Ana Sayfa > Karusel / Region > Müharibəni dayandırmağın yeganə yolu – o təslimçilik deyil, başqadır....
Müharibəni dayandırmağın yeganə yolu – o təslimçilik deyil, başqadır....21-03-2022, 17:19. Yazar: Admin |
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlanan müharibə və onun hər kəsə məlum inkişaf ssenarisi üzrə davam etməsi əksər siyasətçilərin, politoloqların, özlərini biləndar sayan ekspertlərin proqnozlarını və mülahizələrini alt-üst etdi. Birinci “Rusiya blef edir, Ukraynaya hücum etməyəcək” deyənlər yanıldılar, fevralın 24-də Rusiya onların mülahizələrini Mariupol şəhərinin binaları kimi dığıtdı, Ukrayna ərazisinə hərbi maşınla, silahla daxil oldu. İkinci “Rusiya bir neçə günə Kiyevi götürəcək, prezident Zelenskini devirəcək, ölkəni ikiyə böləcək” deyənlərin proqnozu puç oldu. 22 gündür Kiyev də yerindədir, Zelenski də. Üçüncü “Rusiyanın 65 kilometrlik hərbi karvanının qarşısında Ukrayna 10 gündən çox tab gətirə bilməyəcək” deyənlər pərt durumda qaldılar. Həmin 65 kilometrlik hərbi karvana daxil olan texnikanın hazırda neçə kilometrinin metallolom materialına döndüyünü quş uçuşu rakursundan çəkilən videolar aydın göstərir. Ukrayna da hücuma tab gətirib, döyüşməkdə davam edir. Dördüncü “Ukraynanın şərq hissəsinin əhalisi Rusiyaya müqavimət göstərməyəcək” iddiasında olanlar səhv etdiklərini anladılar. Ölkənin şərq hissəsinin işğala məruz qalmış şəhərlərinin sakinləri də rus işğalçılara müqavimət göstərir, işğal edilməyən şəhərlərin müdafiəçiləri də. Bunlardan başqa, ABŞ və Avropanın bu müharibəyə daha ciddi şəkildə qoşulacağını bildirənlər və NATO-ya daxil olan dövlətlərin seyrçi qalacağını bəyan edənlər də yarı-yarıya yanıldılar. ABŞ və Avropa ölkələri “III dünya müharibəsi başlanar” deyə Rusiya-Ukrayna müharibəsinə birbaşa qatılmadılar, eyni zamanda Ukraynanın tək də buraxmadılar, siyasi, hərbi, maddi, humanitar, mənəvi, bir sözlə hər cür dəstək verdilər. İndi bəzi ekspertlər hesab edirlər ki, bu qanlı müharibəni dayandırmağın tək yolu Ukraynanın təslim olmasıdır. Düşüncə budur ki, Rusiyanın prezidenti Putin odioz, sərt, güzəşt bilməyən, kriminal rus jarqonuyla desək, “blatnoy və krutoy” adamdır, o, məqsədinə çatmayınca geri çəkilməyəcək, ona görə də Ukrayna daha böyük dağıntılara məruz qalmaq, daha böyük qurbanlar vermək istəmirsə, təslim olmalıdır və beləliklə müharibə bitməlidir. Belə iddiada olanların çoxu ruspərəstlərdir, onlar bütün hallarda Rusiyanın tərəfindədir. Əgər sabah Rusiya Ukraynaya, eləcə də Avropaya qarşı nüvə silahı işlətsə, bu vəsilə ilə Yer planetinin dağılmasına səbəb olsa, həmin adamlar son nəfəslərində “Rusiya düz elədi” deyəcəklər. Amma bu düşüncədə olan elə adamlar da var ki, qətiyyən ruspərəst deyillər, 5-ci kolonla yaxından, uzaqdan əlaqələri yoxdur, amma hansısa səbəbdən beyinlərinə bu cür yanlış düşüncə hakim kəsilib. Onlar elə hesab edirlər ki, kütləvi qırğınlar olmaması üçün bu və ya digər ölkədə hərbi aqressorun qarşısından çəkilmək, ona itaət etmək kifayətdir ki, aqressor əldə etdiyinə qane olsun, sakitləşsin. Elə şey yoxdur. Hər işğal olunan yeni ölkə işğalçı üçün “fəth olunmuş yeni ölkə”dir və onun iştahını bir az da açır. Ortada Napoleon və Hitler presedentləri var. Hər ikisi bütün Avropanı işğal edə-edə Moskvaya, durdurulana qədər gəlmişdilər. Hitler Avropanın şərqində Polşanı, Çexoslavakiyanı, qərbində Fransanı asanlıqla işğal edəndə Moskvada düşünürdülər ki, Almaniya bunlarla kifayətlənəcək, 1940-cı ildə iki ölkənin müttəfiqliyinə dair bağlanmış Ribbentrop-Molotov paktına görə SSRİ-yə hücum etməyəcək. Amma Kreml başbilənlərinin bu əminliyi 1941-ci ilin 22 iyununda puç oldu. Almaniya SSRİ-yə hücum etdi. Tarixdəki bu cür təcrübələrə yaxşı bələd olan Avropada belə bir düşüncə var ki, Rusiyanın Ukraynaya hücumu Moskvanın prizmasından yanaşdıqda, uğurla başa çatsa, bu, böyük bir hərbi kampaniyanın başlanğıc mərhələsi olacaq. Rusiya zatən, Belarusu ram edib, bu ölkənin özünün vilayətlərindən birinə çevirib, Qazaxıstan bu ilin yanvarında “fəth olunub” və orada ali posta özünü Rusiyanın qubernatoru kimi aparan bir şəxs əyləşdirilib. Ermənistan çoxdan Həştərxan vilayətinin statusundadır, Qırğızıstan və Tacikistan tam itaət altındadır, Türkmənistan bir işarəyə bənddir ki, Rusiyanın xeyrinə öz “neytral dövlət” statusundan imtina etsin, Rusiyanın tərkibində muxtar mahal olmağa razılaşsın. Bəlkə bir az Özbəkistan Rusiyanın Asiyada genişlənmək layihəsinə müqavimət göstərə bilər, o da heç bir halda Ukraynadan çox dirəşə bilməz. Rusiyanın şovinist və aqressiv dairələrində düşünürlər ki, Gürcüstan, Moldova və Azərbaycan isə öz “gözü çıxmış qardaşları”nda ibrət alaraq özlərini “rus ayısı”nın iti caynaqlı pəncəsinin zərbəsi altına verməyəcəklər. Baltikyanı ölkələr, eləcə də Polşa, Rumıniya, Çexiya, Slovakiya, həmçinin Balkan dövlətləri bu hərbi avantüranın mabədini görürlər deyə narahatdırlar. Çünki qlobal miqyasda dünyanın yenidən bölüşdürülməsi, sərhədlərin yenidən müəyyən edilməsi prosesi başlanırsa, onların heç biri kənarda qalmayacaq. Bizimkilər də deyir, Ukrayna təslim olsun, müharibə qurtarsın. Müharibə o vaxt qurtara bilər ki, aqressor dayansın. Əgər 1941-ci ilin payızında Rusiya Hitlerə təslim olsaydı, müharibə dayanacaqdı? Xeyr. Hitler Hindistana, Çinə qədər irəliləyəcək, orada Yaponiya ilə həmsərhəd olacaqdı, sonra Afrika ölkələrini ard-arda işğal edən İtaliyaya qoşulacaqdı, daha sonra qayıdıb Böyük Britaniyanı götürəcək, ABŞ-la müharibəyə hazırlaşacaqdı. Çünki Hitlerin məqsədi dünya ağalığına nail olmaq idi. Hazırda Rusiyanın məqsədi ən azı regiondakı bütün qoluna qolay ölkələri itaət altına almaqdır. Onun fikrincə, nüvə silahı olmayan ölkələrin müstəqil dövlət kimi mövcud olmaq haqqı yoxdur, onlar ən çoxu muxtariyyata malik ola bilərlər və böyük dövlətlərin arasında bölüşdürülməlidir. Bu baxımdan hücuma məruz qalan ölkədə “itki verə bilərik, müharibə etməyək” düşüncəsinə qapılmaq yanlışdır. Əgər yadelli işğalçı üstünə top-tüfənglə gəlirsə, hücuma məruz qalanın itki verməsi labüddür. Bu canlı insan resursu da ola bilər, ərazi itkisi də, daha pisi, müstəqil dövlətçiliyin itirilməsi də. 21-ci əsrin bu günündə başqa bir dövlətin qulu-köləsi, vassalı, müstəmləkəsi kimi yaşamaq hər bir ləyaqətli insan üçün ən böyük itkidir. Ukraynada gedən müharibəni dayandırmağın yeganə yolu bütün demokratik ölkələrin, tərəqqipərvər qüvvələrin köməkləşərək hərbi aqressoru durdurmaq, geri oturtmaq, öz sərhədinin içinə yığmaq, qıcanmış dişini sökmək, iti caynağını yonmaqla ola bilər. Özümüzdən götürək, biz Qarabağı tələb edən, bundan ötrü üstümüzə silahla gələn ermənilərə təslim olsaydıq, torpaqları verərək, müharibədən qaçsaydıq, halımız nə olardı? Erməni təkcə Qarabağla kifayətlənərdimi, Gəncəni, neftli Bakını da istəməzdimi? Müqavimət görməyəndən, qarşısında yalnız təslim olmağa hazır xaql görəndən sonra, əlbəttə, istəyərdi, uzağı, azərbaycanlılara “Böyük Ermənistan”ın tərkibində muxatiyyat vəd edərdi... (musavat.com) Geri dön |