Ana Sayfa > Karusel / Region > Ukraynadakı müharibə Rusiyanın qonşularına necə təsir edir? – Aclıq qapıda

Ukraynadakı müharibə Rusiyanın qonşularına necə təsir edir? – Aclıq qapıda


22-03-2022, 15:18. Yazar: Admin

Ukraynadakı müharibə Rusiyanın qonşularına necə təsir edir? – Aclıq qapıda

Ekspertlər hesab edirlər ki, postsovet məkanı üçün Rusiyanın Ukraynaya hücumu SSRİ dağılandan sonrakı dövrün ən ağır hadisəsidir, ciddi siyasi və iqtisadi nəticələri olacaq.

Ukraynalı qaçqınları və rusiyalı mühacirləri qəbul edən keçmiş sovet respublikalarında Rusiya iqtisadiyyatındakı tənəzzülə görə bahalaşma və mal qıtlığı yaşanır. Bu ölkələrin milyonlarla vətəndaşının və Rusiyadan gəlmiş əmək miqrantlarının gələcəyi qeyri-müəyyən olaraq qalmaqdadır.

Moskvayla müttəfiqlik müqavilələri bağlamış dövlətlərin liderləri isə ehtiyatlı davranıb neytrallığı qorumağa və Rusiyanın xətrinə dəyməməyə çalışırlar.

Neytral qalmaq cəhdi

Keçmiş SSRİ respublikalarından 6-sı Rusiyayla hərbi əməkdaşlıq müqaviləsi imzalayıb. Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla özlərini Moskvaya "bağlayıblar". Müharibəyə iki gün qalmış Azərbaycan da Rusiyanın müttəfiqləri sırasına qoşulub: bu iki ölkənin prezidentləri qarşılıqlı hərbi yardım bəndinin də olduğu əməkdaşlıq bəyannaməsi imzalayıblar.

Amma Kremlin "xüsusi hərbi əməliyyat" adlandırdığı müharibəni publik olaraq təkcə Aleksandr Lukaşenko dəstəkləyib. Belarus BMT Baş Assambleyasının Moskvanın təcavüzünü pisləyən qətnaməsinin əleyhinə səs verən yeganə keçmiş sovet respublikası oldu və beləliklə də Rusiya, Eritreya, Şimali Koreya və Suriyayla bir cərgədə dayandı.

Rusiyanın bütün digər müttəfiqləri səsvermədə bitərəf qaldılar, bu ölkələrin liderləri müharibəni ya açıq şərh etmir, ya da neytral mövqe tutaraq tərəfləri dialoqa çağırır. Lukaşenkodan başqa onların heç biri Rusiyanın hərəkətlərinə haqq qazandırmayıb.

"Biz kiçik ölkəyik. Münaqişəni dayandırmağa yetəcək təsir gücümüz yoxdur. Ona görə də tərəfsiz qalmalıyıq" - Qırğızıstan prezidenti Sadır Japarov ölkə parlamentindəki çıxışında Rusiyanın "xüsusi əməliyyatına" münasibət bildirərkən belə deyib.

Onun sözləri müttəfiqlik müqavilələriylə Rusiyaya bağlı olan digər paytaxtlardakı ovqatı da əks etdirir. Mərkəzi Asiyanın bütün ölkələri iqtisadi və ya təhlükəsizlik baxımından Rusiyadan asılıdırlar. KTMT-yə üzvlükdən başqa, Ermənistandakı kimi Qırğızıstan və Tacikistanda da Rusiyanın hərbi bazaları var; bu üç ölkə, Rusiya Federasiyası və Belarus həm də Avrasiya İqtisadi Birliyinin üzvüdürlər.

Britaniyanın Chatham House institutunun eksperti Kate Mallinson-un sözlərinə görə, "postsovet ölkələri pərdə arxasında Moskvanın görünməz əlini hiss edəcəklər, Rusiya öz təsir dairəsindəkilərə təzyiqini artıracaq və onları özünün prioritetlərinə daha çox uyğunlaşmağa məcbur edəcək".

Bu ölkələrin hakimiyyətləri Ukraynadakı müharibə haqqında mümkün qədər az danışmağa çalışsalar da, müxalifət, vətəndaş cəmiyyəti və media qurumları açıq şəkildə münaqişədə tərəf olurlar.

Bu ilin əvvəlində prezident İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdi, amma hazırda rəsmi Bakı neytral mövqe tutub. Bununla belə, Azərbaycan cəmiyyəti və müxalifəti Ukraynanı dəstəkləyir, Bakıda Ukraynaya dəstək aksiyaları keçirilib.

Qonşu Ermənistanda həm Ukraynaya, həm də Rusiyaya dəstək mitinqləri təşkil edilib və hər ikisində iştirakçı sayı eyni dərəcədə az olub. Bişkek və Almatıda müharibə əleyhinə nümayişlər martın 8-nə təyin olunub. Bu aksiyalarda da az adam iştirak edib, Qırğızıstanda isə məhkəmə bir ay ərzində Rusiya səfirliyi yaxınlığında etiraz aksiyaları keçirməyi qadağan edib.

"Ən mühüm və gözlənilməz nəticə region ölkələrinin hər birinin Rusiyayla münasibətlərindəki dəyişikliklər olacaq. Çox şey müharibənin nəticəsindən və Rusiyanın müharibədən sonrakı vəziyyətindən asılıdır" - Eurasianet nəşrinin redaktoru Joshua Kucera deyir.

Qaçqınlar və mühacirlər

MDB üzvləri arasında Ukraynadan ən çox qaçqın qəbul edən ölkə Moldovadır - ölkə rəsmilərinin məlumatına görə, müharibə başlayandan bəri bu ölkəyə 300 mindən çox ukraynalı gəlib.

Onların çoxu sonra Avropaya keçib, amma Moldovada hələ də 100 mindən çox ukraynalı qaçqın var və bu, Avropa Birliyinin dəstəyinə ümid edən iqtisadiyyat üçün böyük yükdür. Digər problemsə bütün region üçün qovşaq rolunu oynayan Odessa limanında ticarətin dayanmasıdır.

Moldova prezidenti Maya Sandu qərbyönlü siyasətçi hesab olunur və müharibə başlayandan sonra Ukrayna və Gürcüstanın ardınca o da ölkəsinin Avropa Birliyinə qəbuluyla bağlı quruma rəcmi müraciət edib. Bununla belə, rəsmi Kişinyov Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Sandu və digər Moldova siyasətçiləri müharibəni şərh etməməyə çalışırlar.

Rusiya ordusunun Odessaya və Moldova sərhədinə doğru irəliləməsini bu ölkədə də narahatlıqla izləyirlər. Moldovanın silahlı qüvvələri bir neçə min nəfərdən ibarətdir, Kişinyovun nəzarətində olmayan "Dnestryanı Respublikada" da analoji sayda Rusiya hərbi kontingenti var.

Qafqazın köhnə yaraları

2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsiylə Ukraynaya hücumu eyniləşdirən bir çox Gürcüstan vətəndaşı orda baş verənləri öz şəxsi faciəsi kimi qəbul edir.

Son rəy sorğusunun nəticələrinə görə, gürcülərin 61%-i öz hakimiyyətlərindən Ukraynaya daha aktiv dəstək gözləyirlər. Rəsmi Tbilisi Kiyevlə həmrəy olduğunu bəyan etsə də, baş nazir İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiyaların effektivliyini şübhə altına alıb və Gürcüstan hökumətinin onları dəstəkləməyəcəyini bildirib.

Son həftələrdə Tbilisi müasir rus mühacirətinin mərkəzlərindən birinə çevrilib. Təqiblərdən qorxan jurnalistlər və fəallar əvvəllər də Rusiyanı tərk edərək Gürcüstan paytaxtına gediblər.

Ancaq müharibə başlayandan sonra bu axın kəskin artıb - müharibəni pisləyən və ya hərbi vəziyyət elan olunacağını düşünən minlərlə rusiyalı ölkəni tərk etməyə başlayıb. Martın 7-nə olan rəsmi məlumata görə, Gürcüstana 20-25 min arası Rusiya vətəndaşı gəlib. Yəqin ki, indi onların sayı daha çoxdur.

Hərçənd Gürcüstanda heç də hamı yeni qonaqların gəlişinə sevinmir - hətta müxalif mövqedə olanlar da. Bir çox rusiyalının dediyinə görə, Tbilisi sakinləri öz mənzillərini onlara kirayə vermək istəmirlər.

Bu, gürcülərin Ukraynayla kütləvi həmrəyliyinin, 2008-ci il müharibəsinin yaratdığı travmaların və Gürcüstan hakimiyyətinin mövqeyindən narazılığının nəticəsi ola bilər.

Fevralın sonundan etibarən minlərlə rusiyalı həm də Ermənistana gedib - bu ölkəyə daxil olmaq üçün heç xarici pasporta da ehtiyac yoxdur.

Ermənistanın İqtisadiyyat Nazirliyi biznesin ölkəyə köçürülməsiylə bağlı məsələhət kanalı da açıb və ukraynalılara, ruslara və belaruslara eyni dərəcədə kömək etməyə hazır olduğunu bildirib.

Elə sadə ermənilər də rusları həvəslə qəbul edirlər, amma Yerevan sakinləri rusiyalı mühacirlərin ölkəyə gəlişiylə əmlak qiymətlərinin kəskin artmasından şikayətlənirlər. Ötən həftə yerli hakimiyyət orqanları Ermənistana hər gün 7 minə yaxın rusiyalının gəldiyini açıqlayıblar.

Eyni zamanda, Ukraynadan gələn xəbərlər ermənilərə Dağlıq Qarabağdakı son müharibədə Ermənistanın məğlubiyyətini xatırladır. Region böyük ölçüdə Azərbaycanın nəzarətinə qayıdıb, amma Rusiya sülhməramlılarının həmin əraziyə yerləşməsi erməni əhalisinin bir hissəsinin öz evlərində qalmasına imkan verib.

Ukraynadakı hərbi əməliyyatlar Qarabağda yeni eskalasiya təhlükəsi yaradır.

Martın əvvəlindən etibarən atəşkəs rejiminin pozulmasıyla bağlı xəbərlər artmaqdadır. Hər iki tərəf yeni faktlar haqqında açıqlamalar yayır, beynəlxalq vasitəçilərsə bir erməni əsgərinin öldürülməsi faktını təsdiqləyiblər.

Qaz kəməri zədələndiyinə görə on minlərlə insan bir həftədən çoxdur ki, sıfırdan aşağı temperaturda isidilməyən mənzillərdə yaşayır.

Əmək miqrantlarının taleyi və qıtlıq

Müharibə başlayandan sonra IT mütəxəssisi, sahibkar, frilanser və digər peşə sahibi olan ruslar Bişkek və Almatıya köçürlər, amma bu, Ukraynadakı müharibənin Mərkəzi Asiyaya təsirinin əsas nəticəsi deyil.

Bu ölkələrin Rusiyadakı miqrantlarının taleyi, rublun çökməsi və sanksiyaların iqtisadi nəticələri daha önəmlidir. Ekspertlərin fikrincə, Rusiyada MDB ölkələrindən olan miqrantların sayı təxminən səkkiz milyon nəfərdir və əksəriyyəti Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.

Rublun çökməsi onların gəlirlərini azaldıb. Rusiya şəhərlərində yaşayan miqrantlar öz vətənlərində və təkcə Orta Asiyada yox, Azərbaycan, Ermənistan və Moldovada da ailələrinin yeganə qazanc mənbəyidirlər.

"Gəlirlərindən məhrum olmuş kişilər və qadınlar yüksək səviyyəli işsizliyin və artan inflyasiyanın olduğu ölkələrinə - hələ də koronavirus pandemiyasının fəlakətli təsirlərindən əziyyət çəkən bölgəyə qayıdacaqlar" - Chatham House institutunun əməkdaşı Kate Mallinson deyir.

O hesab edir ki, regiondakı hökumətlər sosial problemlərə repressiyaları artırmaqla cavab verə bilər.

Bundan başqa, bütün MDB ölkələrində ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Rusiya Avrasiya İttifaqı ölkələrinə taxıl ixracını dayandırıb və bu, un qıtlığına səbəb ola bilər. Müharibə dərman preparatlarının əlçatanlığına da təsir edə bilər - onların çoxu MDB ölkələrinə Rusiya və Ukraynadan idxal edilirdi.

"Əmək miqrantlarının qazandığı rubl bir neçə dəfə ucuzlaşıb. Rusiya Ermənistana taxıl, un, günəbaxan yağı, makaron və şəkərin əsas tədarükçüsüdür. Bu, artıq istehlakçılarda panika yaradıb. Rəsmilər qıtlıq olmayacağını vəd etsələr də, insanlar un, şəkər, yağ alırlar" - bunlarsa epress.am saytının baş redaktoru Yuri Manvelyanın sözləridir.

Eurasianet nəşrinin redaktoru Joshua Kucera deyir ki, Ukraynadakı müharibənin postsovet məkanı üçün uzunmüddətli nəticələrini proqnozlaşdırmaq çox çətindir, amma bunun son onilliklərdə region üçün ən böyük sarsıntı olduğu göz qabağındadır:

"Düşünürəm ki, bunu SSRİ-nin dağılmasından sonra regionda baş verən ən vacib hadisə adlandırmaq mübaliğə olmaz. 1991-ci ildə siz kimdənsə prosesin nəylə nəticələnəcəyini soruşsaydınız, cavab verə bilməzdi".

Materialın hazırlanmasında Nina Axmeteli, İlya Barabanov, Məhərrəm Zeynalov və Nərgiz Rıskulova iştirak ediblər.(BBC)


Geri dön