Ana Sayfa > Karusel / Gündəm > Putin Qəddafinin öldürülmə səhnəsinə niyə tez-tez baxırmış? - Casuslar cavab verir
Putin Qəddafinin öldürülmə səhnəsinə niyə tez-tez baxırmış? - Casuslar cavab verir23-03-2022, 13:28. Yazar: Admin |
Qərb kəşfiyyat orqanları Rusiya prezidenti Vladimir Putinin özünü tələyə saldığı qənaətindədirlər və bu onları narahat edir. Putinin nələr planlaşdırdığını təxmin etmək üçün kəşfiyyatçılar illərlə onun siyasətini analiz ediblər. Rusiya qoşunları Ukraynada irəliləməyə çətinlik çəkdiyi günlərdə Putinin ağlından nələr keçdiyini öyrənə bilmək, təzyiqlərə necə reaksiya verəcəyini təxmin etmək indi həmişəkindən daha vacibdir. Böhranın daha təhlükəli hal almasına imkan verməmək üçün onun hansı ovqatda olduğunu anlamaq həyati əhəmiyyət daşıyır. Putinin xəstə olduğu barədə şaiyələr vardı, amma ekspertlər hesab edirlər ki, o, tam təcrid şəraitində yaşayır və ətrafında alternativ fikir söyləyə biləcək bircə nəfər də yoxdur. Rusiya prezidentinin özünü təcrid etməsi uzun masaların yuxarı başında - başqalarından xeyli uzaqda oturmasından da bəlli olur. Qərb kəşfiyyatçılarından biri bu qənaətdədir ki, Putinin işğal planı sanki bir KQB zabiti tərəfindən hazırlanıb - çox məxfi "sui-qəsd konspirasiyası" şəklində. Amma bu plan tam bir xaosa gətirib çıxarıb. Rusiya ordusunun komandirləri hazır deyildilər və hətta bəzi əsgərlər sərhədi nə üçün keçdiklərini bilmirdilər. Təkbaşına qərar verənİnformasiya mənbələrini gizli saxlayan Qərb agentləri işğal planı haqqında Rusiya rəsmilərinin çoxundan daha çox şey bilirdilər. Ancaq indi onlar xeyli çətin bir işin öhdəsindən gəlməli, Putinin bundan sonra atacağı addımlar haqqında məlumat öyrənməlidirlər. "Kremlin növbəti addımını təxmin etmək ona görə çətindir ki, Putin təkbaşına qərar verir" - CİA-nın (MKİ - Mərkəzi Kəşfiyyat İdarəsi) Rusiyayla bağlı əməliyyatlarına rəhbərlik etmiş John Sipher belə deyir. Britaniyanın Kəşfiyyat Xidmətinin (Mİ6) keçmiş rəhbəri John Sawers də oxşar fikir söyləyir, "ən yaxınındakı şəxslər belə bilmədiyi halda" Putinin nə düşündüyünü təxmin etməyin çətin olduğunu vurğulayır. Psixologiya professoru Adrian Furnham hesab edir ki, Putin öz təbliğatının qurbanıdır və fikrini öyrəndiyi insanların sayı çox məhdud olduğundan dünyaya baxışı deformasiyaya uğrayır. Putinin çıxış yolu varmı?Kəşfiyyatçılar Putinin yaxın çevrəsində əvvəllər də çox az adam olduğunu, Ukraynaya hücum məsələsində bu dairənin daha da daraldığını qeyd edirlər. Bildirilir ki, hazırda bu dairəyə daxil olanlar Putinə tamamilə inanmış, onun hərəkətlərini və planlarını sorğu-sualsız qəbul edən şəxslərdir. Onların sayca nə qədər az olduğu Təhlükəsizlik Şurasının Ukraynaya hücumdan əvvəl keçirilmiş iclasında ortaya çıxmışdı. Putinin fəaliyyətini araşdıranlar hesab edirlər ki, o, SSRİ-dağılandan sonrakı - 1990-cı illərdəki qarışıqlıq dövrünü unutdurmaq arzusuyla hərəkət edir. Bundan başqa, ehtimal olunur ki, Putin Qərbin onu devirməyə çalışdığına və Rusiyanın inkişafına mane olmaq istədiyinə inanır. Putinlə şəxsən tanış olan şəxslərdən birinin dediyinə görə, Rusiya Prezidenti 2011-ci ildə hakimiyyətdən uzaqlaşdırılmış Qəddafinin öldürülmə səhnəsinə çox tez-tez baxırmış. "Uzun illərdir ki, o, yanacağı kin və ehtiras olan mühərriklə hərəkət edir" - CİA-nın rəhbəri William Burns Putinin səhhəti barədə suala cavab verərkən belə demişdi. Burns həmçinin qeyd etmişdi ki, Putinin mövqeyi zamanla daha da sərtləşib və alternativ fikirləri qəbul etməz hala gəlib. Rusiya prezidenti dəli olubmu?Bu sualı Qərbdə çoxları səsləndirir. Amma ekspertlərin böyük əksəriyyəti belə yanaşmanı doğru hesab etmir. Psixoloqlardan biri deyir ki, Ukraynaya hücum qərarını verən şəxsin dəli olduğunu iddia etsək, bu qərarın səbəbini anlaya bilmərik. CİA-nın nəzdində "liderlik analizi" ilə məşğul olan qrup əcnəbi liderlərin səhhəti, keçmişi və əlaqələrini araşdırır. Bu zaman liderlərin bir-biri ilə görüşmələri sayəsində ortaya çıxan məlumatlardan da istifadə edilir. Məsələn, 2014-cü ildə Almaniyanın ozamankı kansleri Angela Merkel ABŞ-ın həmin dövrdəki Prezidenti Barack Obamaya Putin haqqında "O, başqa bir dünyada yaşayır" demişdi. Fransa prezidenti Emmanuel Macron isə Putinlə son görüşündən sonra onun əvvəlki vaxtlara nisbətən "daha sərt və təcrid olunmuş" gördüyünü söyləyib. Son zamanlarda nəsə dəyişmiş ola bilərmi? Bəziləri ciddi sübutlara istinad etmədən Putinin səhhətinin pisləşməsi və ya qəbul etdiyi dərmanların əks təsir göstərməsi ehtimalını səsləndirirlər. Eyni zamanda, bildirilir ki, Putin Rusiyanı qorumağı öz alın yazısı hesab edir və ölkəni yenidən super dövlətə çevirmək üçün az vaxt qalması düşüncəsiylə hərəkət edir. Digər tərəfdən, pandemiyaya görə özünü ətraf aləmdən həddən artıq təcrid etməsinin psixi təsirlərinə də istinad edilir. ABŞ administrasiyasında diplomat olaraq çalışmış və hazırda analitik mərkəzdə işləyən Ken Dekleva Putinin ruhi xəstə olmadığını düşünsə də, onun tələsik qərarlar verməyə başladığını qeyd edir. Doğru məlumatların Putinin ətrafına çatmamasından da narahatlıq var. Hücumdan əvvəl Rusiya kəşfiyyat xidmətləri Ukraynada qoşunların həqiqətdə necə qarşılanacağı barədə məlumatları Rusiya Prezidentindən gizlətmiş ola bilərdilər. Qərb rəsmilərindən biri ötən həftə deyib ki, bəlkə də Putin öz qoşunlarının vəziyyəti haqqında Qərb kəşfiyyat xidmətlərindən daha az xəbərdardır. Bu mümkün məlumatsızlıq böhranın kəskinləşəcəyi təqdirdə Rusiya liderinin necə reaksiya verəcəyilə bağlı narahatlıq doğurur. "Dəli adam" nəzəriyyəsiPutinin uşaqlıq xatirələri arasında bir siçanı necə qovması haqqında danışdıqları da var - küncə sıxışmış siçan hücuma keçib gənc Vladimiri qaçmağa məcbur etmək istəyibmiş. Qərb rəsmiləri Putinin özünü küncə sıxışmış hiss edib-etmədiyini gündəmə gətirirlər. "Sual bundan ibarətdir ki, o, qəddarlıq səviyyəsini artıracaqmı və böhranı istifadəsinə hazır olduğunu bildirdiyi silah sistemləri həddinə çatdıracaqmı?" - bir Qərb rəsmisi belə deyir. Son dövrdəki bəzi çıxışlarında Putin taktiki nüvə silahından istifadə edə biləcəyini deyib. Psixologiya professoru Adrian Furnham onun ani bir qərarla "düyməni basın" deyə biləcəyindən narahat olduğunu söyləyir. Putinin "dəli adam" nəzəriyyəsi adlı taktikadan istifadə edə biləcəyi də səslənən ehtimallar arasındadır. Hesab edilir ki, Rusiya lideri düşmənlərini geri çəkilməyə məcbur etmək üçün özünü hər şeyə, o cümlədən, nüvə silahından istifadəyə qadir dəli kimi təqdim etmək istəyə bilər. Qərb kəşfiyyatçıları və siyasətçiləri üçün Putinin niyyətini başa düşmək indi həmişəkindən daha vacibdir. Təhlükəli reaksiya verəcək hala gətirmədən onu hara qədər sıxışdıra biləcəklərini təxmin edə bilmək bu gün həyati əhəmiyyət daşıyan məsələdir. "Putin səhv etmək və zəif görünmək lüksünün olmadığı qənaətindədir, hətta hər ikisinə nifrət edir. Küncə sıxışmış Putin daha təhlükəli Putindir. Ayını qəfəsdən çıxarıb yenidən meşəyə qayıtmasına icazə vermək bəzən daha faydalıdır" - Ken Dekleva belə deyir. Geri dön |