YAP-çı deputat Anar Məmmədov Novruz bayramı münasibətilə Goranboy rayonu Qaradağlı kəndində şəhid ailələri ilə görüş keçirib.
Qarabaginfo.az xəbər verir ki, görüşdə Qaradağlı kəndindən olan dörd şəhidin ailə üzvləri, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu, rayon ziyalıları və ağsaqqalları iştirak edib.
Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Şəhid ailələrinin üzvləri onlara göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.