Ana Sayfa > Karusel / Sosial > “Təsəvvür edin, 10 milyon manat vəsait xərclənən resurs çökür"
“Təsəvvür edin, 10 milyon manat vəsait xərclənən resurs çökür"24-01-2020, 09:53. Yazar: Admin |
Aylardır ki, ölkədə kirayə mənzil layihəsi ətrafında müzakirələr gedirdi. Layihə ilə bağlı ilkin açıqlamalarda bildirilirdi ki, evlər üçün aylıq ödəniləcək məbləğ Bakıdakı kirayə mənzil bazarının qiymətləri ilə uyğunluq təşkil edəcək.
Bu səbəbdən daha çox maddi baxımdan imkansız təbəqə, illərdir ki, kirayə qalan yüzlərlə vətəndaş elektron imza alıb, “Elektron İpoteka və Kredit Zəmanət Sistemi” portalında kirayə mənzililərin satışa çıxarılacağı günü gözlədilər. Nəhayət, yanvarın 22-də həmin gün gəldi, lakin ev almaq istəyənlər acı bir sürprizlə üzləşdilər-mənzillərin satıldığı portal çökdü... Bununla da mənzillərin seçilməsi qaydası qeyri-müəyyən müddətə qədər təxirə salındı.
İndi keçək bu evlərin qiymətlərinə. Bu gün Bakının kirayə mənzil bazarında orta vəziyyətdə olan 2 otaqlı evin aylığı yerləşdiyi ərazidən asılı olaraq 250-300 manatdır. Əgər evin əşyası yoxdursa, bundan da ucuz qiymətə tapa bilərsən.
Fond Bakı, Xırdalan və Sumqayıtdakı mənzilləri alır və sonra aylıq müəyyən məbləğ ödəmək müqabilində 25 ilədək uzunmüddətli icarəyə verir. Şərtlərdən biri də budur ki, alan şəxs bir ilin kirayə pulunu əvvəldən ödəməlidir.
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, Bakıda mənzil üçün aylıq ödəniş 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. Söhbət birotaqlı mənzillərdən gedir. Əgər vətəndaş 58 kvadratmetrlik mənzil alırsa (1 otaq) o, 25 il ərzində bu mənzil üçün ümumilikdə 123300 manat pul ödəyəcək. Bu da hər kvadratmetrin 2100 manatdan baha başa gələcəyi deməkdir. Yəni rəqəmlərə baxsaq, kirayə mənzil bazarındakı qiymətlərin uyğunluğundan söhbət gedə bilməz. Ekspertlər bildirirlər ki, qiymətlərin bu cür baha olmasında tikinti şirkətlərinin “rolu böyükdür”. Onların baha qiymətə təklif etdikləri mənzillər dövlətin belə iri sosial layihəsini iflasa uğradır.
Hələ ki mənzillərin heç biri satılmayıb. Ekspertlərin fikirlərinə görə, saytın çökməsi də hansısa şirkətin səhvinin nəticəsidir. “Yeni Müsavat”a danışan ekspert Osman Gündüz bildirib ki, bu qədər dövlət dəstəyi qarşılığında, dövlət tərəfindən vətəndaşların sosial durumunun yaxşılaşmasına yönələn dövlət əhəmiyyətli bir layihənin bu tip uğursuzluğu çox ciddi bir siqnaldır: “Artıq baş verənlərlə bağlı yeni detallar da üzə çıxıb. Araşdırmalarımız onu deməyə əsas verir ki, VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi bir neçə dəfə İpoteka Fonduna xəbərdarlıq edib ki, sistem bu formada işə salınsa, yüklənməyə tab gətirməyəcək. Təklif olunub ki, testlər keçirilsin və qüsurlar aradan qaldırılsın. Bildiyim qədər 10 milyonluq sistemi hazırlayan ”CyberNet və “GT Solutions” şirkətləri İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyini əmin ediblər ki, sistemi işə salmaq olar. Fond rəhbərliyi də güman ki, ortada bəlli bir-məcburi hüquqi porsedurlar olmadığından, layihəyə daha tez başlamaq üçün dövlət qurumlarının deyil, sistemi hazırlayan İT şirkətlərin rəylərinə üstünlük verib. Düşünürəm ki səlahiyyətli qurumlar baş verənlərdən bir daha ibrət dərsi götürməlidir. Təqsirkarlar, cavabdeh şəxslər müəyyən olunmalıdır və onların məsuliyyəti məsələsinə baxılmalıdır. Onu da deyim ki, İpoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka” sisteminin yaradılması üçün “CyberNet” şirkətinə 6 000 000 manat sistemin təkmilləşməsi üçün “GT Solution” şirkətinə də 3 000 000 manat vəsait verib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki, 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür".
Ekspert bildirib ki, bu sahədə hüquqi məsələlər təkmilləşdirilməli və sərtləşdirilməlidir: “Eyni zamanda düşünürəm ki, ayrılan milyonlarla vəsaitlərdən qeyri-effektiv istifadə və sistemin çökməsinə görə fondun rəhbərliyi adıçəkilən şirkətlərin məsuliyyəti məsələsini qaldırmalıdır.
Bu yaxınlarda məlumat verilib ki, Bakı Şəhər İcra Hakimiyyəti bağçalara elektron qəbulla bağlı elektron resurs hazırlayır. Bu məqsədlə xeyli vəsait də ayrılıb. Baxmayaraq ki, belə bir oxşar informasiya resursu, məktəbəqədər hazırlıq və 1-ci siniflərə elektron qəbulla bağlı sistem Təhsil Nazirliyində var və sistem də testdən keçirilib, real olaraq da normal fəaliyyət göstərir.
Bütün bunlara baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti yenidən belə bir sistemi hazırlayır. Bakı şəhər İH-in, əlaqədar qurumların diqqətinə çatdırmaq istərdim ki, uşaq bağçalarına da iddiaçıların sayı yetərincə çoxdur. Odur ki, bu sistemin də bu gedişlə çökmə ehtimalı istisna olunmur. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, stres-test olunmadan, audit aparılmadan Bakı Şəhər İH-in adıçəkilən resursunun fəaliyyətinə icazə verilməsin. Bakı Şəhər İH-in adıçəkilən resursunun, məlumat bazasının da NRYTN Data Mərkəzində yerləşdirilməsi doğru olardı".
Ekspert xatırladıb ki, “e-gov” sektorunda bu tip hadisə artıq 2-ci dəfədir ki, təkrarlanır: “Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sonradan MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bildi. Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur. Düşünürəm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxslər ciddi məsuliyyətsizlik ediblər. Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres-test edilməməsi da doğru yanaşma deyil.
Geri dön |