Ana Sayfa > Karusel / Gündəm > Naqif Həmzəyev: “Azərbaycanın yeni nəsil savaşı təcrübəsi hələ də öyrənilməkdədir”

Naqif Həmzəyev: “Azərbaycanın yeni nəsil savaşı təcrübəsi hələ də öyrənilməkdədir”


23-03-2022, 19:10. Yazar: Admin

Naqif Həmzəyev, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

“Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində yeni nəsil texnologiyaların, o cümlədən Ermənistan ordusunun ağır texnikasına qarşı effektiv mübarizə üsülunun dünyanın aparıcı dövlətlərinin hərbi akademiyaları, mərkəzləri mərkəzləri tərəfindən xüsusən diqqətlə araşdırıldığı sirr deyildi. Bu günlərdə Ukraynada davam edən savaşla bağlı ABŞ-ın məşhur “Vaşinqton Post” qəzetində və “Vice.com”-da işıq üzü görən araşdırma xarakterli məqalələr də bunu bir daha təsdiqləyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.

 

N. Həmzəyev deyib ki, Azərbaycanın “Bayraktar”lar, kamikadze dronlar (Harop) və “Spike” raketlərindən istifadə etməklə Ermənistanın tanklar daxil olmaqla, ağır texnikasını effektiv surətdə məhv etməsi taktikası dünya hərb tarixində yenilik idi: “Vaşinqton Post”-da dərc olunan məqalədə Azərbaycanın “Bayraktar TB2” və İsrail istehsalı olan silahlarla Ermənistanın ağır texnikasının 47 faizinin məhv edildiyini yazır. Amma real rəqəm 80 faizdən çox olub. Azərbaycanın bu uğuru döyüşlərdə ağır texnikadan istifadə məsələsini gündəmə gətirdi və onun səmərəliliyi məsələsinə yenidən baxılmasını zəruri etdi. Pilotsuz uçuş aparatlarından endirilən dəqiq zərbələrlə tankların məhv edilməsi ağır texnikanın bu formada zirehinin də əhəmiyyət daşımadığını gündəmə gətirdi. Beləliklə, tankları pilotsuz uçuş aparatlarının zərbələrindən qorumaq üçün elə indinin özündə də müxtəlif istiqamətdə araşdırmalar, axtarışlar davam edir. Məsələn, “vice.com”-da dərc olunan məqalədə qeyd olunduğu kimi, Qarabağ savaşından sonra Rusiya tankların üzərində qəfəs yerləşdirməklə onları pilotsuz uçuş aparatlarının zərbələrindən qoruyacağına ümid etmişdi, ancaq bu, özünü doğrultmadı. “Vaşinqton Post” isə ABŞ-ın özünün “M1A2 Abrams” tanklarını modernləşdirmək və pilotsuz uçuş aparatlarından qorunmaq üçün İsrailin hazırladığı “Trophy” sistemi ilə təchiz etmək üçün 4,62 milyard dollar ayırdığını yazıb. Ancaq bir sıra hərbi ekspertlər artıq Azərbaycanın tətbiq etdiyi yeni nəsil savaşından sonra kifayət qədər bahalı olan və asanlıqla məhv edilən tankların 80 illik ömrünün başa çatdığı barədə də fikirlər səsləndirirlər. İndiyə qədər baş verənlər göstərir ki, Ukrayna da Azərbaycanın təcrübəsindən yararlanmağa çalışır. Ukraynanın bu təcrübədən nə dərəcədə effektiv yararlana biləcəyi barədə birmənalı fikir söyləmək isə hələ tezdir. Çünki Ukraynadan fərqli olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıq nümayiş etdirdiyi hər kəs tərəfindən etiraf olunur. Vətən müharibəsindən sonra elə Qərb mediasında da Azərbaycanın hərbi qüdrəti ilə bağlı çoxlu sayda araşdırmalar işıq üzü gördü”.

Deputat Vətən müharibəsi və Ukrayna savaşı fonunda “Bayraktar” mövzusunda Qərbin riyakarlığına da diqqət çəkib: “Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizə aparırdı və qardaş Türkiyənin hərbi sənayesinin məhsulu olan bu müasir texnologiyanı da uğurla tətbiq etdi. Ancaq Vətən müharibəsi dönəmində Qərb dövlətləri, şirkətləri Türkiyədə “Bayraktar” PUA-larının istehsalına mane olmaq üçün hansı yollara əl atmadılar? Bu PUA-nın istehsalında istifadə edilən müxtəlif avadanlıqların, cihazların Türkiyəyə ixracı qadağan edildi. Amma biz bu gün Ukraynanın “Bayraktar”-lardan istifadə etməsi fonunda belə hay-küyün şahidi oluruq? Bütün bunlar isə bir daha Qərbin riyakarlığını göstərir. Elə həmin Qərb tərəfindən də bu gün Azərbaycanın yeni nəsil savaşı təcrübəsi hələ də öyrənilməkdədir”.


Geri dön