Ana Sayfa > Karusel / Gündəm > 4 medal qazanan boksçularımız Bakıya qayıtdı
4 medal qazanan boksçularımız Bakıya qayıtdı25-03-2022, 11:07. Yazar: Admin |
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, milli komandanın böyük məşqçisi Nəriman Abdullayev Avropa çempionatının Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Avropa çempionatına 39 ölkə qatılmışdı. Yarışda qitənin 22 yaşadək güclü boksçuları mübarizə aparırdı. Yığma 13 çəki dərəcəsindən 7-də təmsil olunurdu. Buna baxmayaraq, komandamızın çıxışı bizi sevindirdi. Onlardan 4-ü fəxri kürsüyə yüksəldi. Millinin heyətində Nicat Hüseynov çempion tituluna yiyələndi. Yalnız finalda uduzan Ruslan Qədirov ikinci yeri tutdu. Cəlal Qurbanovla Nəbi İsgəndərov isə bürünc medalla kifayətləndi. Təbii ki, bu nəticə bizim üçün qənaətbəxşdir. Gələcəkdə medallarımızın sayının daha çox olacağına inanırıq. Mükafatçılarımızın gənc olduğunu nəzərə alsaq, sabaha böyük ümidlə baxa bilərik. Ötən il İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən analoji yarışda da 7 boksçu ilə təmsil olunmuşduq. Onlardan yalnız biri – Ruslan Rüstəmov (64 kq) bürünc medala yiyələnmişdisə, bu dəfə komandamız 4 medalla Avropa çempionatının medal sıralamasında 4-cü yeri tutub". Abdullayevin sözlərinə görə, növbəti hədəf daha inamlı çıxış olacaq: “İdmançılar, o cümlədən boksçular həmişə dövlət qayğısını hiss edib. Bunun qarşılığında əsas hədəf həmişə olduğu kimi ən yüksək nəticəni göstərməkdir. İnanıram ki, Avropa çempionatındakı uğurlu çıxışımızı növbəti yarışlarda da davam etdirəcəyik”. U-22-lərin Avropa çempionatında yığmamıza 3 ildən sonra qızıl medal qazandıran Nicat Hüseynov (51 kq) döyüşlərini şərh edib. O bildirib ki, startda irlandiyalı boksçuya ciddi çətinlik çəkmədən qalib gəlsə də, yarımfinalda türkiyəli rəqibi ilə görüşü gərgin alınıb. 19-22 yaşlı boksçuların mübarizəsində birinci olan 18 yaşlı idmançının sözlərinə görə, finala yaxşı kökləndiyindən döyüşü xeyrinə bitirib. Nicat bir daha vurğulayıb ki, qələbəsini 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr edir. 54 kq çəki dərəcəsində yalnız finalda məğlub olan Ruslan Qədirov isə yarışa yaxşı başladığını deyib. O vurğulayıb ki, ardıcıl qələbələrdən sonra həlledici döyüşdə beynəlxalq yarışlarda təcrübəsinin az olması əleyhinə işləyib. Qədirov növbəti turnirlərdə daha yaxşı mübarizə aparacağına və Azərbaycan bayrağını yüksəklərə qaldıracağına əminlik ifadə edib. Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz Poreçdəki Avropa çempionatında Azərbaycan boks tarixinin 10 illik rekordunu təkrarlayıb. Həmçinin komandamız 2012-ci ildə Rusiyada və bu il Xorvatiyada baş tutan qitə birincilikləri istisna olmaqla, heç vaxt finalda 2 idmançı ilə mübarizə aparmayıb. Geri dön |