Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukrayna savaşını III Dünya Müharibəsinə çevirir
Rusiya Ukrayna savaşını III Dünya Müharibəsinə çevirir21-03-2022, 19:39. Yazar: Admin |
Kremlin Rusiyanın beynəlxalq mövqelərini qorumaq, ABŞ və Qərbdən daha böyük güzəştlər qoparmaq məqsədilə III Dünya Müharibəsini belə, gözə ala biləcəyi açıq-aşkar nəzərə çarpır; Əvvəlcə Belarusun Ukrayna savaşına qatılması, ardınca isə Rusiyanın Polşa, Estoniya, Latviya, Litva, Bolqarıstan, Çexiya və Slovakiya kimi ölkələrə planlaşdırılan hücumu qlobal savaşa səbəb ola bilər...
Ukrayna savaşı dünyanı əməlli-başlı qarışdırıb. Dünya nəhənglərinin maraqları Ukrayna çoğrafiyası üzərində düyünlənib. Üstəlik, yaxın vaxtlarda həmin düyünlərin açıla biləcəyi qətiyyən inandırıcı görünmür. Məsələ ondadır ki, Ukrayna savaşının dayandırılması istiqamətində hələ də real addımlar atılmayıb. ABŞ və Qərb ümumiyyətlə, bu savaşın dayandırılmasında maraqlı və həvəsli görünmür. Bu səbəbdən də Ukrayna və Rusiya arasında vasitəçilik missiyasını öz üzərinə götürmüş Türkiyə bu məsələdə demək olar ki, tək qalıb. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rəsmi Kiyev ilə danışıqlar prosesində heç də hər şey ümidverici deyil. Yəni savaşan tərəflər arasında anlaşmanın əldə olunması üçün hələlik elə bir ciddi səbəb yoxdur. Və bu, Rusiya-Ukrayna savaşının uzana biləcəyindən xəbər verir. Təbii ki, savaşın uzanması bütün dünya üçün ən uğursuz variantdır. Çünki, savaş uzandıqca onun nəticələri nəinki ağırlaşır, daha təhlükəli istiqamətlər alma ehtimalı da artır. Qətiyyən təsadüfi deyil ki, artıq üçüncü dünya müharibəsi və nüvə savaşı barədə daha tez-tez ehtimallar gündəmə gətirilməyə başlayıb. Maraqlıdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamasında da bu məsələ xüsusi olaraq, qabardılıb. Ukrayna prezidenti növbəti dəfə bəyan edib ki, Kreml sahibi ilə danışıqlara hazırdır: "Danışıqlar olmadan biz bu müharibəni bitirə bilməyəcəyik. Biz istənilən formatdan, istənilən imkandan istifadə etməliyik ki, Putinlə danışa bilək. Bu cəhdlər uğursuz olarsa, III Dünya Müharibəsi baş verəcək". Ancaq müşahidələr göstərir ki, Kremlin Ukrayna ilə danışıqlara münasibəti bir qədər fərqli məzmun daşıyır. Əslində, Rusiya da savaşın dayandırılmasına meyillidir, bunun üçün danışıqlara da həvəslidir. Ancaq Kreml bu danışıqların prezidentlər səviyyəsinə yüksəldilməsini qətiyyən istəmir. Kreml ən uzağı xarici işlər nazirləri səviyyəsində aparılacaq danışıqlarda Rusiyanın şərtlərini Ukraynaya qəbul etdirməyi hədəfləyib. Bu, mümkün olarsa, son mərhələdə prezident Vladimir Putinin qalib Rusiyanın adından sülh sazişini imzalaması planlaşdırılır. Halbuki Kreml təmsilçisi D.Peskovun da etiraf etdiyi kimi, Rusiya hələlik bu nəticədən çox-çox uzaqdır. Rəsmi Kiyev və Ukraynanı dəstəkləyən Qərb dövlətləri Rusiyaya belə hərbi-siyasi qələbə şansı tanımaq niyyətində deyillər. Və bu, prezident Volodimir Zelenskinin açıqlamasında da nəzərə çarpır. Belə ki, prezident Volodimir Zelenski Rusiya ilə danışıqlarda Ukraynanın ərazi bütövlüyü və suverenliyi baxımından, heç bir kompromisin mümkün olmayacağını vurğulayıb. Bu isə o deməkdir ki, Kremlin Krımın Rusiya ərazisi kimi qəbul edilməsi, Donbas separatçılarının müstəqilliyinin tanınması ilə bağlı tələblərinin üzərindən bəri başdan xətt çəkilib. Prezident V.Zelenski Kreml sahibi V.Putinin də yalnış məlumatlarla yönləndirildiyinə eyham vurub. Onun fikrincə, belə vəziyyət Kreml sahibini daha da təhlükəli edir və indi V.Putin üçüncü dünya savaşına səbəb olacaq addımlar belə, ata bilər. Onu da qeyd edək ki, Kremlin məhz bu istiqamətdə planlar qurmaqda olduğu müşahidə edilir. Belə ki, Rusiya Belarusun dövlət borclarının ödənməsini yaxın 5 il üçün təxirə salıb. Əvəzində isə rəsmi Minskdən Belarus ordusunun Ukraynaya yeridilməsi istənilir. Yəni, Kreml Belarusdan Ukrayna savaşında ikinci cəbhənin açılmasını tələb edir. Və Belarus prezidenti Aleksandr lukaşenko Ukraynadan ölkəsinə hərbi təhlükə olduğunu bəyanlamaqla, Kremlin tələblərinə boyun əyməyə meyilli olduğunu sezdirir. Rəsmi Kiyevin "Batka"nın bəyanatlarına reaksiyası konkret məzmun daşıyır. Çünki, Ukrayna sərhədini keçən istənilən Belarus əsgərinin məhv ediləcəyini vurğulanır. Rəsmi Kiyev hesab edir ki, Ukrayna ilə müharibə Belarus xalqına deyil, Kreml sahibi Vladimir Putinə lazımdır. Ona görə də, Rusiya prezidenti indi Aleksandr Lukaşenkoya Belarus ordusunun işğala qatılması üçün təzyiq göstərir. Lakin Belarus prezidenti onu da anlayır ki, bu addım onun ölkəsini uçuruma apara bilər. Kreml əslində, Belarusu müəyyən mənada, Ukrayna savaşına bulaşdıra bilib. Çünki Rusiya Ukraynaya qarşı işğal əməliyyatlarında Belarusun ərazisindən istifadə edir. Ancaq indi Kreml sahibi Belarus ordusunun bu savaşda birbaşa iştirakını da istəyir. Maraqlıdır ki, Ukrayna kəşfiyyatı Belarus ordusunda olan əhval-ruhiyyə barədə də məlumat yayıb. İddialara görə, Belarus hərbçilərinin mütləq əksəriyyəti Ukraynaya qarşı vuruşmaq istəmirlər. Ona görə də, Belarus ordusunun Ukrayna sərhədlərini keçməsindən Rusiyanın effektiv hərbi nəticə əldə edə biləcəyi o qədər də inandırıcı görünmür. Halbuki belə bir addımın siyasi nəticələrinin ola biləcəyi isə qətiyyən şübhə doğurmur. Məsələ ondadır ki, Belarus ordusunun Ukraynaya daxil olduğu andan etibarən üçüncü dünya savaşından danışmaq o qədər də məntiqsiz görünməyəcək. Belə bir situasiya Rusiyanın bütün dünyanı qlobal savaş ilə şantaj etməsi baxımından, effektiv ola bilər. Hər halda, savaşın Ukrayna sərhədlərindən kənara sıçrama ehtimalının Qərb dövlətlərində ciddi narahatlıq doğura biləcəyi istisna deyil. Digər tərəfdən, Active Group şirkətinin mart ayında keçirdiyi sorğunun nəticələri Rusiya əhalisinin üçüncü dünya müharibəsinə qətiyyən qarşı çıxmadığını düşünməyə də əsas verir. Belə ki, rəyi soruşulanların 87 faizinin Rusiya ordusunun Avropa Birliyi ölkələrinə hücum etməsi ilə bağlı ideyanı dəstəkləyib. Rusiya əhalisi arasında xüsusilə də, Polşa, Estoniya, Latviya, Litva, Bolqarıstan, Çexiya və Slovakiya kimi ölkələrə hücum edilməsi fikri daha populyardır. Göründüyü kimi, Rusiyada üçüncü dünya müharibəsinə əhalinin psixoloji hazırlığı da diqqət mərkəzində saxlanılır. Belə anlaşılır ki, Kreml Rusiyanın beynəlxalq mövqelərinin qorunması üçün bütün variantları sınaqdan çıxartmaqda tamamilə qərarlıdır. Və hadisələrin belə inkişafı Qərbdə buna qarşı hazırlıq ehtiyacını artır. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb üçün ən məqbul variant hələlik savaşın Ukrayna sərhədləri içərisində qalmasıdır. Bu səbəbdən də, NATO-nun Ukraynada Rusiya ilə vuruşmayacağı israrla gündəmə gətirilməkdədir. Ancaq bununla belə, NATO Ukraynaya hərbi, humanitar və maliyyə dəstəyini daha da artıracağını da qətiyyən gizlətmir. Qərb siyasi dairələrində üçüncü dünya müharibəsi ehtimalını hələlik o qədər də ciddiyə almırlar. Hesab edilir ki, rəsmi Kiyev bəzi simvolik güzəştlərə getməklə, Rusiyanı məmnun edə bilər. Kremlin rus dili ilə bağlı istəyi qismən yerinə yetirilərsə, Rusiya da əvvəl-axır öz şərtlərini yumşaltmaq məcburiyyətində qalacaq. Çünki, savaşın davam etdirilməsi Rusiyanı hər ötən gün bir az da zəiflədir. Və bu səbəbdən də, Kreml üçün Rusiyanın ən simvolik nəticələr ilə savaşdan çıxarılması belə, olduqca böyük önəm daşıyır. Ancaq ABŞ və Qərbin bu ehtimalları özünü doğrultmaya da bilər. Çünki, Kremlin Rusiya üçün daha böyük güzəştlər qoparmaq məqsədilə üçüncü dünya müharibəsinə səbəblər yarada biləcəyi də açıq-aşkar nəzərə çarpır. Kreml buna nail olarsa, bu halda, ABŞ və Qərbin, xüsusilə də, üçüncü dünya savaşına səbəb açılmasının yolverilməz olduğunu tez-tez vurğulayan Ağ Ev sahibi Co Baydenin qorxduğu başına gəlmiş olacaq. Geri dön |