Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, o cümlədən Rusiya banklarına qarşı sanksiyalar səbəbindən pul köçürmələrinin dondurulması bu ölkələrlə ticarət edən türkiyəli iş adamlarını çətin duruma salıb. Müştərilərinin 80 faizi rus və ukraynalılardan ibarət olan İstanbulun məşhur ticarət bölgəsi- 5 minə yaxın mağazanın yerləşdiyi Laləlidə alver kəskin zəifləyib, bir çox mağazalar bağlanmaq üzrədir. Ticarətçilər müharibə səbəbindən sifarişlərin böyük qisminin ləğv edildiyini bildiriblər.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, müharibənin başlaması ilə rus və ukraynalı alıcıların sayı kəskin azalıb. Laləlidə hazırda sakitlik hökm sürür, yük maşınlarının sürücüləri, araba ilə yük daşıyan fəhlələr işsiz qalıb.
Mağaza sahibləri bildiriblər ki, pandemiya səbəbindən onsuz da ziyana düşüblər, üstəlik rusiyalı və ukraynalı müştərilərini itirmələri mağazaların bağlanması ilə nəticələnəcək.
Müştərilərin təxminən 80 faizi ruslar və ukraynalılar idi...
Mağaza sahibi Eser Çelikbaş bildirib ki, Laləlinin müştərilərinin təxminən 80 faizi ruslar və ukraynalılar idi. Müharibənin başlaması ilə mağaza sahibləri küllü miqdarda zərərlə üzləşiblər. “Müştərilərimizin hamısı sifarişlərini ləğv etdirdi. Çünki həm pul köçürmələrində, həm də daşınmalarda çətinliklər yaranıb. Mağazalar boşalıb, küçələrdə sakitlikdir. Başımıza nə gələcəyini bilmirik”, - ticarətçi danışıb.
Satıcılardan biri isə deyib ki, müharibənin başladığı gündən indiyədək alver 10 faizə qədər azalıb, təxminən 90 faiz zərərlə işləyirlər: “Onsuz da ölkədə bahalaşma var, kommunal xidmət haqları, vergilər, ödənişlər artıb. Ticarətçilər bahalaşmanın altında əzilirlər. İndi də olan-qalan müştərilərimizi itiririk. Vəziyyət belə davam edərsə, bir çox mağaza bağlanacaq”.
Mağaza sahiblərinin sözlərinə görə, müharibə bitsə belə zərərin kompensasiyası uzun müddət çəkəcək, il yarım-iki il alver əvvəlki qaydasına düşməyəcək.
Mallar sifariş edilib, amma pul köçürmək olmur...
Ticarətçi Enes Varlık isə bildirib ki, mallarla bağlı xeyli sifariş alıblar, amma pul köçürmələrinə görə ləğv etmək məcburiyyətində qalıblar. Hazırda ölkələr arasında ticarət dayanıb: “Rusiyaya pul köçürmələri, rublun dəyərdən düşməsi problem yaradır. Rusiyadan gələn turistlər özləri ilə nəğd pul gətirmirlər, nağdsız ödənişlər də mümkün olmur”.
Mağaza sahibi Metin Bulut da baş verənlər haqda danışıb. Bildirib ki, müharibə yalnız iki dövlətin deyil, onların da güzəranını dəyişib. Çünki Laləlidə əksəriyyət Rusiya-Ukrayna bazarı ilə əlaqəli işləyir.
“Günlərdir Laləliyə heç bir rus, ukraynalı müştəri gəlmir. Televizora baxırıq, müharibənin bitəcəyi ümidi ilə gözləyirik. Müharibənin başladığı ərəfədə firma olaraq Rusiyada keçirilən sərgi-yarmarkada iştirak edirdik. Yarmarkanın ilk iki günü yaxşı keçdi, üçüncü gün müharibə başladı. İstanbula qayıtdıq, sifarişlər ləğv edildi”, - ticarətçi danışıb.
İş adamı Alaattin Saylam bildirib ki, böhran onları 70-80 faiz zərərə salıb. İstər-istəməz bazarı dəyişdirmək, yeni bazar axtarmaq məcburiyyətindədilər: “Bəzi müştərilərimiz deyirlər ki, Rusiyanı 10 il müddətində unudun. Anbarlardakı mallar satılacaq, alış-veriş olsun deyə qiymətlər endiriləcək və yeni məcburiyyət qarşısında yeni bazar axtarılacaq”.
Kiçik biznesmenlər daha pis vəziyyətdədirlər. İsmail adlı iş adamı danışıb ki, Laləli yaxın tarixin ən pis günlərini yaşayır. Müştərilərin yarısını itiriblər. Gündəlik alver ödəmələrə güclə çatır.
Sifarişlərin ləğvi 200 milyon dolları ötüb, 1 milyard dollara çatacaq
Laləli ve Osmanbəydəki çamadan satış mərkəzlərində də günlərdir alver dayanıb. 200 milyon dollarlıq ayaqqabı, geyim, xəz dəri, tekstil sifarişləri ləğv edilib, bu məbləğin 1 milyard dollara çatacağı gözlənilir.
Qeyri-müəyyənlik bölgədəki digər ölkələrlə ticarətə də təsir edib. Polşadakı bəzi alıcılar daşınmanın dayandırılmasını istəyib. Belarus, Moldova, Rumıniya kimi ölkələrlə ticarət zəifləyib. İş adamları bildiriblər ki, digər tərəfdən, rublun devalvasiyası səbəbindən rusiyalı alıcılar ödəniş etməkdə çətinlik çəkirlər, onlar köhnə məzənnə ilə ödəniş etmək istəyiblər. Əks halda tərəflər arasında ticarət əlaqələrinə son qoyulacağını bildiriblər.
İş adamlarından biri məlumat verib ki, mövsümün əvvəlində sifarişlər alıblar, mal dolu maşınlar yola çıxıb. Hazırda həmin malların taleyindən xəbər yoxdur. Tərəfdaşları ilə əlaqə saxlaya bilmirlər, kimi döyüşdə, kimi də sığınacaqdadır.
“30 ilə yaxındır Ukrayna ilə ticarət əlaqələrim var. İndi oradakı tərəfdaşlarımızdan pul istəyə bilmərəm, insanlar həyatlarını qurtarmağa çalışırlar, başlarına nə gələcəyini bilmirlər”, - iş adamı deyib.
Yüzminlərlə ayaqqabı sifarişi ləğv edildi
İstanbul Dəri və Dəri Məmulatları İxracatçılar Birliyinin rəhbəri Mustafa Şenocak isə yüzminlərlə ayaqqabı, dəri gödəkçə sifarişinin ləğv edildiyini açıqlayıb. Şenocak bildirib ki, dəri gödəkcə alveri rəsmi rəqəmlərdən ən azı 3 dəfə çoxdur.
Rusiyada türk brendlərinin mallarını satan 650-dən çox mağaza var. Birləşmiş Brendlər Assosiasiyasının prezidenti Sinan Öncel isə deyib ki, indiki halda ən böyük problem pul köçürmələri ilə bağlıdır. Xüsusilə gömrükdəki malların daşınması ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Məlumata görə, 2021-ci ildə Türkiyənin Rusiyaya geyim, tekstil və dəri məmulatları üzrə ümumi ixracı 718 milyon dollar, Ukraynaya isə 308 milyon dollar olub. Ancaq hesab edilir ki, gömrükdən keçən rəsmi ixracdan əlavə Laleli ve Osmanbey kimi ticarət mərkəzlərindən çamadanlarla daşınan malların həcmi rəsmi göstəricidən dəfələrlə çoxdur.(virtualaz.org)