Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barel olub.
Energetika Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 566,3 min barelini xam neft, 117,8 min barelini isə kondensat təşkil edib.
Beləliklə, Azərbaycan fevralda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 118% yerinə yetirib.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olması nəzərdə tutulurdu.