Ana Sayfa > Karusel / Gündəm > İran və Azərbaycan güzəştli ticarət sahəsində razılığa gəlib

İran və Azərbaycan güzəştli ticarət sahəsində razılığa gəlib


18-03-2022, 16:41. Yazar: Admin

Əlirza Peymanpak

Tehran və Bakı güzəştli ticarət sahəsində razılığa gəlib.

Qarabaginfo.az bildirir ki, bunu APA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İranın sənaye nazirinin müavini və ölkənin ticarətin inkişafı təşkilatının baş direktoru Əlirza Peymanpak deyib.

 

O bildirib ki, hər iki ölkənin iş adamları geniş formatda bir-birləri ilə əlaqələr qurublar və hazırda iki ölkə üçüncü ölkələrdə birgə layihələr həyata keçirir.

"Hazırda önəmli olan məsələ Tehran və Bakı arasında ticarətin inkişaf etdirilməsidir. Bunun üçün İran Azərbaycanın tranzit potensialından və Azərbaycan da İranın ticarət potensialından yararlanmalıdır."

Peymanpak deyib ki, İran və Azərbaycan arasında əməkdaşlıq üçün texniki və mühəndislik layihələri davam etdirilir: "Azərbaycanın tranzit əlaqələrinin Fars körfəzi, Hind okeanı və Afrika ölkələrinə qədər genişləndirmək üçün İran müsbət rol oynaya bilər. Digər önəmli olan məsələ azərbaycanlı iş adamları ilə ünsiyyət qurmaqdır ki, hazırda iranlı ticarətçilər bu ünsiyyəti və münasibəti qurub. İş adamları iki ölkənin layihələrində müştərək əməkdaşlıqla yanaşı, üçüncü ölkələrdə müştərək olaraq layihələr həyata keçirməyə başlayıb və bu, İran və Azərbaycan arasında ticarətin inkişafında böyük rol oynayacaq".

O həmçinin qeyd edib ki, İran Azərbaycanın potensialından Avrasiya bazarında istifadə edə bilər: "Azərbaycanlı biznesmenlərin Avrasiya və MDB ölkələrindəki bazarlarla tanışlığı İran üçün əlverişli şərait yarada bilər. Bu, İran üçün çox önəmlidir".


Geri dön