Ana Sayfa > Karusel / Gündəm > Ziyad Səmədzadə ilə bağlı ittihamlara cavab verdi

Ziyad Səmədzadə ilə bağlı ittihamlara cavab verdi


15-03-2022, 10:44. Yazar: Admin

 

Deputat Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadə yaşadığı evin keçmiş iş adamı İbrahim Zeynalov tərəfindən təmir etdirilməsi iddialarına cavab verib.

 

Qarabaginfo.az xəbər verir ki, bəstəkar “Yeni Müsavat”a göndərdiyi məktubda məlumatın həqiqətə uyğun olmadığını bildirib. O qeyd edib ki, evin torpaq sahəsini İbrahim Zeynalovdan alıb və özü tikdirib: “Torpaqların satışına da həmin bu adam vəzifəsinə görə başçılıq edib. 20 sot yer üçün o vaxt 2 min manat ödəmişəm. 2 min kimlərəsə çox balaca görünə bilər. O zaman mənim üçün çox pul idi. Evin təmirinə özüm rəhbərlik etdiyimdən bütün qaimələri saxlayıram və təmir üçün getdiyim bütün mağazaların ünvanını belə yadda saxlamışam - yəni mənim evimi kiminsə təmir etməsi ən absurd ifadədir.

 

“Villa” kimi təqdim olunan evin tikintisinə 2003-cü ildə başlamışam və tam təmirini 2015-ci ildə başa çatdırmışam. Nəzərinizə çatdırım ki, H.Əliyev sarayında 3 konsert vermişəm, konsert xərclərim və gəlirlərim mütəmadi sənədləşdirilib, 5 teatr və 3 film musiqilərindən aldığım qonorarlar da həmin dövrə aiddir. Nailiyyətlərim, yaradıcılığım, zəhmətim bahasına özümə, hər halda, bir ev tikmək imkanına malik ola bilərəm.

 

Evimin təmirində iştirakını iddia edən adam görəsən “bu qədər əliaçıqlığı ola-ola” torpağı niyə mənə bağışlamayıb, pulla satıb?

 

Təqdimata ehtiyac olmasa da atam Ziyad Səmədzadə Azərbaycanın böyük alimidir, dünya çapında adı keçən iqtisadçıdır, akademikdir. Həyatı, təcrübələri, peşəsi və paklığı onu heç zaman heç kimə möhtac etməyib və etməyəcək”.

 

Qeyd edək ki, İ.Zeynalov vaxtilə Ziyad Səmədzadə ilə ailəvi yaxın olduqlarını, onun qızı Aygün Səmədzadənin villasını təmir etdirdiyini bildirib. Keçmiş iş adamı iddia edir ki, Z.Səmədzadə onun qurduğu fabrikə şərik olmaq istəyib, lakin o etiraz edib. Buna görə də Z.Səmədzadənin əli ilə DTX tərəfindən həbs olunub.

 

Həbs olunduqdan sonra var-dövlətini və ailə üzvlərini itirən iş adamı hazırda Neftçalada vaqonda yaşayır.

 


Geri dön