilablarında doğulan dünya düzəni sona çatdı. Almaniya kansleri Olaf Scholz bunu "zeitenwende", yəni dönüş nöqtəsi kimi qiymətləndirdi, Britaniyanın xarici işlər naziri Liz Truss isə baş verənlərin "paradiqma dəyişikliyi" olduğunu və arxayınlıq dövrünün bitdiyini qeyd etdi. Vatslav Havel Praqanın "Wenceslas" meydanında. 24 noyabr 1989-cu il Avropa tarixində dönüş nöqtələr
Bastille baskını,14 Temmuz 1789 "Arxayınlıq"BBC-nin ən təcrübəli hərbi müxbirlərindən biri olan Quentin Sommerville bu yaxınlarda Xarkovdakı dağıntılar arasında gəzərək Rusiyanın bombardmanı haqqında bunları söylədi: "Bu taktika sizə tanış deyilsə, deməli, diqqət etməmisiniz". Sommerville çox diqqətlidir. Çünki Rusiya raketlərinin uçuşduğu Suriyada kifayət qədər çox vaxt keçirib. Bəs demokratik ölkələrin hökumətləri? Putin rejiminin xüsusiyyətlərinə onlar nə qədər diqqət yetiriblər? İllər ərzində xeyli sübut toplanıb. Müstəqilliklərini elan etmiş bölgələrə dəstək bəhanəsiylə 20 il əvvəl Putin Gürcüstana qoşun yeridib. Daha sonra mühacirətdəki rusiyalıları öldürmək üçün əsəb qazıyla silahlanmış agentləri Britaniyaya göndərib. 2014-cü ildə Şərqi Ukraynanı işğal, Krımı ilhaq edib. Bütün bunlara baxmayaraq Almaniya və Avropa Birliyinin (AB) bir çox başqa ölkələri Rusiya təbii qazından asılı qaldılar. Krımın ilhaqından bir il sonra onlar qaz tədarükünün artırılması üçün "Şimal axını-2" adlı yeni qaz kəməri layihəsinə razılıq verdilər. "Şimal axını-2" qaz kəməri, Lubmin şəhərinin yaxınlığı (Almaniya). 2022-ci ilin mart ayı Liz Truss-ın dediyi "arxayınlıq" məsələsi Britaniyaya da aiddir. John Major baş nazir olandan (1990) sonra London Rusiya pulları üçün etibarlı limana çevrildi. Rusiyalı oliqarxlar Londona milyardlarla dollarlıq vəsait yatırdılar, pullarını "yudular", paytaxtın ən prestijli binalarını satın aldılar, siyasətçilərlə şəxsi münasibətlər qurdular, fondlara ianələr köçürdülər. Onları qəfil varlandıran böyük sərvətlərinin mənbəyilə çox da maraqlanan olmadı. Qısası, vəziyyət belədir: Qərb demokratiyaları şərq sərhədlərində pusquya yatan təhlükənin təbiətinə "diqqət yetirmirlər". Ancaq Putin də arxayın görünürdü. Birincisi, o inanıb ki, Qərb xroniki tənəzzüldədir, daxili parçalanmalar və ideoloji qarşıdurmalar nəticəsində zəifləyib. Donald Trump-ın seçilməsini və Britaniyanın AB-dən çıxmasını ("Brexit") bunun sübutu hesab edib. Polşa və Macarıstanda sağçı avtoritar hökumətlərin qurulmasını liberal dəyərlərin və institutların parçalanmasının daha bir sübutu sayıb. ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə çıxmasını isə zəif bir gücün dünya səhnəsindən çəkilməsi kimi qiymətləndirib. İkincisi, Putin Rusiya sərhədlərində baş verənləri yanlış yozub. İnanmaq istəməyib ki, keçmiş Sovet respublikalarında - Gürcüstanda (2003), Ukraynada (2004-2005) və Qırğızıstanda (2005) baş verən demokratiya tələbli etirazlar xalqın iradəsini ifadə edir. Bu etirazlar Moskva yönümlü, korrupsiyalaşmış və qeyri-populyar hökumətləri devirmək məqsədi daşıdığı üçün Kreml baş verənləri xarici kəşfiyyat orqanlarının, xüsusən də amerikalıların və ingilislərin əməli hesab edib, Qərb imperializminin tarixən Rusiyaya məxsus ərazilərə doğru irəliləmək istədiyini düşünüb. Üçüncüsü, öz silahlı qüvvələri haqqında yanlış təsəvvürü olub. İndi aydın olur ki, Putin "xüsusi hərbi əməliyyatın" bir neçə günə başa çatacağını düşünüb. Bosniya xüsusi təyinatlıları və mülki şəxslər Serbiya snayperlərinin atəşi altında. Sarayevo, 6 aprel 1992 Balkanlardakı savaşı xatırladır Rusiyanın hərbi səriştəsizliyi Qərbin təhlükəsizlik üzrə ekspertlərini təəccübləndirib. Bu vəziyyət keçmiş Yuqoslaviyada baş vermiş daha kiçikmiqyaslı, daha idarə olunan, amma eyni dərəcədə dağıdıcı müharibəni xatırladır. 1992-ci ildə Serbiya millətçiləri müstəqilliyini yeni qazanmış Bosniya dövlətini məhv etmək üçün müharibəyə başladılar. Onlar Bosniya kimliyinin saxta olduğunu, Bosniya dövlətinin heç bir tarixi legitimliyinin olmadığını və onun Serbiyanın bir hissəsi olduğunu iddia edirdilər. İndi Putin də Ukrayna haqqında eyni şeyləri deyir. Bugünkü Rusiya kimi, o vaxt Serbiya da daha böyük gücə malik idi. Amma serb olmayan yerli xalqların müqavimətiylə üzləşdikləri yerlərdə dayanmaq məcburiyyətində qalırdılar. Onlar qəsəbələri və ya şəhərləri ala bilmir, küçə-küçə döyüşmək istəmirdilər. Bosniyanın müdafiəçiləri əvvəlcə çox zəif təchiz edilmişdilər - Sarayevodakı səngərlərdə tennis ayaqqabıları geyinmiş gənc oğlanlar gördüyümü xatırlayıram, bir "AK-47"-ni üç nəfərə verirdilər. Amma onlar dörd ilə yaxın öz paytaxtlarını müdafiə etdilər. Kiyevin müdafiəsinə könüllü gələn gənclərdə də eyni qətiyyət var. Sarayevo mühasirəsi zamanı çörək paylarını almağa çalışan mülki şəxslər. 1992 Serblər şəhər və qəsəbələri mühasirəyə alıb bombalamış; su, qaz və işığı kəsmişdilər. Bu gün Mariupolda da eyni şeylər baş verir. Evinizdə elektrik kəsilsə, donarsız. Bir gün ərzağınız da bitər. Rusiyalılar Mariupolda, Xarkovda, Kiyevdə bunamı nail olmaq istəyirlər? Onları tabe etmək üçünmü? Zülm dolu o dörd dəhşətli ildə Bosniyanın qurulmasına yönəlmiş milli müqavimətin, iztirabların və qəhrəmancasına mübarizənin tarixi yazıldı. Ukraynada da belə olacaq - milli identiklik ukraynalıların döyüş tərziylə daha da güclənəcək. Rusiyanın hücumundan sonra Ukraynadakı rusdillilər özlərini "xilas olunmuş" hiss etmədilər. Onlar da Ukraynanın suveren dövlət olduğuna inanırlar. Putin rus millətinin iki hissəsi hesab etdiyi xalqları birləşdirməyi hədəfləyir, amma bu, artıq indidən əks effekt verir; ukraynalıların əksəriyyətinin Rusiya hökmranlığından xilas olmaq iradəsini gücləndirir. 1994-cü ildə - Balkanlarda müharibə hələ davam etməkdəykən Şərqi Avropanın qalan hissəsindəki xalqlar müstəqil dövlətlərdən ibarət olan və sülh içində yaşayan Avropada öz yerlərini tutmağa can atırdılar. Amma onların NATO-ya qəbuluna icazə verilib-verilməyəcəyi hələ bilinmirdi. O dövrdə Şərqi Avropa ölkələrinin Rusiyayla NATO arasında bufer rolunu oynayacaq üçüncü bir təhlükəsizlik bloku yaradıb-yaratmayacağı haqqında müzakirələr gedirdi. Rusiya 1990-cı illərdə zəifiydi, amma 40 il Sovet əsarətində olan xalqlar onun uzun müddət belə qalacağına inanmırdılar. Sonda onlar NATO üzvlüyündən başqa bir şey istəmədilər. Bill Clinton-un prezidentliyi dövründə ABŞ NATO-nu genişləndirməyə davam etdi. Özünü Clinton-un sadiq müttəfiqi hesab edən Rusiya prezidenti Boris Yeltsin mətbuat konfransında NATO-nun Moskvayla məsləhətləşmədən yeni üzvləri qəbul etməyi planlaşdırdığını öyrənəndə qəzəblənmişdi. ABŞ prezidenti George Bush Rusiya prezidenti Boris Yeltsinlə. Maryland, 1992 Qərb Şərqə doğru nə qədər "sürüşər"?O vaxt "dəmir pərdə"nin götürülməsi geosiyasətin gündəminə yeni bir sual gətirmişdi: Qərb Şərqə doğru hələ nə qədər sürüşə bilər? BBC mənə Polşa, Belarus və Ukraynaya gedib "Qərbin şərq sərhədi indi haradır?" sualına cavab tapmağı tapşırmışdı. 1991-ci ilin sonunda mən Rusiya prezidenti Boris Yeltsinin ukraynalı və belaruslu həmkarlarıyla görüşdüyü "Ovçular evi"nə getdim. Burda onlar bir-birilərini müstəqil dövlət kimi tanımağa razılaşdılar, sonra da SSRİ prezidenti Mixail Qorbaçova zəng edib başçısı olduğu dövlətin - Sovet İttifaqının artıq mövcud olmadığını bildirdilər. Həm təhlükəli, həm də fürsətlərlə dolu bir andı. Belarus və Ukrayna üçün bu, Moskvanın idarəçiliyindən - istər çarlıq, istərsə də sovet quruluşlarındakı Rusiya imperializminin hökmranlığından xilas olmaq şansıydı. Yeltsinin şansı isə Rusiyanı imperiya olmaq kimi tarixi rolundan azad etmək idi. Necə ki, Avstriya Birinci dünya müharibəsindən, Britaniya və Fransa İkinci dünya müharibəsindən sonra imperiya dövləti olmadılar. Türkiyədə isə Mustafa Kamal Atatürk 1918-ci ildə çoxmillətli Osmanlı İmperiyası məğlub olub parçalandıqdan sonra müasir Avropa yönümlü dünyəvi respublika - türk milli dövlətini qurmuşdu. Kreml, Moskva Yarımçıq qalmış təcrübəBoris Yeltsin də eyni şeyi edə biləcəkdimi - Sovet imperiyasının xarabalıqları üzərində müstəqil qonşularıyla sülh şəraitində müasir rus milli dövlətini quracaqdımı? 1990-cı illərin əvvəllərində o, imperiya gücünü demokratik dövlətə çevirmək üçün qərbləşdirmə təcrübəsinə start verdi. Amma sərmayə qoymaq fürsəti axtaran Qərb demokratiyalarının təşviqiylə azad bazar iqtisadiyyatına keçid fəlakətlə nəticələndi - sərt dövlət idarəçiliyindən imtina olunması qanqster kapitalizmini yaratdı. Kiçik bir elita neft və qaz sektoru başda olmaqla, əsas sənaye sahələrinin aktivlərini mənimsəyərək inanılmaz dərəcədə varlandı. 1998-ci ildə bu təcrübə fiaskoyla nəticələndi. İqtisadiyyat dağıldı, rubl bir ayda dəyərinin üçdə ikisini itirdi, inflyasiya 80 faizə çatdı. O vaxt mən mədənlərin çətinliklə fəaliyyət göstərdiyi, Ukrayna sərhədinə yaxın köhnə kömür mədənləri bölgəsinə getmişdim. Orda tanış olduğum, işini itirmiş, 30 yaşlı və ailəli bir mədən mühəndisi məni şəhər kənarındakı, təxminən bir hektarlıq sahəsi olan kottecinə aparmış və demişdi ki, "Ailəmin il ərzində yediklərinin təxminən 80 faizini burda yetişdirirəm. Qalan şeyləri, məsələn, qəhvə və şəkəri barterlə alıram. Təxminən 18 aydır puldan istifadə etmirəm, nağd pul heç görməmişəm də". "Stalin kəndlilərdən ibarət xalqın heç bir nəsli də dəyişməmiş ölkəni güclü sənaye dövlətinə çevirdi. Yeltsin bunun əksini edir". Adi vətəndaşlar özlərini qarət edilmiş hiss edirdilər. Böyük miqyaslı qərbləşmə təcrübəsi kriminallaşmış elitanı zənginləşdirən, başqalarını isə yoxsullaşdıran bir fırıldaqçılıq idi. O dövrdə Rusiyadan hazırladığımz xəbərlərin çoxu bir suala köklənirdi: "İndi rusiyalıların hiss etdiyi dərin məyusluğun siyasi nəticəsi nələrdir?" Ukraynada vurulmuş Rusiya tankı. 26 fevral 2022 "Yaxın xaric"Cavab Rusiyanın əvvəl-axır öz əslinə dönəcəyi idi: demokratiyadan geri çəkilmək və avtoritar idarəçiliyə qayıdış. Milli dövlət olmaqdan vaz keçib keçmiş Sovet İttifaqının tərkibində olan ölkələrə - "yaxın xaricə" daha iddialı bir imperiya mövqeyilə qayıtmaq. ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bzezinski demişdi ki, Rusiya ya demokratik ölkə, ya da imperiya ola bilər, amma ikisi eyni vaxtda ola bilməz. Rusiya gerbindəki ikibaşlı qartal həm şərqə, həm də qərbə baxır. Elə tarix də Rusiyanı əks istiqamətlərə çəkib: bir tərəfdə demokratik milli dövlət, digər tərəfdəsə hökm edən imperiya gücü. Moskvadan qərbə baxanda düzənliklər və açıq ərazilər görünür. Təbii sərhədlər yoxdur. "Yaxın xaric" haqqında söhbət etdiyim bir dostum Rusiyada məşhur olan bu misraları demişdi: "Toyuq əslində quş deyil, Polşa əslində xaric deyil". Rusiyanın qərbdəki torpaqlarda haqqı olduğu anlayışı ictimai şüura da sirayət edir. Putin Ukraynanı qonşu ölkə kimi yox, Rusiya ərazisi kimi görür və onu geri qaytarmaq istəyir. Bunu etmək üçün nə lazımdır? Birləşərək müqavimət göstərən bir xalqı necə ram etmək olar? Vladimir Putin və Çin lideri Xi Jinping. Pekin, 2022-ci ilin fevral ayı "Dönüş nöqtəsi"İndi bir neçə faktor Putini narahat etməlidir. Birincisi, silahlı qüvvələrin vəziyyəti. İkincisi, Ukraynada müdafiənin möhkəmliyi. Putin həqiqətənmi gözləyirdi ki, Ukraynadakı rusdilli insanlar rusiyalı əskərləri xilaskar kimi qarşılayacaqlar? Doğrudanmı, o, 2014-cü ildə Moskva yönümlü hökuməti Qərb yönümlü hökumətlə əvəzləyən qiyamın Qərbin əməli olduğuna inanırdı? Əgər belədirsə, bu, Kremlin "yaxın xarici" nə qədər az tanıdığını göstərir. Amma Putinin ən böyük səhvi Qərbin qətiyyətini qiymətləndirməmək oldu. Almaniya kansleri Scholz-un sözüylə desək, 2022-ni mühüm illərdən biri edən budur: "zeitenwende", yəni dönüş nöqtəsi. Almaniya az qala bir gecədə dünyadakı roluyla bağlı mövqeyini dəyişdi. Ciddi tarixi səbəblərə görə öz gücünü hiss etdirməyə o qədər də həvəsli olmayan bu ölkə yumşaq gücdən istifadə etməyə üstünlük verirdi. Amma artıq belə deyil. İndi o, müdafiə xərclərini iki dəfə artırdığını elan edərək Ukraynaya ölümcül silahlar göndərir. Almaniyanın onilliklər boyu davam edən "ostpolitik" siyasəti, yəni ticarət yoluyla sülh axtarmaq taktikası başa çatdı. İndi Almaniya digər demokratik ölkələrlə birlikdə Rusiya qazından asılılığa son qoymaq üçün hərəkətə keçəcək. "Şimal axını-2" layihəsi artıq dayandırılıb (hələ ki, ləğv edilməyib). İndi biz Rusiyanı kənarda saxlamağı hədəfləmiş qlobal enerji paylaşımı xəritəsinin yenidən qurulduğunu görürük. Rusiya qlobal iqtisadiyyata yüksək dərəcədə inteqrasiya olunmuş ölkədir, amma mal və xidmətlərin alınması üçün istifadə edilən qlobal ödəniş sistemindən (SWIFT) kənarlaşdırılıb. Neft və qaz da daxil, ölkə sənayesi xaricdən alınan mal və komponentlərdən asılıdır. Tezliklə istehsal dayanma nöqtəsinə çatacaq. Qərbin Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edəcəyini heç kim gözləmirdi. Artıq rubl çöküb, faizlər iki dəfə artıb. İndiyə qədər dünyada başqa heç bir böyük iqtisadiyyat bu qədər sərt sanksiyalara məruz qalmamışdı. Bu, Rusiyanın qlobal iqtisadiyyatdan qovulması deməkdir. Ölkədə getdikcə daha çox adam işdən çıxarılacaq. Böyük sənaye sahələri fəaliyyətlərini davam etdirməyə çətinlik çəkəcəklər. İşsizlik daha da artacaq. Artan inflyasiya insanların ehtiyatda olan pullarını da əridəcək. Baş verənlər hamımıza təsir edəcək. Buna "soyuq müharibə"dən sonra yaranmış qlobal iqtisadiyyatın tənəzzülü də demək olar. ABŞ və Avropa Birliyi əslində dünyanı iki yerə böldülər. Rusiyayla ticarəti davam etdirən dövlətlər və şirkətlər həm cəzalandırılacaq, həm də zəngin ölkələrlə ticarətdən uzaqlaşdırılmış olacaqlar. Bu, Rusiyanı Qərbdən ayıran yeni iqtisadi "dəmir pərdə" deməkdir. Çox şey Çinin bu yeni vəziyyəti necə dəyərləndirəcəyindən asılı olacaq. Çin və Rusiya bir-birilərinə həm Amerikanın gücünə qarşı ortaq antipatiyaları, həm də ən böyük təhlükənin yenidən canlanan və daha çox birləşən demokratik dünyadan gəldiyinə inanmalarıyla bağlıdırlar. Çin Putinin zəifləməsini və Qərbin güclənməsini istəmir. Halbuki Ukraynadakı müharibənin təsiri tam olaraq bu vəziyyəti yaradıb. Bəzi çinli müşahidəçilərin fikrincə, Pekin gələcəkdə Çini ABŞ-ın sanksiya cəhdlərindən qoruyacaq və qlobal iqtisadiyyatda alternativ məkan olacaq yuan zonası yaradacağına, dolların hökmranlığına meydan oxuya biləcəyinə inanır. Bu baxımdan Putinin müharibəsi beynəlxalq maliyyə xəritəsini yeniləyə bilər. Geri dön |