Ana Sayfa > Karusel / İnfrastruktur > MM-in komitə sədri: "İrandan keçəcək kommunikasiya bağlantısı böyük perspektivə malikdir"

MM-in komitə sədri: "İrandan keçəcək kommunikasiya bağlantısı böyük perspektivə malikdir"


12-03-2022, 11:22. Yazar: Admin

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

 

“Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsir göstərib. Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya çıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək: “Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir. Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə İşçi qrup yaradılacaq. Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirirlər. Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb tərəflərin hökumətlərinə təqdim ediləcək. İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur”.

Parlamentin komitə sədri qeyd edib ki, bu Memorandum Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir: “Bu Memorandumla əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək bu yeni kommunikasiya yolu Azərbaycanın və partnyorlarının imkanlarını xeyli genişləndirəcək, hər-hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq. Bu sənədlə Azərbaycan Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını da alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlandı, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha əsaslı şəkildə düşünməlidir. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. İqtisadiyyat romantizmi sevmir, o praqmatizmə və dəmir məntiqə əsaslanır. Azərbaycanın iqtisadi siyasəti isə həm də Dəmir Yumruğa əsaslanır. Azərbaycan Prezidenti regional iqtisadi siyasətdə əsl peşəkar şahmat oyunu nümayiş etdirir. Ermənistan isə vəziri vurulmuş, vəzir olmağa çalışan piyada gedişləri ilə məşğuldur”.

T. Mirkişili 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazilərini geri qaytardığını və dövlət sərhədlərini bərpa etdiyini söyləyib: “Bu amil Azərbaycanın növbəti diplomatik triumfuna yol acdı və ölkəmiz eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Azərbaycan bununla öz planlarını reallaşdırdı, Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı. Yeni layihə böyük iqtisadi dividentlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Bu layihənin gerçəkləşməsində İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Memorandumun imzalanması Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmentinin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir”.


Geri dön