Ana Sayfa > Karusel / Gündəm > Xankəndinə qaçaqmal yolu gətirilən qaz harada hasil olunur?

Xankəndinə qaçaqmal yolu gətirilən qaz harada hasil olunur?


26-03-2022, 19:35. Yazar: Admin

Xankəndinə qaçaqmal yolu gətirilən qaz harada hasil olunur?

Bu yaxınlarda Ermənistandan keçmiş Dağlıq Qarabağa, indi isə Azərbaycan Respublikasının yeni yaradılmış Qarabağ iqtisadi rayonuna qanunsuz çəkilmiş qaz kəmərində baş vermiş qəza Ermənistan mətbuatında növbəti “stəkanda fırtına”ya çevrildi. Qonşu ölkədə əsl isteriya qopdu, bunun da əks-sədası gözlənildiyi kimi, erməniliyin xarici havadarlarının səyləri ilə digər ölkələrə də yayıldı.

 

 

Belə ki, Avropa İttifaqının xarici əlaqələr üzrə aparıcı nümayəndəsi Piter Stano tviterdəki hesabında qəzəbli yazı bölüşərək yazıb: “Zərərçəkmiş yerli əhalinin qaz təchizatını təcili olaraq bərpa etmək lazımdır. Avropa İttifaqının tənzimləyici orqanları xüsusən də indiki sərt hava şəraitində onu (qaz təchizatını) işə salmağa çağırır”.

Bəli, bu yaxınlarda hələ də şiddətli döyüşlərin getdiyi və sözün həqiqi mənasında, mina və partlamamış hərbi sursatlarla dolu olan, Laçın dəhlizinin xüsusi statusu ilə əlaqədar olaraq giriş-çıxışı məhdudlaşdırılan və Xəzər dənizinin səviyyəsindən 853 metr yüksəklikdə yerləşən ərazidə, son zamanlar yağan qarların qalınlığının bir metr olduğu bölgədə bədbəxt hadisə baş verib, üstəlik səbəbi də məlum deyil.

Bu ərazini bir sıra adi ərazilərdən fərqləndirən amilləri sadalamağa davam etmək olar. Xarakterinə görə texnogen olan qəza çoxsaylı xüsusiyyətlərə malik bir bölgədə və hava şərtləri səbəbindən girişin çətin olduğu vaxtda baş verdi.

Qəzalar hər yerdə, o cümlədən Azərbaycanın özündə və bu gün erməni lobbiçilərinin təşviş səslərinin eşidildiyi ölkələrdə də baş verir. Fövqəladə vəziyyətlər həddən artıq isteriya olmadan, sakit şəkildə həllini tələb edir. Lakin erməni reallığı öz siyasətinə sadiq qalaraq hətta bu vəziyyətdə belə baş verən hər şeyə görə Azərbaycanı günahlandırmağa çalışır. Necə ki, “zamanında günəş çıxmazsa, günah Azərbaycandadır”, “leysan biçilməmiş məhsulu məhv edərsə, günahkar əvvəlcədən bəllidir” deyirdi. Bu, problemləri həll etmək və insanları istiliklə təmin etməkdən daha vacib olan haldır.

Qəribədir ki, erməni müəlliflərin və siyasətçilərin ən çox işlətdiyi ifadə “humanitar fəlakət”dir. İlahi, 30 il ərzində bir milyon qaçqını ekspansionist ambisiyaları girov götürən bir ölkənin birdən birə işin humanitar tərəfi yadına düşüb! Bu barədə ovalıqları quraqlığa və məhsulu məhv etməyə çalışaraq yayda Sərsəng Su Elektrik Stansiyasının suyunun kəsilməsinə, qışda isə əraziləri su altında qoymağa göstəriş verən siyasətçilər danışmağa başlayıblar. Bu barədə çayları (xüsusən Oxçuçayı və digərlərini) bundan əvvəl və hazırda da dağ-mədən istehsalat tullantıları ilə çirkləndirən, meşələri qıran, yayda quru otlaqları yandıran, geniş əraziləri minalarla, kimya sənayesinin tullantıları ilə zəhərləyən tərəf xatırlayıb. Bu gün “humanitar” sözünü xatırlayanlar da bunlardır! Bəs, o zaman erməni separatçılarının xaricdəki vəkilləri harada idilər? Niyə o vaxt onların səsi eşidilmirdi? AŞPA-nın Sərsəng su anbarı ilə bağlı məlum qətnaməsinin əleyhinə nə qədər deputatın səs verdiyini xatırlayaq. Sonda Azərbaycan nümayəndə heyətinin səyləri sayəsində qəbul edilməsinə baxmayaraq, o zaman əleyhinə səs verənlər bu gün hamıdan ən yüksək səslə “humanitar fəlakət” barədə qışqırırlar. Cənablar, bəs siz niyə o zaman qətnamənin əleyhinə səs verdiniz?

Bu gün tvit yazan Piter Stanonun işğal illərində səsi gəlməyib. Qarabağın azərbaycanlı əhalisi qovulanda da, Naxçıvan qazsız qalanda da. Bəli, bu, Qərbin eyni ikili standartlarıdır, onlar üçün ermənilər azərbaycanlılar kimi deyil, necəsə “xüsusi şəkildə” əziyyət çəkir və donur. Bu siyasətçilər isə yalnız ermənilər donmağa başlayanda ayılırlar.

Axı, hətta qaz ixrac edən Azərbaycanın özündə də hələ də qazlaşdırmanı gözləyən yüksək dağ kəndləri var. Ölkənin 98 faizinin qazlaşdırılmasına baxmayaraq, Gədəbəy və Lerik rayonlarının çətinliklə gedilə bilən yaşayış məntəqələrində hələ də təbii qazla təchizatda çətinliklər yaşanır. Güclü qar yağışları Azərbaycanın hər yerinə qaz tədarükünü və qaz kəmərlərinə, paylayıcı stansiyalara xidmət göstərilməsini çətinləşdirib. Xınalıq kəndi Xəzərin səviyyəsindən 2200 metr yüksəklikdə (Laçında qəza yerində 853 metrlə müqayisədə) yerləşir və onun sakinləri də bir çox hallarda texnogen və metereoloji mənşəli çətinlik çəkirlər. Erməni tərəfinin ittihamlarından belə çıxır ki, Azərbaycan “özü-özünə” problem yaradır?

İşğal olunan Qarabağa Ermənistanın qanunsuz çəkdiyi qaz kəmərində qəzalar 44 günlük Vətən müharibəsindən əvvəl də baş verib. Bəs onda niyə o vaxt heç kim Ermənistanı (əraziyə nəzarət edən!) Qarabağdakı etnik qohumları üçün “humanitar fəlakət” yaratmaqda ittiham etmirdi? Cavab sadədir və yuxarıda da səsləndirilib: Ermənistana problemin həlli yox, isteriyalar lazımdır.

Ümumiyyətlə, qəzanın baş verdiyi yer Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındadır və Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Qəzanın nəticələrinin aradan qaldırılması məsələsi Azərbaycanın siyasi yurisdiksiyası sahəsinə və Rusiya Federasiyası Müdafiə Nazirliyinin müvəqqəti məsuliyyət sahəsidir. Ermənistanın buna, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. Əgər Ermənistanda Azərbaycanın Qarabağ iqtisadi rayonundakı etnik qohumlarının müvəqqəti çətinliklərindən bu qədər narahatdırlarsa, Laçın dəhlizi hələ də açıqdır və İrəvan sakinləri donmuş Qarabağ ermənilərini öz yerlərinə dəvət edib, mənzillərində isitsinlər – müvəqqəti və ya daimi.

Son olaraq. Baş verən qəza qaz hasil edən (!) Azərbaycanın ərazisinin bir hissəsinə mənşəyi məlum olmayan təbii qazın verilməsi məsələsini aktuallaşdırıb. Bu, hansı qazdır? Harada hasil olunub? O, haradan gəlir Azərbaycan ərazisinə? Gəlin, hər şeyi adı ilə çağıraq. Qaçaqmalçılıq yolu ilə gətirilən bu qazın ölkə ərazisinə daxil olması barədə Azərbaycan hökuməti ilə müvafiq kontrakt imzalanıbmı? Bu təchizatlar sayəsində kim və nəyə görə pul qazanır?

Cavab həmişəki kimi bəllidir: Azərbaycan Qarabağında yaşayan erməni əsilli Azərbaycan vətəndaşları “Azəriqaz”la müqavilə münasibətlərinin tezliklə rəsmiləşdirilməsi və qaçılmaz inteqrasiyanın sürətləndirilməsi məqsədilə regionun qazpaylayıcı şəbəkəsinə qoşulması xahişi ilə ölkə hökumətinə müraciət etsəydilər, bu gün mənşəyi məlum olmayan təbii qazla təmin etmək üçün çətin keçilən dağlıq ərazilərdə qeyri-qanuni qaz kəmərinə ehtiyac və buna uyğun olaraq, bu gün qəzaların başvermə ehtimalı da olmazdı. O zaman Qarabağ ermənilərinin evlərinin qızdırılması ilə bağlı da heç bir problem olmayacaqdı.

Bəlkə indiki qəza onlar üçün bir xəbərdarlıq “zəngi” olacaq!?


Geri dön